Noyabrın 19-da Tehranda Azərbaycan səfirliyi qarşısında 50-yə yaxın adam Rafiq Tağının «Sənət» qəzetində yazdıqlarına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Azərbaycan Respublikasının Nəsimi Rayon Məhkəməsi oktyabrın 15-də Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlu haqqında 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Rafiq Tağıya qarşı Azərbaycanın Cinayət Məcəlləsinin 281.1-milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlər maddəsi ilə cinayət işi başlanıb. O, «Sənət» qəzetində dərc olunmuş «Avropa və biz» yazısında Məhəmməd peyğəmbəri təhqir etməklə düşmənçilik yaymaqda ittiham olunur. Həmin yazı dərc olunandan sonra Bakının Nardaran kəndində bir qrup dindar mitinq keçirib Rafiq Tağını ölümlə hədələmişdilər.
Rafiq Tağı isə sözügedən məqalədə təhqir deyil, sərt ifadələr olduğunu, bunun da emosiyalara təsir etdiyini bildirmişdi. «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu isə bir neçə gün əvvəl «Avropa və biz» məqaləsinə görə müsəlmanlardan üzr istəmişdi.