Dünya xəbərləri
Şimali Koreya Pence ilə görüşü təxirə salıb
Bu ay ABŞ-ın vitse-prezidenti Mike Pence Cənubi Koreyada Qış Olimpiya oyunları çərçivəsində Şimali Koreya rəsmiləriylə görüşməliydi. Amma Pxenyan son anda görüşü təxirə salıb. Bunu ABŞ rəsmiləri fevralın 20-də bildirib. Görüş keçiriləcək rəsmilər içində Şimali Koreya lideri Kim Jong Un-un bacısı da varıydı.
Pence Pxençxanda açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edib. Şimali Koreya yarışlara atletlərini göndərib, nümayəndə heyəti bacısının başçılığıyla gedb. Tərəflərin görüşə biləcəyi ilə bağlı spekulyasiya dolaşırdı.
“Şimali Koreya vitse-prezidentin yumşaq mesaj verəcəyinə ümid edərək görüş ideyasını ortaya atmışdı, belə bir görüş onlara Olimpiya zamanı təbliğat imkanı verərdi”, – Pence-nin idarə rəhbəri Nick Ayers deyib.
Amma Pence Şimali Koreyada insan haqları pozuntularını pisləyib, yeni iqtisadi sanksiya planlarını açıqlayandan sonra “görüş fikrindən əl çəkdilər, bəlkə də heç vaxt bu barədə səmimi deyildilər”, – Ayers söyləyib.
“Onların bu fürsəti qaçırmasından təəssüflənirik”, – Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib.
Şimali Koreya isə məsələylə bağlı, hələlik, şərh verməyib.
Bütün xəbərləri izləyin
Türkmənistan 'Şimal-Cənub' nəqliyyat dəhlizini genişləndirir
Türkmənistanda Qaraboğaz qəsəbəsini Qazaxıstan sərhədi ilə birləşdirən 44 kilometrlik avtomobil yolu açılıb. Yeni yol beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsidir.
Açılış mərasimi noyabrın 4-də keçirilib. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov mərasimə videobağlantı vasitəsilə start verib.
Yeni yol Türkmənbaşı-Qaraboğaz-Qazaxıstan sərhədi avtomobil magistralının bir hissəsidir. Orient.tm nəşri bu yolun Qazaxıstan sərhədinə birbaşa çıxışı təmin etdiyini yazır.
Ümumi uzunluğu 207 kilometr olan Türkmənbaşı-Qaraboğaz avtomobil magistralının tikintisinə 2025-ci ilin noyabrında başlanılıb. Digər hissələrdə isə tikinti işləri davam edir.
S.Berdiməhəmmədov elə həmin gün Aşqabad-Daşoğuz yolunun təməlqoyma mərasimində də iştirak edib. Uzunluğu 550 kilometr olacaq bu magistral da "Şimal-Cənub" dəhlizinin bir hissəsinə çevrilməlidir.
"Şimal-Cənub" nəqliyyat dəhlizinə dair beynəlxalq sazişi 2000-ci il sentyabrın 12-də Rusiya, Hindistan və İran imzalayıb. Saziş 2002-ci ilin mayında qüvvəyə minib. Layihə Cənubi Asiya, Fars körfəzi ölkələri, Rusiya və Avropa arasında yükdaşımalar üçün alternativ marşrutun yaradılmasını nəzərdə tutur. Məqsəd Süveyş kanalı üzərindən keçən dəniz marşrutu ilə müqayisədə daşınma müddətini və xərclərini azaltmaqdır.
Sonradan bu sazişə Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan və Türkiyə qoşulub. Türkmənistan isə layihənin iştirakçısına 2023-cü ildə çevrilib.
Bu nəqliyyat şəbəkəsi dəmir yolu, avtomobil və dəniz marşrutlarını birləşdirir və üç əsas istiqaməti əhatə edir: Azərbaycan üzərindən keçən qərb marşrutu, Qazaxıstan və Türkmənistandan keçən şərq marşrutu, həmçinin Rusiya və İranın Xəzər limanlarından istifadə etməklə formalaşan transxəzər marşrutu.
Ərdoğan Zelenski ilə danışıqlardan sonra Putinlə danışmaq istədiyini bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü – noyabrın 7-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Ərdoğan bundan sonra Ukraynadakı müharibəni bitirmək yollarını müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bildirib.
O, jurnalistlərə deyib ki, xarici işlər naziri Rusiya və Ukrayna təmsilçilərinin Türkiyədə mümkün görüşünü təşkil etmək məqsədilə hər iki tərəflə danışıqlar aparır.
ABŞ-nin birinci xanımı Melaniya Trampın isə bu gün – noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyi gözlənilir. "Reuters" agentliyinin məlumatına görə, Rusiyanı bu tədbirdə prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev təmsil edəcək və o, ABŞ administrasiyasının rəsmiləri ilə görüşlər keçirəcək.
Ağ Evin yaydığı bəyanata görə, M.Tramp Rusiyanın işğalı altında olan Oleşki qəsəbəsi ətrafında altı günlük lokal atəşkəslə bağlı çıxış edəcək. O, bu atəşkəsin əldə olunmasında şəxsən vasitəçilik edib.
Bu səfərdən öncə – noyabrın 3-də Konqresə keçirilən aralıq seçkilərində demokratlar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər.
Kreml bildirib ki, Respublikaçılar Partiyasının məğlubiyyətinə baxmayaraq, Trampın sülhə nail olmaq səylərini davam etdirəcəyinə ümid bəsləyir.
Noyabrın 10-da isə ABŞ, Rusiya və Ukrayna rəsmiləri Əbu-Dabidə üçtərəfli görüş keçirəcəklər.
Rusiyanın Kamışevaxaya zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb
Rusiyanın Ukraynanın Kamışevaxa qəsəbəsinə zərbəsindən həlak olanların sayı 37-yə çatıb. Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin məlumat verib. Onun sözlərinə görə, hadisə yerində axtarış-xilasetmə işləri hələ də davam edir.
Ukrayna prezidenti Volodimir Zelenskinin bir gün əvvəl bildirdiyinə görə, dağıntılar altında daha 50-yə yaxın insan qala bilər.
Rusiya Kamışevaxaya noyabrın 2-si axşam saatlarında zərbə endirib. Zelenski bildirib ki, ilk hava zərbəsindən sonra təkrar hücum həyata keçirilib və əraziyə daha doqquz bomba atılıb.
Semikinin dediyinə görə, məktəbə və sığınacağa zərbə məhz insanların humanitar yardım aldığı vaxt endirilib.
“FAB-3000 təxminən bir ton yarım partlayıcı maddə daşıyan üç tonluq aviasiya bombasıdır. Bu silah möhkəm beton istehkamları və bunkerləri dağıtmaq üçün istifadə olunur. Birbaşa zərbədən sonra yeraltı mərkəzin beton konstruksiyası çöküb. Həmin anda orada dinc sakinlər olub. Onlar yardım almağa gəlmişdilər", – deyə Semikin vurğulayıb.
+++
Noyabrın 2-də Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə Rusiyanın bomba zərbələrindən azı 26 nəfər həlak olub. Ukrayna rəsmiləri çox sayda insanın yaralandığını da bildirirlər. Dağıntılar altında qalanların olduğu xəbər verilir. Bu barədə məlumatı noyabrın 2-də axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski paylaşıb.
Bundan əvvəl Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti 24 nəfərin həlak olduğunu bəyan etmişdi. Yaralanan və itkin düşənlərin sayı olduqca çoxdur. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Yerli hakimiyyət orqanları səhər saatlarında Kamışevaxaya zərbə endirildiyini və bir nəfərin həlak olduğunu açıqlamışdı. Zelenskinin noyabrın 2-də axşam yaydığı məlumata əsasən, ilk zərbənin ardınca təkrar hücum reallaşdırılıb və daha doqquz bomba atılıb. Zelenski bildirib ki, zərbələr humanitar yardım paylanan və insanların sığındığı məktəb binasına endirilib.
"Rusiyalılar Kamışevaxada qalan sakinlərin hər həftə məhz həmin məkanda humanitar yardım aldıqlarını bilməyə bilməzdilər", –Zelenski yazıb. O əlavə edib ki, Oleşkidəki humanitar əməliyyatdan sonra sülhə doğru addımların atılacağını gözləmək olardı, amma Rusiya "tamamilə əks siqnal verir".
Rusiya hərbçiləri zərbələr və çox sayda dinc sakinin həlak olması barədə məlumatları hələlik şərh etməyiblər.
Kamışevaxa cəbhə xəttinin yaxınlığında yerləşir və mütəmadi olaraq atəşə tutulur.
Oleşkidən 800 nəfər çıxarılıb
Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində atəşkəs oktyabrın 27-dən noyabrın 1-dək qüvvədə olub və "sükut rejimi" artıq başa çatıb. Bunu Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib.
Rusiya qoşunlarının işğalı altında olan Oleşkidə yerli əhali ərzaq çatışmazlığı şəraitində, aclıq həddində yaşayırdı. Atəşkəs ABŞ-nin Birinci ledisi Melaniya Trampın vasitəçiliyi ilə əldə olunub. O, X hesabında missiyanın uğurla başa çatdığını və 800-ə yaxın insanın təxliyə edildiyini yazıb. "Ümid edirəm ki, Oleşkidə əldə olunan nəticə iki ölkə arasında sülh üçün əsas olacaq", – M.Tramp əlavə edib.
Oleşkidən çıxarılmış mülki sakinlər şənbə günü – oktyabrın 31-də Ukraynaya qayıdıblar. Əvvəlcə onları Rusiyanın Anapa şəhərinə aparıb, oradan təyyarələrlə Belarusa, daha sonra isə avtobuslarla Ukrayna ərazisinə çatdırıblar. Şəhər sakinlərinin bir qismi isə Rusiyaya getmək istədiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya hərbçiləri humanitar fasilədən öz mövqelərini möhkəmləndirmək, bölmələrinin rotasiyasını aparmaq, logistika imkanlarını genişləndirmək, o cümlədən döyüş sursatı daşımaq üçün istifadə ediblər.
Dünyanın ən böyük kripto oğurluğu: 'Binance'dan 6.3 milyard dollar oğurlanıb
Hakerlər dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"dan 6.3 milyard dollar oğurlayıblar. "Reuters" agentliyinin məlumatına görə, analitiklər bu rekord məbləğdə oğurluğun arxasında Şimali Koreyanın dayandığını bildirirlər. Onların fikrincə, bu hadisə rəqəmsal aktivlərə olan etimadı ciddi şəkildə sarsıda bilər.
Bu xəbərin ardınca kriptovalyutaların qiymətində kəskin eniş qeydə alınıb.
"Binance" vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırıb və dəymiş ziyanı qarşılayacağını açıqlayıb. "Tether" və "Circle" kimi steyblkoin emitentləri, eləcə də ABŞ prezidenti Trampın dəstəklədiyi "World Liberty Financial" platforması oğurlanmış aktivlərin təxminən yarısını qısa müddətdə dondura biliblər.
ABŞ və Cənubi Koreya rəsmiləri, eləcə də kibertəhlükəsizlik ekspertləri bildirirlər ki, Şimali Koreya illərdir dövlətə bağlı kiberbölmələrdən casusluq, maliyyə oğurluqları və gəlir əldə olunması məqsədilə geniş yararlanır.
Şimali Koreya bu ittihamları qəti şəkildə rədd edir. Ölkənin Cenevrədəki nümayəndəliyi və Çindəki səfirliyi isə "Reuters"in şərh sorğularını cavabsız qoyub.
"Binance" istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu, oğurlanmış aktivlərin bir hissəsini dondurmaq üçün tərəfdaşları ilə birlikdə işlədiyini bəyan edib. İndiyədək təxminən 3 milyard dollarlıq aktivin yeri müəyyənləşdirilib və birja növbəti 48 saat ərzində vəsaitlərin çıxarılması xidmətini bərpa etməyi planlaşdırır.
Qalan 3.3 milyard dolların taleyi ilə bağlı isə hələlik heç bir məlumat verilməyib.
"Binance"in ilkin araşdırmasına əsasən, haker hücumu şirkət mühəndislərindən birinin noutbukunun sındırılması ilə başlaya bilərdi. Bununla da şirkətin daxili sistemlərindən birinə giriş əldə edilib və icazəsiz vəsait çıxarma əməliyyatları həyata keçirilib.
İspaniyada iki qatar toqquşub, onlarla insan həlak olub
Oktyabrın 28-də İspaniyanın Toledo şəhəri yaxınlığında iki sürət qatarı toqquşub, azı 64 nəfər həlak olub.
Faciə Madrid-Əndəlüs yüksəksürətli dəmir yolu xəttinin Urda şəhərindən keçən hissəsində qeydə alınıb. Bu, son bir ildən də az müddətdə həmin xətdə baş verən ikinci ölümcül qəzadır.
Belə ki, bu il yanvarın 18-də ölkənin cənubunda – Kordova vilayətinin Adamus şəhəri yaxınlığında relsdən çıxan sürət qatarı qarşıdan gələn digər qatarla toqquşmuşdu. Həmin vaxt 46 nəfər həlak olmuş, 120-dən çox insan isə xəsarətlər almışdı. Hazırda hadisə ilə bağlı istintaq aparılır. İlkin hesabatda qəzaya əsas səbəb kimi dəmir yolu xəttindəki və relslərdəki qüsurlar göstərilib.
Ümumiyyətlə, İspaniyada əvvəllər də böyük itkilərlə nəticələnən qatar qəzaları qeydə alınıb. Məsələn, 2013-cü ilin yayında ölkənin şimal-qərbində yerləşən Santyaqo-de-Kompostela şəhəri yaxınlığında səkkiz vaqonlu sürət qatarı kəskin döngədə relsdən çıxaraq beton divara çırpılmış və alışmışdı. O vaxt 80 nəfər həlak olmuş, 145 nəfər yaralanmışdı.
2004-cü il martın 11-də isə Madridin şəhərətrafı "Cercanias" dəmir yolu şəbəkəsinə aid dörd qatarda çantalara yerləşdirilmiş 10 bomba partladılıb. Bu terror aktı nəticəsində 193 nəfər həlak olub, minlərlə insan yaralanıb. Hücumları İspaniyanın İraq müharibəsində iştirakına etiraz edən radikal islamçılar törədiblər.
Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT
Ukrayna gömrük yoxlamalarını sərhəddən Polşa və Slovakiyanın ərazilərinə keçirmək üçün bu ölkələrlə danışıqlar aparır. Məqsəd taxıl ixrac edən yük maşınlarını Rusiyanın dron hücumlarından qorumaqdır. Bu barədə oktyabrın 22-də "The Financial Times" (FT) məsələdən məlumatlı mənbələrə istinadən yazıb.
Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev artıq Moldova ilə birgə sərhəd nəzarəti məntəqələri yaradıb və bu təşəbbüsü Polşa da daxil olmaqla digər qonşu ölkələrin ərazisində də reallaşdırmaq istəyir.
Nazirliyin sözçüsü Heorhi Tıxı FT-yə bildirib ki, bu addım "Rusiyanın sərhədlərimizə qəsdən zərbələr endirdiyi yeni təhlükəsizlik şəraiti" ilə bağlıdır Onun sözlərinə görə, Kiyev Polşa ilə razılaşmanı "mümkün qədər tez" yekunlaşdırmaq istəyir.
Avropa Komissiyası bildirib ki, Moldovaya bütün sərhəd gömrük yoxlamalarını öz ərazisində keçirməyə kömək edir.
Avqust ayından bəri Ukrayna Rumıniya, Moldova və Polşa ilə sərhəd-keçid məntəqələrinə çoxsaylı hücumlar qeydə alıb. Nəticədə sərhədlər boyunca yük maşınlarının uzun növbələri yaranıb.
Ukrayna Gömrük Xidməti bu həftə bildirib ki, Volın vilayətindəki sərhəd-keçid məntəqələrindən birində 1200-dən çox yük maşını Ukraynaya daxil olmaq üçün növbə gözləyir.
Rusiyada böyük yoxlama: Təkcə Moskvadan 6 min 500 miqrant qovuldu
Oktyabrdan etibarən Sankt-Peterburqda miqrantların patent əsasında işləməsinə qoyulan qadağalar daha da genişləndirilib. Şəhərdə reydlər keçirilir, polis miqrantları kütləvi şəkildə saxlayır və onlara hərbi komissarlıqlara çağırış vərəqələri paylanır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsinin rəsmi məlumatına görə, oktyabrın 1-dən 10-dək "Qanunsuz miqrant-2026" (Neleqal-2026) əməliyyatının ikinci mərhələsi keçirilib. Yalnız Moskva vilayətində 6 min 500 əcnəbi ölkədən məcburi qaydada çıxarılıb, 18 min 600 miqrantın isə Rusiyaya girişinə qadağa qoyulub. Ümumilikdə miqrasiya qanunvericiliyinin 16 mindən çox pozulması faktı aşkarlanıb.
Cəza tədbirlərinin təkcə miqrantlara deyil, həm də işəgötürənlərə tətbiq olunduğu bildirilir. Əcnəbilərin əməyindən qanunsuz istifadə edən işəgötürənlər barəsində təxminən 2 min 400 inzibati protokol tərtib edilib.
Pravda.ru yazır ki, ötən həftə Sankt-Peterburqda polis cümə namazı vaxtı məscidlərin ətrafındakı əraziləri mühasirəyə alaraq insanların sənədlərini yoxlayıb. Şahidlərin bildirdiyinə görə, bəzi şəxslərə hərbi komissarlıqlara çağırış vərəqələri də təqdim edilib.
Saxarov mükafatının qalibləri açıqlanıb
Avropa Parlamenti akademik Andrey Saxarov adına "Fikir azadlığı" mükafatını Beynəlxalq Cinayət Məhkəməsinə (BCM), həmçinin İran və Tanzaniyadan olan müxalifətçilərə verib. Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat yayıb.
Ağ ev hələ iki həftə əvvəl BCM-yə qarşı sanksiyalar tətbiq etmişdi. Bundan əvvəl isə Vaşinqton məhkəmənin ayrı-ayrı hakimlərini və prokurorlarını sanksiya siyahısına salmışdı.
Mükafatın digər qalibləri Tanzaniyadan olan siyasətçi və antikorrupsiya fəalı Tundu Lissu, eləcə də İran rejiminə qarşı etirazlarda iştirak etdikləri üçün təqib olunan 21 yaşlı əkiz bacılar — Təranə və Rominə Rəhimidir.
Tanzaniya parlamentinin keçmiş deputatı olan Lissu 2017-ci ildə sui-qəsddən sağ çıxıb. Həmin vaxt 16 güllə yarası alan siyasətçi ölkəni tərk etmək məcburiyyətində qalıb. 2023-cü ildə geri qayıdanda isə dövlətə xəyanətdə ittiham olunub. Onu bu ittihamla ölüm cəzası gözləyir. Hazırda həbsdə olan Lissu Tanzaniya müxalifətinin əsas simalarından biri hesab edilir.
Rəhimi bacıları 2026-cı ilin yanvarında həbs olunublar. Təranə "Allaha qarşı müharibə aparmaq" ittihamı ilə ölüm cəzasına məhkum edilib, Rominəyə isə 25 il həbs cəzası verilib. Fəallar hazırda İsfahandakı Dövlətabad həbsxanasında saxlanılırlar.
Polşada aborta görə cəzalar qismən ləğv edilir
Polşa Seymi abortla bağlı qanunvericiliyi yumşaldan iki qanun layihəsini təsdiqləyib. "Onet" nəşrinin məlumatına görə, deputatlar abortun qismən dekriminallaşdırılmasını və döldə ağır inkişaf qüsurları aşkarlandığı hallarda hamiləliyin dayandırılması hüququnun bərpasını dəstəkləyiblər. Hazırda Avropada bu sahədə ən sərt qanunvericiliklərdən biri məhz Polşadadır.
Birinci qanun layihəsi abort etdirmək istəyən hamilə qadına kömək göstərilməsinə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutur. Hazırda buna görə 3 ilədək həbs cəzası düşür.
Hamiləlik qadının sağlamlığına ziyan vurduqda, yaxud uşağın ağır qüsurlu doğulma riski olduqda, həkimlər aborta görə cinayət məsuliyyəti daşımayacaqlar.
Cinayət Məcəlləsinə dəyişikliyin lehinə 217, əleyhinə 213 deputat səs verib, 3 nəfər isə bitərəf qalıb.
İkinci qanun layihəsi döldə ağır patologiyalar aşkarlandığı hallarda hamiləliyin dayandırılmasına icazə verir. Bu layihəni 233 deputat dəstəkləyib, 203 deputat əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.
Bu təşəbbüs Polşa Konstitusiya Tribunalının 2020-ci il oktyabrın 22-də çıxardığı qərarın fəsadlarını aradan qaldıracaq. Həmin qərarla döldə ağır inkişaf qüsurları səbəbindən abort edilməsi konstitusiyaya zidd sayılmışdı.
Bu qərar 2021-ci ildə qüvvəyə mindikdən sonra aborta yalnız iki halda icazə verilirdi: qadının sağlamlığı təhlükə altında olduqda və hamiləlik təcavüz nəticəsində baş verdikdə.
2023-cü ilin sonunda hakimiyyətə gələn baş nazir Donald Tuskun liberal "Vətəndaş Koalisiyası" abortla bağlı qanunvericiliyi yumşaltmağı vəd etmişdi. Amma bu islahatlar mühafizəkar siyasi qüvvələrin müqaviməti və hakim koalisiya daxilindəki fikir ayrılıqları ilə üzləşib.
Seymin qəbul etdiyi layihələr hələ növbəti mərhələlərdən də keçməlidir. Aşağı palatadakı səsvermə yeni qaydaların dərhal qüvvəyə minməsi demək deyil.
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv etdiyini bildirib
ABŞ Dövlət Departamentinin oktyabrın 20-də yaydığı məlumata əsasən, prezident Donald Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib.
Dövlət Departamenti avqustun 10-da 2025-ci ilin yanvarından, yəni Trampın ikinci dəfə prezident postuna keçməsindən bəri 175 mindən çox vizanın ləğv olunduğunu bildirmişdi. Dünən açıqlanan rəqəm isə son həftələrdə vizaların ləğvi prosesinin sürətləndiyini göstərir.
Tramp immiqrasiyaya qarşı sərt tədbirlərin və deportasiya kampaniyasının ölkənin daxili təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını deyir. Hüquq müdafiəçiləri isə bu tədbirlərin söz azadlığı hüquqlarını pozduğunu bildirirlər.
Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsindəki paylaşımında Tramp administrasiyasının tarixdəki bütün administrasiyalardan "daha sürətlə və daha çox" vizanı ləğv etdiyini yazıb.
Hüquq müdafiəçiləri bəzi şəxslərin vizalarının ləğv olunmasını tənqid edirlər. Bu sırada ABŞ-nin müttəfiqi İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyalarında iştirak edən fələstinyönlü əcnəbilər var. Mühafizəkar şərhçi Çarli Kirkin qətli ilə bağlı sosial şəbəkələrdəki şərhlərinə görə bəzi xarici vətəndaşların vizalarının ləğvi də birmənalı qarşılanmayıb.
Tramp administrasiyası immiqrantların və viza üçün müraciət edən şəxslərin sosial şəbəkədəki fəaliyyətini indi daha sərt şəkildə yoxlayır.
Paşinyan protokol xidmətinin rəhbərini işdən çıxarıb: Japarovu 'Qazaxıstan prezidenti' adlandırmışdı
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da protokol xidmətinin rəhbərini vəzifəsindən azad edib. Paşinyan iki gün əvvəl Yerevanda Qırğızıstan prezidenti Sadır Japarovla görüşərkən onun ölkəsinin adını səhv salmışdı.
Danışıqlardan sonra mətbuat üçün bəyanat oxuyan Paşinyan: "İlk növbədə, Qazaxıstan prezidenti Sadır Japarovu Ermənistanda bir daha salamlamaq istərdim", – deyə bildirib.
Hökumət protokol xidmətinin rəhbəri Qagik Vanoyanın işdən çıxarılma səbəbini açıqlamayıb. Buna görə də bu addımın Paşinyanın diplomatik səhvi ilə bağlı olub-olmadığı hələlik məlum deyil.
Vanoyan dörd il idi ki, bu xidmətə rəhbərlik edirdi.
Japarov ötən həftə Ermənistanda keçirilən Bioloji Müxtəliflik üzrə COP17 Konfransında iştirak edib. BMT-nin təşkil etdiyi bu forumun açılışına Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də daxil olmaqla, daha üç xarici dövlət və hökumət başçısı qatılıb.
Separatçı Puçdemona İspaniyaya qayıtmağa icazə verilib
İspaniya Ali Məhkəməsi oktyabrın 19-da Kataloniya vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemonun həbsinə dair orderi ləğv edib. Vaxtilə Kataloniyanın İspaniyadan ayrılmasını müdafiə edən Puçdemon doqquz illik mühacirətdən sonra vətəninə qayıda biləcək.
İspaniya hakimiyyəti 2017-ci ildə, Puçdemon Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirəndən sonra onun həbsi barədə order çıxarmışdı. Referendum iştirakçılarının 90 faizindən çoxu müstəqilliyə səs versə də, Madrid bu səsverməni qanunsuz elan etmiş, Puçdemon və bir sıra kataloniyalı siyasətçilər isə qiyamda ittiham olunmuşdular.
Həmin vaxt İspaniyadan qaçan Puçdemon doqquz ildən çox Avropanın digər ölkələrində, əsasən də Belçikada yaşayıb. 2024-cü ildə o, gözlənilmədən İspaniyaya gələrək çoxsaylı tərəfdarları qarşısında çıxış edib. Lakin polis onun ölkəyə necə daxil olduğunu və sonradan oradan necə uzaqlaşdığını müəyyənləşdirə bilməyib.
Həmin il İspaniyada hökumət dəyişikliyindən sonra Kataloniyanın ayrılmasını dəstəkləyən bir çox siyasətçi və fəal üçün amnistiya elan olunsa da, bu qərar Puçdemona və onun hökumətinin iki nazirinə – Luis Puç və Toni Kominə şamil edilməmişdi. Ali Məhkəmənin son qərarı isə onların hər üçünü cinayət təqibindən azad edir.
Puçdemon dəfələrlə bəyan edib ki, barəsindəki cinayət təqibinə xitam verilərsə, İspaniyaya qayıdacaq. O, Kataloniyada yenidən aktiv siyasətə qoşulmaq ehtimalını da istisna etməyib.
Albaniyada etirazlar: Baş nazir Rusiya və İranın əli olduğunu bildirdi
Albaniyada kütləvi etiraz aksiyaları artıq altıncı gündür ki, davam edir. Etirazlar zamanı polislə toqquşmalar, zorakılıq halları və yanğınlar baş verir. Ölkənin baş naziri Edi Rama bildirib ki, ölkə rəhbərliyi etirazların qızışdırılmasında Rusiya və İranın əli olduğunu düşünür.
"Özlərini təbiəti qorumağa çalışan albanlar kimi təqdim etmək üçün on minlərlə saxta profil yaradılıb və bu profillərdən fəal istifadə olunub. Terrorçu İran Respublikası da minlərlə belə profildən istifadə edib", – deyə Rama bunun təsadüf olmadığını vurğulayıb.
Albaniyanın baş naziri bundan əvvəl Rusiyanın da etirazlarda mümkün iştirakından danışmışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə onu öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb.
Mayda Albaniyada, Zvernets sahil mühafizə zonasında lüks turizm kompleksinin tikintisi planlarına qarşı "Flaminqo inqilabı" şüarı ilə etirazlar başlayıb. Sonradan etirazçılar korrupsiyaya, iqtisadi bərabərsizliyə və ölkənin sol-mərkəzçi hökumətinin yürütdüyü siyasətə qarşı çıxmağa başlayıblar.
Oktyabrda tələbələrin də aksiyalara qoşulmasından sonra etirazlar yenidən güclənib. Təşkilatçılar buna səbəb kimi təhsil haqlarının yüksək olmasını, universitetlərdəki pis şəraiti, korrupsiyanı və iş tapmaq perspektivlərinin olmamasını göstəriblər.
Oktyabrın 13-də polislə baş verən ilk toqquşmalardan sonra təşkilatçılar hərəkatın əsas məqsədinin Edi Rama hökumətinin istefası olduğunu bəyan ediblər.
Bişkek avropalıların miqrantlarla bağlı təklifini rədd edib
Avropanın bəzi ölkələri Qırğızıstana ixtisaslı qırğızıstanlıların Avropada işə düzəldilməsi qarşılığında Əfqanıstandan və Afrika ölkələrindən miqrantları qəbul etməyi təklif edib. 24.kg Bişkekin bu şərtləri rədd etdiyini xəbər verir. Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev oktyabrın 13-də parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.
“Belə bir imkan varsa, qoy vətəndaşlarımız gedib işləsinlər. Amma bu şərtlərlə məqsədyönlü danışıqlar aparmayacağıq”, – Kulubayev deyib.
Nazir bu şərtləri irəli sürən Avropa ölkələrinin adlarını açıqlamayıb.
“Azattyq Asia” yazır ki, bundan əvvəl Qazaxıstan və Özbəkistanla bağlı oxşar təşəbbüslər haqda xəbərlər yayılmışdı. “Politico” diplomatik mənbələrə istinadla yazmışdı ki, Avropa İttifaqı (Aİ) bu iki ölkədə Avropada sığınacaq verilməyən miqrantlar üçün saxlama mərkəzlərinin qurulmasını nəzərdən keçirir. Miqrantları qəbul edən ölkələrə bunun qarşılığında maliyyə yardımı və ya viza güzəştləri təklif oluna bilərdi.
Qazaxıstan belə mərkəzlərlə bağlı danışıqlar apardığını rəsmən təkzib edib. Xarici İşlər Nazirliyinin təmsilçisi Astananın Aİ ilə readmissiya sazişi çərçivəsində viza rejiminin sadələşdirilməsini müzakirə etdiyini söyləyib. Rəsmiyə görə, söhbət Qazaxıstanın ölkədən qanunsuz çıxmış vətəndaşlarını geri qəbul etmək öhdəliyindən gedirdi.
Özbəkistanla bağlı ictimai açıqlamalarda isə qanuni əmək miqrasiyası, Almaniyada qalmaq hüququ olmayanların geri qaytarılmasından bəhs olunurdu. 2024-cü ilin sentyabrında miqrasiya sazişi imzalanandan sonra Almaniyanın ovaxtkı kansleri Olaf Şolts ixtisaslı işçilərin cəlbindən, geri qaytarılma prosedurlarının sadələşdirilməsindən danışmışdı.
Əfqanıstan vətəndaşlarının deportasiyası ilə bağlı danışıqlar barədə Şolts demişdi ki, tərəflər əməkdaşlıq məsələlərini məxfi müzakirə edir. Daşkəndin özbəkistanlıların işə düzəldilməsi qarşılığında üçüncü ölkə vətəndaşlarını qəbul etməyə razılaşması iddiaları təsdiqlənməmişdi.