Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 10:15

Xədicə İsmayılın yaxınının da polisə çağrıldığı deyilir


X.İsmayıl

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın bacısı qızı Elmira Rəhimovanın polisə çağrıldığı bildirilir.

Bu haqda X.İsmayılın özü məlumat verib. Onun deməsinə görə, E.Rəhimovanı martın 7-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrıblar. Rəhimovanın polisdə bir saatadək sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı deyilir.

X.İsmayıl bildirib ki, yaxınına polisdə Binəqədi rayonu ərazisində baş verən oğurluq hadisələri və ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar veriblər. Ancaq onun fikrincə, polisə çağırılma müxalif siyasi qüvvələrin keçirməyə hazırlaşdıqları mitinqlə bağlıdır.

Binəqədi Rayon Polis İdarəsindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Milli Şura və Müsavat Partiyası mitinq keçirməyə hazırlaşır. Bundan ötrü şəhər rəhbərliyinə də müraciət olunub. Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də müxalif fəalların polisə çağrıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına don geydirməyə çalışır.

Xatırlatma

Dövlət başçısı İ.Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam verib. Seçkilər bu il aprelin 11-nə təyin edilib.

15-ə yaxın şəxs prezidentliyə namizədliyini irəli sürüb. Onlardan indiyə kimi yalnız hazırkı dövlət başçısı İ.Əliyevin namizədliyi qeydə alınıb.

Bəzi müxalif qüvvələr Milli Şura, Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirlər və onun boykot edilməsi ilə bağlı qərar veriblər.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Prezident bir neçə dəfə ölkədə sərbəst toplaşmaq azadlığının da qorunduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG