Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:04

Prezident seçkilərində təşviqat yerləri açıqlanıb


Seçki plakatı

Aprelin 11-də keçiriləcək prezident seçkilərində təşviqat aparmaq istəyən namizədlərə şəhər və rayonlarda 152 yer ayrıldığı bildirilir. Həmin yerlərin şəhər və rayon mərkəzlərində olduğu, açıq, qapalı məkanlardan ibarət olduğu deyilir.

AZƏRTAC xəbər verir ki, təşviqat yerləri «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq seçilib.

Xəbərə görə, təşviqat yerləri ölkənin 76 şəhər və rayonunu əhatə edir. Təşviqat aparıla biləcək ünvanların sayı 152-dir. Onlardan yarısı açıq, yarısı isə qapalıdır.

Təşviqat yerləri Bakının bütün rayonlarını əhatə edir. Məsələn, Binəqədi rayonunda seçicilərlə görüşmək istəyənlər Adil Məmmədov küçəsindəki 57 saylı binanın qarşısındakı mərasim evindən istifadə etməlidir.

Xətaidə H.Z.Tağıyev adına toxuculuq-tikiş kombinatının klubu, Xəzər rayonunda Şüvəlandakı mədəniyyət evi ayrılıb.

Səbail rayonunda seçicilərlə görüşməkdən ötrü iki yer - 20-ci yaşayış sahəsindəki Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Peşə Təhsil Mərkəzinin idman meydançası, Neftçilər döngəsi, 2 ünvanındakı mərasim evi ayrılıb.

Yerdə qalan təşviqat yerləri, əsasən, mədəniyyət, mərasim evləri, meydançalardır.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan indiyədək 7 nəfərin prezidentliyə namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı dövlət başçısı İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyası sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyevdir. «Cəbhəçilərin təşəbbüs qrupu»nun namizədi Razi Nurullayev, deputat Zahid Oruc və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də onların arasındadır.

Seçkiqabağı təşviqat martın 19-da başlayacaq. Seçkiyə bir gün qalmış başa çatacaq.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Eyni sözləri MSK sədri Məzahir Pənahov da dilə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG