Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Tatar dili dərslərinə görə direktor cərimələndi


Pavel Shmakov

Rusiyanın Tatarıstan regionunda özəl məktəb direktoru məcburi tatar dili dərslərini ləğv etmədiyinə görə cərimələnib.

Pavel Shmakov martın 13-də Facebook-da yazıb ki, bir gün öncə Kazanda məhkəmə onu 25 min rubl (440 dollar) cərimələyib.

Shmakov-un yazdığına görə, o, “tatar dilinin rus diliylə eyni səviyyədə tədrisi”nə görə 10 min rubl (176 dollar), məktəbdə “yeməkxana və idman zalının müvəqqəti yoxluğu”na görə 15 min rubl (264 dollar) cərimələnib.

Direktor qərardan şikayət verəcəyini, məcburi tatar dili dərslərini ləğv etmədiyinə görə daha çox problem gözlədiyini yazıb.

Shmakov aylardır Rusiya baş prokurorluğuyla mübarizə aparır. Qurum Tatarıstanda şagirdlərin tatar dilini öyrənməyə məcbur edilib edilmədiyini yoxlayır.

Rusiyada “etnik” regionlarda dil dərsləriylə bağlı gərginlik qalmaqdadır. Həmin regionlarda yerli, qeyri-rus etnik qruplar daha güclü təmsil olunur.

Rusiya prezidenti Vladimir Putin ötən iyulda deyib ki, milli azlıqların yaşadıqları regionlarda etnik ruslar yerli dilləri öyrənməyə məcbur edilir, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir. Putin həm də Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib.

Bu bəyanatdan sonra “etnik” regionlarda rusdilli valideynlər ruscadan başqa digər dillərin məcburi tədrisini ləğvini tələb ediblər.

Tatarıstanda, qonşu Başqırdıstan və Çuvaşiyada etiraz aksiyaları keçirilib. Bu regionlarda yerli dillər rus diliylə yanaşı dövlət statusuna malikdir.

Shmakov direktoru olduğu məktəbdə məcburi tatar dili dərslərini ləğv etməyəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG