Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 16:08

Həcc ziyarətində müqavilədə bəzi şərtlər...


Məkkə

«Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlarla Qafqaz Müsəlmanları İdarəsi arasında müqavilə bağlanır. Artıq bu neçə ildir ki, belə davam edir».

Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən vurğulayıblar ki, sənəd verən zəvvarlar sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər də orada yer alır. Əgər zəvvar ziyarətə 3 ay qalmış bundan imtina etsə, pulunu tam məbləğdə geri alır.

«İki ay qalmış ziyarətə getməkdən imtina etsə, bu, 50 faizə enir. Bir ay qalmış fikrini dəyişsə isə, pulunun 25 faizi qaytarılır», - deyə idarədən bildiriblər.

Azərbaycanda Həcc missiyasını Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Bu il fevralın 12-dən Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanıb. Verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14-i, 15-i və 16-da baş tutacaq. Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-nə planlaşdırılıb.

Bu il Həcc xərclərinin artdığı açıqlanıb. Hazırda ziyarət adambaşına 4150 dollardır. Ötən il ziyarət zəvvarlara 3580 dollara başa gəlmişdi.

Xatırlatma

2017-ci il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb.

Son illər ölkədə Həcc ziyarətinə gedənlərin sayının azaldığı bildirilir. Hətta ötən il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, 2016-cı il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Bu il isə kvotada azalma gözlənilmir.

«Ölkədən nə qədər zəvvar getmək üçün müraciət edəcəksə, o qədər də zəvvar ziyarətə gedəcək. İyun-iyul aylarına kimi sənəd qəbulu davam edəcək», - deyə QMİ-dən bir müddət öncə bildirmişdilər.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu ilin avqustuna təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG