Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:20

Magistratura imtahanında yüksək bal toplayanlar azalıb


İmtahan

2018-ci il magistr olmaq məqsədilə qeydiyyatdan keçən bakalavrların sayı 12 min 387 nəfər olub.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il magistr olmaq istəyənlərin sayı azalıb. 2017-ci il bu məqsədlə 13 min 81 bakalavr müraciət edib.

Bu il qeydiyyatdan keçən, ancaq imtahana gəlməyənlərin sayı da çoxalıb . Ötən il birinci mərhələdə iştirak etməkdən ötrü qeydiyyatdan keçən bakalavrlardan 109-u, bu il isə 146-sı imtahana gəlməyib.

İmtahanlara gəlməyənlərin sayı iki il əvvəl daha artıq olub.

İmtahanların təhlili yüksək bal toplayanların azaldığını göstərir. Ötən il imtahan iştirakçılarının 57.99 faizi 51 və daha yuxarı bal toplayıb. Ancaq bu il həmin göstərici 49.73 faizə düşüb.

Bu il 41 və daha yuxarı bal toplayanların faiz göstəricisi də ötən ilki ilə müqayisədə aşağıdır. Bu il imtahan verənlərin 77.67 faizi 41-dən artıq bal toplayıb. Ötən il isə eyni göstərici 81.64 faiz olub.

Xatırlatma

DİM ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına fevralın 25-də imtahan keçirib.

Qurumun məlumatına görə, 12 min 387 bakalavrın iştirakı nəzərdə tutulsa da, onlardan 146-sı imtahana gəlməyib.

İmtahanların birinci mərhələsində ən yüksək nəticə 95 bal olub. Toplanılması mümkün olan balların maksimum həddi 100 idi.

Müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələyə - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır. Bundan ötrü bakalavrlar mayın 7-dən 17-dək elektron yolla bitirdikləri ixtisasa uyğun qəbul proqramını seçib təsdiq etməlidir.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 3-də keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG