Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

'TIR-lar gömrükdədir, çıxarda bilmirik…'-Media icmalı


Gömrük
Gömrük

Azərbaycanın iqtisadi imkanları, ət idxalının artması, sahibkarların ölkəyə mal gətirməsində yaşadıqları problemlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Sahibkar mal gözləyir

Marja.az saytında «Karqo böhranı dərinləşir- sahibkarlar malsız qalıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, iş adamlarının Azərbaycana mal gətirməsi sahəsində problemlər yaranıb. Müəllif vurğulayır ki, bu barədə onlara «Binə» Ticarət Mərkəzində topdansatış ilə məşğul olan mağaza sahibləri bildiriblər.

Yazıda qeyd edilir, iş adamları bunun səbəbini dəqiq izah edə bilmirlər.

«Bir aydan çoxdur ki, mal gətirə bilmirik. Azərbaycana karqo daşımaları ilə məşğul olan ən böyük şirkətlər «Polar Kargo» və «Şah Kargo» şirkətləridir. Bu şirkətlər də mal qəbul etmirlər. Öncə 1 kq mal üçün 5 dollar ödəniş istədilər, sonradan sifarişdən imtina edərək malları gətirə bilməyəcəklərini dedilər», - deyə iş adamlarından biri vurğulayıb.

Yazıda bildirilməsinə görə, sahibkarlar yaranan problemin səbəbini bazarda gəzən şayiəyə əsasən izah ediblər. Onlar deyiblər ki, indi hər kəs malı öz adına gətirməli, gömrükdə rəsmiləşdirməli, ödəmələri də özləri həyata keçirməlidir. Yazıda vurğulanır ki, bu halda sahibkarlar əlavə vəsait itkilərinə məruz qalacaqlarını söyləyirlər.

Bir sahibkar isə «Polar Kargo» şirkətindən 28 gündür mal gözlədiyini deyib:

«Şirkətə dəfələrlə müraciət etmişəm. Şirkətdən isə deyiblər ki, «TIR-lar hamısı gömrükdədir, çıxarda bilmirik». Fərdi olaraq verdiyim sifariş isə 28 gündür gömrükdədir».

Müəllif «Şah Kargo» şirkəti ilə əlaqə saxlayıb. Yazıda vurğulanır ki, uzun-uzadı israrından sonra ona heç bir problem olmadığı, əvvəlki qiymət və qaydada sifarişləri qəbul etdikləri cavabı verilib.

Müəllif xatırladır ki, Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən «Polar Kargo» şirkətindən bir müddət öncə qiymətlərin qalxa biləcəyinə işarə vurulmuşdu. Yazıda qeyd edildiyinə görə, şirkət bildirmişdi ki, Azərbaycanda gömrük rəsmiləşdirilməsindən ötrü yeni qaydada ödənişlər tələb edilir, bu səbəblə karqo qiymətlərinin qalxacağı gözlənilir.

Qoyunlar
Qoyunlar

İribuynuzlu- və xırdabuynuzlu heyvanlar azalıb

«Novoye Vremya» qəzetində «Qida təhlükəsizliyi təhlükə altındadır?» sualı gündəmə daşınır.

Yazıda ölkədə qida təhlükəsizliyinin vəziyyəti müzakirə edilib.

Müəllif bildirir ki, 2017-ci ildə Azərbaycana Ukraynadan qida məhsulları idxalı artıb:

«Azərbaycana bu ölkədən ət idxalı 2.7 dəfə artaraq, pul ifadəsində 37.8 milyon dollar təşkil edib. Bu isə Ukraynanın ümumi ət ixracının 7.1 faizi deməkdir».

Müəllif bu məsələ ilə Dövlət Statistika Komitəsinin ölkədə iribuynuzlu- və xırdabuynuzlu heyvanların azalması ilə bağlı məlumatları arasında bir əlaqə görür.

Yazıda ət idxalının artması, əvəzində isə heyvan-qaranın azalması qida təhlükəsizliyinə zərbə kimi dəyərləndirilir:

«İstənilən halda ölkənin istehlak bazarının asılılıq faizinin artması ilkin olaraq qida təhlükəsizliyinə zərbə, əhalinin yerli ət istehsalı ilə təmin olunması siyasətinin iflasa uğraması deməkdir. Hələ bu idxal edilən ətin keyfiyyətinin bütün normalara uyğun olub-olmaması da kiçik məsələ deyil».

Yazıda vurğulanır ki, postsovet dövründə Azərbaycan özünü ətlə təmin etməklə yanaşı, Türkiyə və İrana ət ixrac edirdi. İndi isə müəllifin fikrincə, keyfiyyətli ət qıtlığı özünü həm regionlarında, həm də Bakı və Sumqayıt kimi şəhərlərdə göstərir.

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Regionun gücü

«Azərbaycan» qəzetində «Regionun iqtisadi gücü» sərlövhəli yazıda ölkənin iqtisadi imkanları dəyərləndirilir.

Yazıda bildirilir ki, 2014-cü ilin sonlarından neftin qiymətinin azalması Azərbaycan iqtisadiyyatının inkişafına risklər yaradıb. Müəllifin fikrincə, bundan irəli gələrək ölkənin tərəqqisi naminə qeyri-neft sahəsinin inkişafı sürətləndirilib.

Yazıda vurğulanır ki, qeyri-neft sahəsində islahatlar uğurlu olub:

«Belə ki, ölkəmizdə uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına xüsusən 2005-ci ildən sonra qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib. Sosial rifah yaxşılaşdırılıb, dövlətin balansında olan aktivlər artıb və ÜDM-nin həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılıb».

Müəllifə görə, neftin qiymətinin 3 dəfəyədək aşağı düşməsinə baxmayaraq, Azərbaycan bu sınaqdan üzüağ çıxıb:

«Təbii ki, yeni iqtisadi islahatların bir qismi maliyyə sektorunu əhatə etdi. Yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edildi».

Yazıda vurğulanır ki, son illər valyuta ehtiyatlarının artması inkişafın göstəricisidir.

Müəllif xatırladıb ki, son 15 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, bu müddətdə ölkə iqtisadiyyatı 3.2 dəfə artıb:

«Ölkədə 30 elektrik stansiyası tikilib, qazlaşdırmanın səviyyəsi 93 faizə çatıb, 4 yeni su anbarı, 7 hava limanı, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikilib...».

XS
SM
MD
LG