Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

'Sahibkarların təkəri altına odun qoymaq'-Media icmalı


Biznes
Biznes

Aqrar sahədə vəziyyət, sahibkarlığın inkişafına maneələr və hökumətin Qarabağ münaqişəsi ilə bağlı siyasəti medianın aparıcı mövzularındandır...

Sahibkarlara maneələr

«Exo» qəzetində «Azərbaycanda bələdiyyələr və icra hakimiyyətləri sahibkarlara mane olurlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda başlığa çıxarılan mövzu ekspert Nəriman Ağayevlə müzakirə edilir. Müəllif hesab edir ki, dövlət başçısı İlham Əliyevin sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı sərəncamlarına baxmayaraq, bələdiyyələr, icra hakimiyyətləri bəzən orta və kiçik biznesin inkişafına mane olurlar.

Bununla belə yazıda bildirilir ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə apellyasiya şuralarına sahibkarlardan 1.7 dəfə az, yəni, 304 şikayət daxil olub.

«Hazırda Azərbaycanda bələdiyyələri müstəqil qurum saymaq mümkün deyil, gerçəkdə icra hakimiyyətlindən asılıdırlar. Ölkə qanunvericiliyi bələdiyyələrə kiçik və orta müəssisələr qurmaq imkanı tanısa da, təcrübədə bundan istifadə edilmir. Bundan əlavə, orta və ya kiçik sahibkarlar öz bizneslərini yaratmağa səy edirlərsə də, icra hakimiyyəti, eləcə də bələdiyyələr onlara dəstək olmur. Əksinə, «təkər altına odun» qoyurlar», - deyə ekspert N.Ağayev qəzetə bildirib.

Ekspertə görə, bu vəziyyətdən iki çıxış yolu var. Ya bələdiyyələri bütünlüklə buraxmaq, ya da onlara geniş hüquqlar vermək lazımdır.

Yazıda bildirilir ki, deputat Qüdrət Həsənquliyev də bu günlər parlamentdə eyni mövzuya toxunub. Deputat deyib ki, bəzi bələdiyyələr sahibkarlardan tikinti materialları alırlar, amma pullarını ödəmirlər...

İ.Əliyev və S.Sarkisyan
İ.Əliyev və S.Sarkisyan

«Daxili siyasətdə qətiyyət, Qarabağ danışıqlarında...»

Azadliq.info saytında «Əliyev nə vaxta qədər şikayət edəcək?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, 25 ildir Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar gedir, amma bunun nəticəsi yoxdur:

«YAP hakimiyyəti 25 ildir Qarabağ danışıqları aparır. Amma hələ də zərrə qədər irəliləyiş əldə olunmayıb. Erməni tərəf açıq mesaj verir ki, bir qarış torpağı da geri qaytarmayacağıq. Azərbaycan hökuməti isə «bizim güclü ordumuz var», «Sülh danışıqlarının potensialı tükənməyib» kimi arqumentlərlə Qarabağı unutdurmaq siyasəti yürüdür».

Müəllif xatırladıb ki, bu günlərdə ölkə başçısı Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Yazıda qeyd edildiyinə görə, prezident Ermənistandan şikayətlənib ki, bu ölkənin qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqi əldə edilməsinə başlıca maneədir.

Müəllif iddia edir ki, hakimiyyət Qarabağ münaqişəsinin həllində qətiyyətsiz olsa da, daxili siyasətdə fərqli münasibət sərgilənir:

«İlham Əliyev başqa vaxt qətiyyətdən, müstəqil siyasətdən dəm vurur. Bəs, bu qətiyyət Qarabağda niyə tətbiq olunmur?».

Müəllifə görə, hakimiyyətə qalsa, xalq yerində oturub, Ermənistan hökumətinin insafına bel bağlamalıdır. Yazıda vurğulanır ki, Azərbaycanda bu vəziyyətə yalnız xalqın seçdiyi vətənpərvər qüvvə son qoya bilər.

İ.Əliyev Astarada çay plantasiyasında
İ.Əliyev Astarada çay plantasiyasında

Aqrar sektor

«Azərbaycan» qəzetində «Aqrar sektorun ixrac potensialı genişdir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, aqrar sektorda həyata keçirilən islahatlar uğurla gedir. Son dövrlər ənənəvi sahələrin dirçəldilməsi sayəsində görülən işlər məhsul istehsalı və ixracının artmasına imkan yaradır.

Yazıda bildirilir ki, 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda meyvəçiliyin inkişafına da toxunulub:

«Meyvə istehsalı bizdə artır və artacaq. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb. Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib».

Müəllif zeytun istehsalının artırılmasını da vacib sayır. Yazıda xatırladılır ki, həmin konfransda bu məsələyə də yer ayrılıb:

«Zeytun Azərbaycanda qədim zamanlardan becərilir, xüsusən də Bakı və Abşeron yarımadasında, amma potensial daha böyükdür. Bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektar yeni zeytun bağları salınacaq. Bununla yanaşı, yeni zeytun yağı fabriki tikiləcək. Onun istehsal gücü ildə 3000-4000 ton olacaq».

Yazıda bildirilir ki, dövlət başçısı həmin konfransda sahibkarları kənd təsərrüfatında ixrac potensiallı ənənəvi sahələrə sərmayə yatırmağa səsləyib. Müəllifin bildirməsinə görə, prezident vurğulayıb ki, dövlət də bu sahədə onları məhsulun becərilməsindən ixracınadək dəstəkləyəcək.

Yazıda daha sonra çayçılığın əhəmiyyətindən bəhs edilir:

«Keçən il ölkəmizə 12 min 600 ton çay idxal edilib və buna 45 milyon dollar vəsait sərf olunub. 2016-cı ildə isə 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Bu rəqəmlərə nəzər yetirdikdə görürük ki, fərq ölkəmizin xeyrinə deyil, idxal ixracdan çoxdur. Bunu isə məhsul istehsalını çoxaltmaqla aradan qaldırmaq olar...».

XS
SM
MD
LG