Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:26

'Stalin sevgisi...'-Media icmalı


«Stalinin ölümü» filminin posteri
«Stalinin ölümü» filminin posteri

«Stalinin ölümü» filminin Azərbaycanda yayılmamasının səbəbləri, sərmayə yatırımı, kiçik və orta sahibkarlığın maliyyələşmə problemi medianın aparıcı mövzularındandır...

«Azərbaycanda bəzilərindən ötrü Stalin ölməyib»

Azadliq.info-da «Hökumətin Stalin sevgisi» sərlövhəli yazı yer alır.

Müəllif iddia edir ki, Böyük Britaniya istehsalı olan «Stalinin ölümü» kinokomediyasının yayımına Azərbaycanda hökumət səviyyəsində qeyri-rəsmi qadağa qoyulub.

Yazıda bildirilir ki, bu filmin yayımına Rusiyada da qadağa qoyulub. Amma Belarusda, Ermənistanda və Qazaxıstanda belə qadağa yoxdur: «Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi filmin yayımını məqsədəuyğun hesab etməyib. «CinemaPlus»un direktoru Cəfər Axundzadə də deyib ki, filmin Azərbaycanda nümayişi üçün bütün qanuni imkanlardan istifadə ediblər. Filmin Azərbaycanda nümayişi üçün müqavilə var, bütün sənədlər toplanıb, yayım icazəsi üçün nazirliyə təqdim edilib. Amma icazə verilməyib. Belə izah olunub ki, filmdə Böyük Vətən Müharibəsinin iştirakçıları, marşal Jukov bir az ələ salınıb».

Müəllif iddia edir ki, Azərbaycan müstəqil dövlət olsa da, iqtidar müstəqil deyil. Yazıda vurğulanır ki, iqtidar qətiyyətsizdir, dövlət marağından öncə Rusiyanın maraqlarını güdür və Kremldən gələn «məsləhət»lə hərəkət edilir: «Ölkənin işıqlı adamlarını məhv edənlərin tənqidinə razı olmurlar...».

Yazıda iddia edilir ki, Stalin dövründə olduğu kimi, indi də Azərbaycanda işıqlı, vətənpərvər, ləyaqətli insanlar şərlənərək həbs olunurlar, xalqa divan tutanlar isə «Şərəf», «Şöhrət» ordeni alır.

Yazıda obrazlı ifadə ilə vurğulanır ki, Azərbaycanda bəzilərindən ötrü Stalin həmişə diridir.

Manat
Manat

Azərbaycanda güzəştli kredit almağın çətinliyi

«Yeni Müsavat» qəzetində «Güzəştli kreditlər daha çox hansı sahibkarlara verilir…» sərlövhəli yazı oxumaq olar. Yazıda ekspert Rəşad Həsənovun fikirlərinə yer verilib.

Müəllif Dünya Bankının məlumatlarına əsasən bildirir ki, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda (ÜDM) payı 50, məşğulluqda isə 60 faizdən yuxarıdır.

Yazıda vurğulanır ki, Avropa Birliyi ölkələrində isə kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı daha yüksəkdir.

«Kiçik və orta sahibkarlığın inkişafı baxımından Azərbaycan dünya üzrə orta göstəricidən 7-8 dəfə geri qalır, buna görə də bu istiqamətə dövlət dəstəyinin güclənməsi vacibdir. İri sahibkarlığa nisbətən kiçik və orta sahibkarlığın biznes kreditlərinə çıxış imkanları çox məhduddur», - deyə ekspert R.Həsənov qəzetə bildirib.

R.Həsənovun fikrincə, sahibkarların kreditə əlçatanlığı Azərbaycan iqtisadiyyatının ən zəif həlqələrindən biridir. Yazıda bildirilir ki, Dünya Bankının «Doing Business» hesabatında da bu göstəriciyə görə, Azərbaycan 190 ölkə arasında 112-ci yeri tutub.

Ekspert vurğulayıb ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) və bir sıra qurumlar da güzəştli maliyyələşdirmə mexanizmləri tətbiq edir: «Bu qurumlar arasında ən aktiv güzəştli kreditləşməni SKMF təmin edir. Onun da resursları məhduddur. 2014-cü ildən sonra fond vasitəsilə sahibkarlığın maliyyələşdirilməsi kəskin azalıb. Əgər 2014-cü ildə Fond güzəştli kreditləşməyə 300 milyon manat yönəltmişdisə, 2017-ci ildə bunu 146 milyon manata qədər azaldıb. Bu da onu göstərir ki, dövlətin güzəştli maliyyələşdirmə mexanizmləri kifayət qədər məhduddur».

Biznes
Biznes

Qeyri-neft sektorunun inkişafı

«Azərbaycan» qəzetində «İnvestisiyanın əsas ünvanı qeyri-neft sektorudur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, kapital qoyuluşu iqtisadiyyatın inkişafına təkan verən, onun dinamikasını qoruyan əsas vasitədir. Buna görə də hər bir dövlət iqtisadiyyatının xüsusilə xarici sərmayə hesabına kapitallaşmasında maraqlıdır.

Yazıda vurğulanır ki, investorlar isə sərmayə yatırılmasına çox həssas yanaşırlar, ölkədə problemlər olduqda bundan dərhal imtina edirlər: «Azərbaycanda xarici investisiyaların qorunması üçün mükəmməl hüquqi baza var. Bunun nəticəsidir ki, ötən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 8607.4 milyon manat investisiya yatırılıb. Xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 7086.4 milyon manatı İngiltərə, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ və Çexiya sərmayədarlarına məxsusdur».

Müəllifin xatırlatmasına görə, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirilib ki, ötən il ölkə iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulub.

Yazıda bildirilir ki, dövlət özü sosial-iqtisadi infrastruktur layihələrinə kapital qoymaqla investor kimi çıxış edir. Ona görə də ölkə daxilində elektrik, qaz, kəndlərə yol, içməli su layihələri həyata keçirilib.

XS
SM
MD
LG