Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Rusiya ABŞ-ın enerji siyasətinə “müdaxiləyə çalışıbmış”


İllüstrativ foto
İllüstrativ foto

Rusiyalı əməliyyatçılar Birləşmiş Ştatların enerji hasilatına pəl vurmağa çalışıblar, bundan ötrü sosial mediada minlərlə mesaj yerləşdirərək ətraf mühit fəallarını dəstəkləyiblər. Söhbət neft-qaz layihələrinə qarşı kampaniya aparan fəallardan gedir. “Reuters” agentliyi yazır ki, bu haqda respublikaçı konqresmenlər dünən – martın 1-də hesabat yayıblar.

Məsələn, Facebook və Instagram-da Dakota kəmərinə qarşı çıxan etirazçının real fotosu yerləşdirib, altında isə rusiyalı əməliyyatçıların yazdığı mətn verilir: “Amerikalılar 500 ildən çoxdur yerli amerikalılardan oğurlayırlar”.

9 MİNDƏN ÇOX POST ARAŞDIRILIB

Konqresmenlərin hesabatında 2015-2017-ci illərdə Twitter, Facebook və Instagram-da yerləşdirilmiş 9 min 100 post araşdırılıb və Sankt Peterburqda yerləşən İnternet Araşdırmaları Agentliyinə bağlılığı aşkarlanıb. Bu agentlik sosial mediada Rusiya təbliğatını yayan trol maşını kimi tanınır.

Fevralın 16-da ABŞ-da ittiham irəli sürülən 3 şirkət arasında bu agentlik də yer alıb. İttihamları Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə mümkün müdaxiləsini araşdıran xüsusi müşavir irəli sürüb. Amma Moskva müdaxilə iddialarını danır.

Donald Trump birinci xanım Melania Trump
Donald Trump birinci xanım Melania Trump

On üç rusiyalıya da ittiham verilib, məhkəmə sənədində onların “ABŞ siyasi sisteminə narazılıq səpmək kimi strateji məqsədləri” olduğu bildirilir.

Respublikaçı konqresmen, Nümayəndələr Palatasında elm komitəsinin rəhbəri Lamar Smith deyib ki, rusiyalılar ABŞ-ın enerji hasilatıyla bağlı ziddiyyət yaratmaqdan faydalanırlar. Çünki prezident Donald Trump administrasiyası Avropaya neft və təbii qaz ixracını genişləndirməyə çalışır. Rusiya isə bu bazarın əsas enerji təchizatçıdır.

Demokratlar və ətraf mühit fəalları isə respublikaçıları seçkiyə müdaxiləyə deyil, enerji siyasətinə diqqət ayırdığına görə tənqid edib.

Rusiyanın Vaşinqtondakı səfirliyindən, hələlik, məsələyə münasibət açıqlanmayıb.

“ENERJİ SİYASƏTİNİ DƏYİŞMƏK MÜMKÜNSÜZDÜR”

“Amerika xalqının sosial mediada gördükləri, ölkənin enerji siyasətinə zərbə vurmağı hədəfləyən xarici qüvvənin işidirsə, bunu bilməlidir”, – Smith deyib.

Hesabat Twitter-dən alınan informasiyaya əsasən yazır ki, İnternet Araşdırmaları Agentliyinin atdığı tvitlərin 4 faizindən çoxu enerji və ətraf mühit məsələlərinə bağlı olub. Tvitlərin 8 faizi isə seçkilər barədə imiş.

Enerji və xarici siyasət üzrə mütəxəssisin deməsinə görə, bu postların ABŞ-ın enerji bazarlarına təsirinin böyük olmadığı görünür.

Sosial media kampaniyası vasitəsiylə ABŞ-ın enerji siyasətini dəyişmək mümkünsüzdür”, – Georgetown Universitetinin professoru Brenda Shaffer deyib.

Trump seçki kampaniyası ilə Rusiyanın mümkün əlaqələrini araşdıran təhqiqatları siyasi “əcinnə ovu” adlandırıb.

Demokratiyamızın təməlinə bəlli müdaxiləni gözardı edərək Rusiyanın ABŞ-ın hazırda çiçəklənməkdə olan enerji bazarına müdaxiləsinə fokuslanmaq ən yaxşı halda məsuliyyətsizlikdir”, – elm komitəsinin aparıcı demokrat üzvü Eddie Bernice Johnson söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG