Regionlarda vəziyyət, inkişafla bağlı rəsmi açıqlamalara şübhə, problemli kreditlərin həlli yolları və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Sözdə inkişaf...»
Azadliq.info saytında «Statistika Komitəsi iqtisadi inkişaf xəbərlərini təkzib etdi» sərlövhəli yazı oxumaq olar.
Yazıda iddia olunur ki, 2017-ci ildə ölkədə enerji istehlakına dair açıqlanan statistik rəqəmlərlə əvvəl verilən bəzi rəsmi bəyanatlar üst-üstə düşmür: «Məlumatların təhlili göstərir ki, 2017-ci ildə ölkədə 0.1 faiz iqtisadi inkişaf olması haqqında rəsmi dairələrin söylədikləri nağılmış. Bu nağılın real həyatla bağlantısı yox imiş. Dövlət Statistika Komitəsinin (DSK) enerji istehlak səviyyəsinə dair bu ilin fevral ayında yaydığı məlumatlardan məlum olur ki, 2017-ci il ərzində ölkə daxilində 20.9 milyard kVt/saat elektrik enerjisi, 10.1 milyard kubmetr təbii qaz, 3.8 milyon ton neft məhsulları istehlak olunub».
Daha sonra müəllif 2016-cı ildə ölkədə 21.6 milyard kVt/saat elektrik enerjisi, 10.4 milyard kubmetr təbii qaz, 4.2 milyon ton neft məhsulları istehlak olunmasına dair rəsmi statistik rəqəmləri nəzərə çatdırır: «Bu iki ilin göstəricilərini müqayisəyə gətirsək, məlum olar ki, 2017-ci ildə elektrik enerjisinin istehlakı 700 milyon kVt/saat (3.2 faiz), təbii qaz istehlakı 300 milyon kubmetr (3.3 faiz), neftayırma məhsullarının istehlakı isə 400 min ton və ya 8.9 faiz azalıb. Başqa sözlə, 2017-ci ildə ölkə iqtisadiyyatının enerjisi kəsilib, «havası», «suyu», «yeməyi» ixtisar edilib».
Müəllif bu səbəbdən 2017-ci ildə 0.1 faiz iqtisadi böyümə olması haqqında irəli sürülən rəsmi iddiaları əsassız sayır.
Yazıda iddia olunur ki, 2017-ci ildə ölkə iqtisadiyyatı daha da kiçilib və ÜDM-nin real səviyyəsi 2016-cı ildəki səviyyənin altına düşüb.
Problemli kreditlərlə bağlı ümid
«Yeni Müsavat» qəzetində «Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər» sərlövhəli yazı yer alır.
Yazıda bildirildiyinə görə, deputat Vahid Əhmədov deyib ki, əhali və banklar üzərində böyük yükə çevrilmiş problemli kreditlər məsələsinin həll olunacağına ümidlər artıb. Deputat 2018-ci il aprelin 1-nə kimi ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi məsələsinə də toxunub. V.Əhmədov vurğulayıb ki, prezidentin Milli Məclisə göndərdiyi sənəd faktiki 382 milyon manat borcun silinməsi deməkdir.
Yazıda daha sonra da vurğulanır ki, bu il fevralın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlər 1 milyard 695.9 milyon manatdır. Hüquqşünas Əkrəm Həsənov deyib ki, Novruz bayramı, Cümhuriyyətin 100 illiyi ərəfəsində belə bir addım atılarsa, təqdirlə qarşılanar: «Bu həm əhali, həm sahibkarlar, həm də bank sistemi üçün müsbət rol oyana bilərdi».
Ə.Həsənova görə, dövlət vətəndaşların banklar qarşısındakı borclarını bağışlayırsa, deməli, həmin vəsaitləri banklara özü verməlidir və bu pul dövlətdən çıxmalıdır.
Ekspert hesab edir ki, dövlətin bütün borcları bağışlayacaq qədər pulu yoxdur. Ə.Həsənov vurğulayıb ki, burada güzəştlərin tətbiq edilməsi məhz əhalinin xarici valyutada olan borclarına aid olmalıdır. Ekspert yaranmış məzənnə fərqinin üç tərəf arasında bərabər bölüşdürülməsi təklifini də dəstəkləyir: «Əksər borclular dollar kreditini 0.78 məzənnəsi ilə götürüblər, bu gün isə dollar 1.70 manatdır. Deməli, fərq 92 qəpikdir, yuvarlaq desək, 90 qəpik. Bu 90 qəpiyi üç bərabər hissəyə bölmək olar. Yaranmış zərərdən hər dollara görə 30 qəpiyini vətəndaş verməli, 30 qəpiyini dövlət banka kompensasiya etməli, qalan 30 qəpiyini isə bank öz üzərinə götürməlidir».
Amma Ə.Həsənov bildirir ki, dövlət bunu banklardan tələb edə bilməz, tövsiyə verə bilər. Onun fikrincə, prezident belə bir tövsiyə versə, banklar buna qarşı çıxmaz.
Ekspert vurğulayıb ki, vətəndaşın krediti qaytarmağa gücü yetmədiyi halda borcu tam silinə bilər.
«İnsanların kənddən şəhərə iş dalınca axınına son qoyulub»
«Azərbaycan» qəzetində «Regionlar irəli çıxır» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bölgələrin, qeyri-neft sektorunun inkişafına təkan verib: «Proqramların icrası ilə bölgələrin sosial-iqtisadi siması dəyişib, böyük infrastruktur layihələri həyata keçirilib, sənaye, emal, turizm və kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlayib. Yeni iş yerləri açılıb, insanların kənddən şəhərə iş dalınca axınına son qoyulub».
Yazıda vurğulanır ki, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan qərarlar konkret sahələr üzrə icra edilir, bu da səmərəliliyi artırır. Müəllif hesab edir ki, bütün hallarda iqtisadi inkişafın başlıca təminatı kapital qoyuluşudur.
Yazıda bildirilir ki, bölgələrə kapital qoyuluşu dövlətin diqqətindədir və investisiya xərclərində regionların sosial-iqtisadi inkişafına qoyulan vəsaitlər ilbəil artır: «Bu həm infrastruktur, həm sosial, həm də iqtisadi layihələrin həyata keçirilməsində özünü aydın göstərir. Təkcə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası üçün bölgələrə milyard manatlarla dövlət vəsaiti xərclənir. Bununla yanaşı, regionların maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından da vəsait cəlb edilir».
Yazıda iddia olunur ki, son 14 il ərzində ölkədə 1.9 milyon iş yeri yaradılıb, onlardan da 1.4 milyonu daimidir.