Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 10:06

“Zəhərli nağıllar” – siyasi motivli zəhərləmələr


Sofiyada Georgi Markov-un heykəli, 2014-cü il
Sofiyada Georgi Markov-un heykəli, 2014-cü il

Hələ qədim zamanlardan zəhərləmə siyasi düşmənlərin aradan qaldırılmasında üstünlük verilən metodlardan olub. Tarixçilər hələ də Kleopatra, Napoleon, yaxud Böyük İsgəndərin bu yolla öldürülməsi versiyası üzərində baş sındırırlar. Hazırda Britaniyada keçmiş rusiyalı ikili casusun xəstəxanaya yerləşdirilməsində də zəhərlənmə izi, onun “naməlum maddə”nin təsirinə məruz qalması versiyası ətrafında spekulyasiyalar dolaşır. “Fans Pres” agentliyi beş məşhur zəhərləmə, yaxud buna cəhdin siyahısını hazırlayıb.

Çətirli bolqar

1978-ci ildə, Soyuq Müharibənin pik vaxtında bolqar dissident Georgi Markov BBC Dünya Xidmətində növbədən çıxıb evə qayıtmaq üçün avtobus gözləyirmiş. Birdən o, budunda kəskin ağrı hiss edir və çönərək bir kişinin çətirini yığdığını görür. Üç gün sonra Markov ölür. Çoxları onun risinlə doldurulmuş, çətirdən atılmış zəhərli iynəylə öldürüldüyünü düşünür.

Ölümündən sonra aparılmış ekspertiza dissidentin içində 0,2 milliqram risin olan kiçik iynəylə öldürüldüyü qənaətinə gəlib. Risin sianiddən 6 min dəfə güclüdür və duz dənəciyindən böyük olmayan hissəsi ölümə səbəb olur.

Bu cinayət işinin üstü hələ də açılmayıb.

VX-lə zəhərləmə

Bu yaxınlarda törədilmiş daha bir zəhərləmə hadisəsi isə Soyuq Müharibə dövrünün trilleri qədər tükürpədicidir. Şimali Koreya lideri Kim Jong-Un-un qardaşı günün günorta çağı zəhərli maddəylə qətlə yetirilir.

Vyetnamlı Doan Thi Huong Kim Jong Nam-ın ölümündə şübhəli bilinir
Vyetnamlı Doan Thi Huong Kim Jong Nam-ın ölümündə şübhəli bilinir

Kuala Lumpur Beynəlxalq Aeroportunda iki qadın Kim Jong-Nam-a hücum edir. CCTV qadınların onun üzünə nəsə atdığını göstərir. O, özündən gedir, xəstəxanaya çatdırılanadək dünyasını dəyişir.

Autopsiya bu halda VX adlı sürətlə təsir göstərən, respirator və ürək çatışmazlığı yaradan zəhərdən istifadə olunduğunu ortaya qoyub, maddənin izləri qurbanın üzündə, gözlərində aşkarlanıb. Bu zəhərin də cüzi hissəsi adamı öldürməyə qadirdir.

“Üç nəfərlik zəhərli çay”

2006-cı il noyabrın 1-də Rusiyanın keçmiş gizli agenti Alexander Litvinenko

Londonda oteldə Rusiyadan iki tanışıyla mümkün biznes imkanlarının müzakirəsi üçün görüşür. 43 yaşlı Litvinenko dərhal xəstələnir. Sonradan onun içinə Polonium-210 maddəsi qatılmış çay içdiyi üzə çıxdı. Nadir və bahalı radioaktiv izotop olan polonium Rusiyada hazırlanır.

Alexander Litvinenko
Alexander Litvinenko

Məşəqqətli ağrılarla keçən üç həftədən sonra o, Londonda dəfn olunur, radiasiya sızmasını önləməkdən ötrü tabutu qurğuşunla örtülür.

Britaniyada aparılmış təhqiqata görə, Rusiya prezidenti Vladimir Putin-in keçmiş casus qətlinə “xeyir-dua verdiyi görünür”. Moskva isə bu qənaəti “zarafat” adlandırıb.

Litvinenko-nun qətli Britaniyada ictimai qəzəb doğurub, çünki Londonda müxtəlif yerlərdə radioaktiv maddə izləri aşkarlanıb. Media bunu dünyada ilk “nüvə terroru” adlandırıb.

Eybəcərləşdirən dioksin

Viktor Yushchenko Ukraynanın prezidenti olmaq üçün moskvapərəst rəqibi Viktor Yanukovich-lə qızğın seçki rəqabəti apardığı bir vaxtda bərk xəstələnir. Bu, 2004-cü ilin sentyabrında baş verir. Avstriya klinikasında aylarla davam edən müayinələrdən sonra belə bir qənaətə gəlindi ki, o, böyük miqdarda dioksin udub.

Viktor Yushchenko
Viktor Yushchenko

Müalicə həkimi onun bədənindəki dioksinin normadan 1000 dəfə çox olduğunu deyib. Yushchenko sağ qaldı, amma sifəti şişkinləşdi, çopurlaşdı, zəhəri bədənindən çıxarmaq üçün İsveçrədə mütəmadi müalicə keçməli oldu. O, sonralar dioksinin Rusiyada bir zavodda hazırlandığını iddia elədi.

Zəhərlənmiş fələstinli

İsrailin Mossad xüsusi xidmətinin agentləri özlərini kanadalı turistlər kimi təqdim edərək Hamas qruplaşmasının siyasi bürosunun rəhbəri Khaled Meshaal-a hücum edir, İordaniyanın paytaxtı Əmmanda onun qulağına naməlum zəhər tökür.

Khaled Mishaal
Khaled Mishaal

Meshaal komaya düşür. İordaniya polisi isə hücum edən iki nəfəri saxlayır. Qəzəblənmiş Kral Hussein İsraildən tələb edir ki, agentlərini geri istəyirsə, zəhərə qarşı antidotu versin. Baş nazir Benjamin Netanyahu əvvəlcə imtina etsə də, sonra antidotu verir, Hamas-ın dini lideri Sheikh Ahmad Yassin-i də həbsdən buraxmalı olur.

XS
SM
MD
LG