Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:13

'Bəzi audit şirkətləri fəaliyyətini dayandırır'-Media icmalı


Banklar niyə bağlanır?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Banklar niyə bağlanır?

İnformasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, bəzi bank filiallarının, audit şirkətlərinin fəaliyyətlərini dayandırması və başqa bir sıra məsələlər medianın aparıcı mövzularındandır...

«Banklar, filiallar bağlanır, maaşlar azalır...»

«Exo» qəzetində «Banklar Azərbaycan regionlarında filiallarını bağlayırlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycan banklarının filiallarının sayı azalır. Müəllif mövzunu ekspertlərlə müzakirə edib:

«Bu meyl 2018-ci ildə də davam edəcək. Bəzi banklar əlavə xərclərdən yaxa qurtarmaq üçün filiallarını əhəmiyyətli dərəcədə azaldıblar. İndi bank sektorunda 30 iştirakçı var. Amma o qədər də uzaq olmayan vaxtlarda bu bankların sayı 45 idi. 2014-cü ildə bank filiallarının ümumi sayı 752 idisə, 2017-ci ilin sonunda 509 endi. Yəni, 4 il ərzində 243 bank filialı bağlandı».

Ekspertlər baş verənləri ölkənin bank strukturunun durumunun pisləşməsinin göstəricisi kimi dəyərləndiriblər.

Mütəxəssislər vurğulayıblar ki, filialların bağlanması həm də işçilərin ixtisarı anlamına gəlir:

«Əgər 2016-cı ildə bank sektorunda 16947 nəfər çalışırdısa, 2017-ci ilin sonuna onların sayı 16131 nəfər olub. Xərclərin optimallaşdırılması siyasəti həm də ixtisara düşməyən əməkdaşların əmək haqlarını azaldır və bu meyl 2015-ci ildən start götürüb».

Yazıda vurğulanır ki, ölkədə maliyyə «təlatümləri» başlanana qədər bank ofisləri durmadan artırdı. Ekspertlərə görə, xüsusilə regionlarda filiallar bağlanır. Onların fikrincə, buna səbəb paytaxtla müqayisədə regionlarda dövriyyənin əhəmiyyətli dərəcədə aşağı olmasıdır:

«Bankların gəlirləri aşağıdır, ona görə də izafi xərcləri optimallaşdırmaq siyasəti ya ixtisar etmək, ya filialları birləşdirməyə vadar edəcək. Üstəlik, indiki informasiya texnologiyaları filiallara tələbatı azaldır».

Audit
Audit

Audit şirkətləri fəaliyyətlərini niyə dayandırırlar

Marja.az saytında «Azərbaycanda audit ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmir» sərlövhəli yazı yer alır.

Müəllif fəaliyyətini dayandıran «Analitik Audit» Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Elbrus Niftəliyevlə audit sahəsində ölkədəki durumu müzakirə edib.

«Qanunvericiliyə əsasən, bir sıra qurumlar məcburi auditdən keçməlidirlər. Bu tələb yerinə yetirilmir. Auditdən mütləq keçməli olan şirkətlər və qurumlar var. Lakin həmin şirkətlər qanunvericiliyin tələbini pozaraq auditdən keçmirlər», - deyə E.Niftəliyev bildirib.

E.Niftəliyev həmçinin deyib ki, qanunvericiliyə edilən dəyişikliyə görə, auditdən keçməyən qurumlara inzibati cəriməni yazmaq hüququ Maliyyə Nazirliyinə verilib. O vurğulayıb ki, Maliyyə Nazirliyinin bu prosesi izləyərək hansı qurumun auditdən keçib-keçmədiyini müəyyənləşdirməsi çətin olacaq. Onun fikrincə, nazirlik rəy tələb etdiyi halda şirkət təcili bir ucuz rəy alacaq.

E.Niftəliyev deyib ki, bir çox hallarda audit rəyləri şirkətlər dərin yoxlamalardan keçirilmədən, çox aşağı qiymətlərə təqdim olunur: «Amma biz belə bir fəaliyyət istəmirik, bu səbəbdən də fəaliyyətimizi dayandırdıq».

E.Niftəliyev vurğulayıb ki, Azərbaycanda əksər şirkətlər auditin əhəmiyyətini başa düşmürlər və ya onlara audit lazım deyil.

Fəaliyyəti dayandırılan audit şirkətinin keçmiş rəhbəri hesab edir ki, Auditorlar Palatasında islahatlar aparılmalı, bu sahənin tənzimlənməsinə müasir baxışlı kadrlar cəlb edilməlidir.

Yazıda iddia olunur ki, audit sahəsindəki problemlərdən irəli gələrək, artıq 13 şirkət fəaliyyətini dayandırmağa məcbur olub.

Hakerlər
Hakerlər

İnformasiya təhlükəsizliyinin önəmi

«Azərbaycan» qəzetində «Milli Rəqəmsal Yaddaş layihəsi uğurla icra olunur» sərlövhəli yazı dərc edilib.

Müəllif müasir dövrü informasiya əsri kimi xarakterizə edir:

«Hazırda müharibələr də ilk olaraq informasiya ilə başlayır. İnformasiya müharibəsində üstün olanın hərbi qarşıdurmada da üstün olacağı hər kəsə bəllidir. Bütün bunlara görə ölkələr informasiya siyasətinə, informasiya təhlükəsizliyinə daha çox diqqət ayırmağa çalışırlar. Demək olar ki, dünyada informasiya təhlükəsizliyi mövzusu getdikcə prioritet olmağa başlayıb».

Müəllif Azərbaycanda da bu istiqamətdə işlər görüldüyünü bildirərək, prezident İlham Əliyevin «İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında» fərmanı ilə yeni mərhələ başlandığını vurğulayır.

Yazıda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və dövlət qurumlarından ötrü 7 əsas bölmədən ibarət İnformasiya Təhlükəsizliyi Kitabxanasının yaradılması bu sahədə ciddi dönüş sayılır:

«Nəzərə alsaq ki, ölkəmiz Ermənistanla müharibə şəraitindədir, erməni lobbisi və onun dəstəkçilərinin təbliğat maşını tərəfindən yalan informasiya yayılır, o zaman bu amilə diqqət ayırmağın nə qədər vacib olduğu təsdiqini tapır».

Müəllif hesab edir ki, indiki zamanda informasiyanın istehsal, yayımı ilə yanaşı, əhəmiyyətli olanlarının toplanıb qorunması da vacibdir. Onun fikrincə, Mərkəzi Elmi Kitabxana (MEK) ölkənin informasiya təhlükəsizliyi və təbliğat siyasətinə ciddi töhfə verir.

XS
SM
MD
LG