Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:20

'Bayram yarmarkalarında bazar qiymətləri...'-Media icmalı


Bakıda Novruz yarmarkası. 2016
Bakıda Novruz yarmarkası. 2016

Ölkədə təhsilə diqqət, kənd təsərrüfatı məhsulları yarmarkalarında qiymətlərdən narazılıq, hökumətin manatla bağlı siyasəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Şəhər sakinləri yarmarkalarda belə qiymət gözləmirdilər»

«Exo» qəzetində «Kənd təsərrüfatı yarmarkaları Bakı sakinlərini məyus etdi?» sərlövhəli yazı oxumaq olar.

Müəllif bayram yarmarkalarında məhsulların qiymət və keyfiyyətini Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla müzakirə edib.

Yazıda bildirilir ki, Novruz bayramı münasibətilə Bakı və Sumqayıtda növbəti dəfə kənd təsərrüfatı yarmarkaları təşkil edilib. Yarmarkaların piştaxtalarına müxtəlif məhsullar çıxarılıb. Müəllifin vurğulamasına görə, yarmarkaya çıxarılan məhsulların bir elə də alıcıları yoxdur. «Səbəb də budur ki, ərzaq mallarının qiymətləri sözün əsl mənasında yerli sakinləri məyus edib», - deyə AİB sədri E.Hüseynov «Exo» qəzetinə bildirib.

Ekspert xatırladıb ki, məmurlar yenə də yarmarkalarda qiymətlərə nəzarətin gücləndiriləcəyi vədi veriblər, amma buna tam əməl olunmayıb.

E.Hüseynovun deməsinə görə, yarmarkalara çıxarılan məhsulların əksəriyyətinin qiyməti başqa satış məntəqələrindən bir elə də fərqlənmir: «Bu yarmarkalar alıcıları təkcə mal çeşidi çoxluğu ilə yox, həm də məhsulların əlverişli qiymətləri ilə cəlb etməlidir. Bakıda isə hər şey başqa cürdür. Şəhər sakinləri belə qiymət gözləmirdilər».

QHT rəhbəri deyib ki, bu prosesi inzibati üsullarla tənzimləmək mümkün deyil. Onun fikrincə, burada çıxış yolu prosesə daha çox fermer cəlb etməklə bazarda rəqabət mühiti yaradılmasındadır.

Manat/Dollar
Manat/Dollar

«İdxal artıb, dollara tələbat yüksəlib...»

Azadliq.info saytında «Manatın başının üzərində yenidən qara buludlar dolaşır» sərlövhəli yazı yer alır.

Yazıda iqtisadçı-ekspert Qubad İbadoğlu Mərkəzi Bankın məzənnə siyasətini dəyərləndirir. Onun fikrincə, Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasəti aparır və manatın başı üzərində yenidən qara buludlar dolaşır: «2017-ci ildə Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib. Onun 12 milyard 290 milyon 658 min dollarını və ya 88.98 faizini xam neft, neft məhsulları, qaz və elektrik enerjisi təşkil edib. Bu ixrac məhsulları, əsasən, dövlət təşkilatları vasitəsilə xaricə göndərilib».

İqtisadçı Dövlət Gömrük Komitəsinə istinadən vurğulayıb ki, 2017-ci ildə Azərbaycana 8 milyard 782 milyon 7 min ABŞ dolları məbləğində mal idxal olunub: «Bunun da 7 milyard 103 milyon 481 min ABŞ dolları özəl bölmənin payına düşüb. Burda hesablamalara yekun vursaq görərik ki, özəl bölmə ötən il ixracdan 4.8 milyard ABŞ dolları qazandığı halda, idxala 7.1 milyardlıq ABŞ dolları valyuta xərcləyib».

Ekspert açıqlayıb ki, 2018-ci ildə durum fərqlidir. İki aylıq son rəsmi məlumata görə, ölkədə həm idxal və həm də valyutaya tələbat artıb. Q.İbadoğlunun bildirməsinə görə, bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə valyutaya tələbatda 119.8 milyon, idxalda isə 479.5 milyon dollar artım var: «Əgər bu temp davam edərsə, valyuta bazarında yenidən gərginlik yaranacaq. Ötən ilin məlumatları da göstərdi ki, ölkədə valyutaya tələbat may-iyun və oktyabr-dekabr aylarında daha yüksək olur».

Q.İbadoğlu deyib ki, ötən ay valyuta satışı göstəricisi keçən ilin uyğun dövrünə nisbətən 41 faizə qədər yüksəlib: «Bununla belə, Mərkəzi Bank manatın dollara məzənnəsini sabit saxlayır. Bu onu təsdiq edir ki, Azərbaycanda manatın məzənnəsi yenə də təhlükəli qaydada, inzibati vasitələrlə sabit saxlanılır».

İ.Əliyev Bakıda yeni məktəbin açılışında
İ.Əliyev Bakıda yeni məktəbin açılışında

«Təhsilə yüksək diqqət»

«Azərbaycan» qəzetində «Təhsilə yüksək diqqət və qayğı müsbət nəticələrini verir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, yeni müstəqillik tarixində Azərbaycanın inkişaf konsepsiyasının mühüm tərkib hissəsini məhz təhsil sektoru təşkil edir: «Ulu öndər Heydər Əliyevin «cəmiyyət təhsilsiz inkişaf edə bilməz» kimi yanaşması fonunda bu mühüm sahə dövlət siyasətinin prioritet prinsipləri sırasına daxil edilib».

Müəllif iddia edir ki, həmin siyasəti indi prezident İlham Əliyev də davam etdirir: «Prezident İlham Əliyev dövrün çağırışlarına uyğun olaraq, təhsil sisteminin yeni, daha yüksək səviyyəyə çatdırılması, keyfiyyət göstəricilərinin artırılması istiqamətində uğurlu fəaliyyətin müəllifinə çevrilib».

Yazıda xatırladılıb ki, dövlət başçısı İ.Əliyev təhsillə bağlı bir sıra sənədlər imzalayıb və bu sırada 2013-cü ildə qəbul edilən «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» xüsusi əhəmiyyət kəsb edir.

Yazıda daha sonra bu istiqamətdə Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərindən bəhs edilir: «Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilməsinə start verilən «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində isə Azərbaycanın ən müxtəlif regionlarını əhatə etməklə 100-lərlə yeni məktəb binası istifadəyə verilib».

XS
SM
MD
LG