Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

Slovakiyada araşdırmaçı jurnalist niyə öldürülüb


Jan Kuciak-ın xatirəsinə şamlar yandırılır
Jan Kuciak-ın xatirəsinə şamlar yandırılır

Ötən bazar günü – fevralın 25-də Slovakiyada jurnalist Jan Kuciak nişanlısı Marina Kusnirova ilə birlikdə yeni aldıqları evdə ölü tapıldı. 27 yaşları vardı, hər birini bircə gülləylə qətlə yetirmişdilər. Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP yazır ki, bu hadisə Slovakiyada jurnalistləri sarsıdıb. Son vaxtlar ölkənin aparıcı siyasətçiləri müstəqil jurnalistlərə açıq düşmənçilik sərgilədiklərinə görə tənqid olunurdular, amma ilk dəfədir işiylə əlaqədar jurnalist qətlə yetirilir.

QORXULU MÖVZU

Polisin məlumatına görə, bu ölümlər Kuciak-ın araşdırmalarına cavab sayıla bilər. Yerli mediada Kuciak-ın onu hədələmiş yerli biznesmen, yaxud korrupsioner hökumət rəsmiləri tərəfindən hədəfə alınması barədə spekulyasiyalar dolaşır.

Kuciak həm OCCRP, həm Çexiya Araşdırmaçı Jurnalistika Mərkəzi (CCIJ), həm də İtaliya Araşdırmaçı Jurnalistika Layihəsi (IRPI) üçün çalışırmış. Araşdırdığı mövzu da xeyli təhlükəliymiş: dünyanın ən güclü və qorxulu kriminal qruplarından olan Ndrangheta mafiyasının Slovakiyaya nüfuz etməsini araşdırırmış.

Slovakiya qəzetləri jurnalistin ölümündən yazır
Slovakiya qəzetləri jurnalistin ölümündən yazır

Ndrangheta Avropanın kokain bazarında dominant mövqe tutur, silah qaçaqçılığı, dövlət tenderlərinin saxtalaşdırılması, korrupsiya, hədə-qorxu gəlmə, pul qoparma, ətraf mühitlə bağlı cinayətlərə də baş vurub. 2013-cü ilin iyununda dərc edilmiş İtaliyada Mütəşəkkil Cinayətkarlıq üzrə Avropol Təhdid Qiymətləndirilməsi adlı hesabatda belə deyilir.

Kuciak-la həmkarları araşdırmanı bitirməyib deyə, OCCRP və jurnalistin çalışdığı Aktuality.sk onu hələ dərc etməyib. Qətlə yetirilməmişdən öncə o, İtaliya polisinin aşırı təhlükəli saydığı adamlar barədə informasiya toplayırmış.

Qətlindən sonra araşdırmasının mövzusu ortaya çıxdı. OCCRP və Aktuality.sk indi Kuciak-ın yarımçıq yazısını indi dərc edir və onun üzərində işləmiş jurnalistlərə təhlükəni azaltmaq istədiyini bildirir.

MODEL HƏM DƏ BİZNESMENMİŞ

Kuciak-la həmkarları 27 yaşlı Maria Troskova-nın Slovakiya baş naziri Robert Fico tərəfindən assistent kimi işə götürülməsini araşdırmağa başlayıblar. Vaxtilə Dünya Gözəli müsabiqəsinə qatılmış model siyasi təcrübədən olmadan işə götürülüb. Amma baş nazirin mətbuat departamenti onun nə iş gördüyünü, hökumətdə hansı vəzifə tutduğunu açıqlamayıb. Sonradan Troskova-nın 42 yaşlı italyan Antonino Vadala-nın biznes tərəfdaşı olduğu ortaya çıxır. O, hazırda Slovakiyada yaşayır, ölkənin şərqində kənd təsərrüfatı şəbəkələrinin sahibidir.

Amma Vadala təkcə mühacir sahibkar deyilmiş. 2017-ci ilin martında İtaliyanın antimafiya prokurorları uzun araşdırmadan sonra yeddi nəfər barəsində həbs orderi çıxarırlar. Polis Latın Amerikasından İtaliyaya kokain qaçaqçılığıyla məşğul olan beş Ndrangheta ailəsinin izinə düşür. Hələ də davam edən bu araşdırmada Antonino Vadala-nın adı potensial yeni kokain brokeri kimi çəkilir, onun həbsdəki həmkarlarını əvəzlədiyi bildirilir.

Baş nazir Robert Fico
Baş nazir Robert Fico

Jurnalistlərin onun qrupla əlaqəsinin daha dərinə getdiyini aşkarlayıblar. Onun uşaqlığı doğma şəhəri olan Bova Marinada keçib, sonra ailə üzvləriylə birlikdə Slovakiyaya mühacirət edib. Bu şəhər təkcə gözəlliyinə görə deyil, Vadala klanına görə də tanınıb. Tanınmış Ndrangheta ailəsi sayılan bu klan, məhkəmə sənədlərinə görə, kokain ticarətinə nəzarət zamanı azı 25 qətlə görə məsuliyyət daşıyır, Kolumbiyanın narkotik karteliylə birbaşa əlaqələri var.

Klanın bossu Domenico Vadala-dır, amma Antonino Vadala-nn onunla sıx ailə bağı yoxdur.

16 İL QABAQ BARƏSİNDƏ İTTİHAMLAR OLUB

16 il öncə İtaliya polisi onu digər – Libri-Zindato klanından bir nəfərin gizlədilməsinə bağlılığını aşkarlayıb. 2001-ci ildə polis Antonino Vadala ilə Libri-Zindato-nun bossu Francesco Zindato arasında telefon söhbətini izləyir, onlar bir narkotik qaçaqmalçısını Vadala-nın Bova Marinadakı evində gizlətməyi götür-qoy ediblər. Sonradan həmin qaçaqmalçının killer olduğu ortaya çıxıb.

12 nəfərlə birlikdə Vadala-nn da həbsinə order çıxarılır, onlar narkotik qaçaqçılığı, oğurluq, pul qoparma, qanunsuz silah saxlama maddələriylə ittiham olunurlar. Adamlardan bəziləri saxlanır, həbsə məhkum edilir. Amma artıq Slovakiyaya köçmüş Vadala həbsdən canını qurtarır, ona qarşı ittihamlar da sonradan ləğv olunur.

Vadala-nın saxlanmasına kömək etdiyi narkotik qaçaqçısının adı Domenico “Mico” Ventura idi. O, Bova Marinaya qaçıb gizlənir. 2012-ci ildə klanın başqa bir üzvünü güllələdiyini göstərən video yayılır. O, ömürlük həbsə məhkum edilir.

Jurnalistlər Vadala barədə əlavə informasiya, eləcə də Troskova-nın onunla baş nazirin ofisi arasında mümkün əlaqə yaradıb-yaratmamasını araşdırırmışlar. Amma... Jan Kuciak qətlə yetirilir.

Noyabrda jurnalistlər Vadala-nın vəkiliylə əlaqə saxlayırlar, amma o, məsələyə hər hansı şərh verməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG