Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 14:40

Mühacirin yeznəsinin inzibati cəza aldığı deyilir


Məhəmməd Mirzəli

Fransada mühacir həyatı yaşayan gənc bloqqer, AXCP üzvü Məhəmməd Mirzəlinin yeznəsi, Laçın rayonundan məcburi köçkün Elman Ağayevin fevralın 13-də 30 gün inzibati həbs cəzası aldığı bildirilir.

Bunu Azadlıq Radiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev deyib.

Hüquq müdafiəçisi vurğulayıb ki, polislər E.Ağayevi iş yerindən aparıblar. Amma onun küçədə polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edildiyi deyilir.

Hüquq müdafiəçisi həmçinin bildirib ki, E.Ağayev Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır.

O.Gülalıyev E.Ağayevin vəkilinin olmadığını da söyləyib. O deyib ki, başqa bir hüquq müdafiəçisi Taleh Xasməmmədovla fevralın 15-də Göyçayda M.Mirzəlinin ailəsini ziyarət ediblər:

«Son zamanlar bu ailənin məruz qaldığı təzyiqlərlə bağlı onları dinlədik. Son bir ayda Mirzəliyevlər ailəsindən və yaxınlarından bəziləri Göyçay Rayon Polis Şöbəsinə və «bandotdel»ə ( Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) aparılaraq təzyiqlərə, təhdidlərə məruz qalıb. Onlardan açıq şəkildə tələb olunub ki, M.Mirzəli hakimiyyət əleyhinə çıxışlarına son qoysun, əks halda, ailə üçün daha böyük itkilər olacaq...».

***Buna da bax-Mühacir bloqqerin anası: 'Yoldaşıma deyiblər, 2 qızının videolarını çəkib YouTube-a qoyduracağıq'

Hüquq müdafiəçisi baş verənləri E.Ağayevin ailəsini dağıtmaq cəhdi kimi dəyərləndirib. «Ümid edirəm ki, dəyərli vəkillərimiz inzibati həbsdə olan E.Ağayevə lazımi hüquqi yardım göstərəcək»,-deyə hüquq müdafiəçisi vurğulayıb.

Hazırda Fransada mühacir həyatı yaşayan videobloqqer M.Mirzəlinin atası Fazil Mirzəliyevin bu il yanvarın 12-də Göyçay Rayon Polis Şöbəsinə, oradan da Bakıya Daxili İşlər Nazirliyinə gətirildiyi açıqlanmışdı. Bloqqerin özünün və ailəsinin verdiyi məlumata görə, F.Mirzəliyev yanvarın 13-də sərbəst buraxılsa da, Laçın rayonundan məcburi köçkün E.Ağayev polisə aparılıb.

M.Mirzəli iddia edirdi ki, bütün bunlar onun fəaliyyəti ilə bağlıdır.

Həmin vaxt Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AzadlıqRadiosuna söyləmişdi ki, Z.Mirzəliyevanın dedikləriylə tanış deyil. Ancaq o bu cür iddiaların əsası olmadığını bildirir.

«Ümumi olaraq onu deyə bilərəm ki, Azərbaycanda saxlanılan istənilən şəxs yalnız törətdiyi konkret əmələ, xətaya görə, cinayətə görə saxlanılıb. Başqa heç nəyə görə saxlanılmır. Bu mümkün də deyil», - E.Zahidov əlavə edib.

Ancaq E.Ağayevin 30 sutka inzibati həbs cəzası alması ilə bağlı deyilənləri isə hələlik rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

23 yaşlı M.Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür, bloqqerdir. Fransada mühacirətdə yaşayır. Özünün yazdığına görə, o, Göyçayda «Əsgər ölümlərinə son!» aksiyasının təşkilatçısı olub və bundan sonra təqiblərlə üzləşib. O, mühacirətə getməzdən öncə polisə aparıldığını, incidildiyini, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini iddia edir.

Bu iddiaları da hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Hakimiyyət rəsmiləri siyasi əqidələrinə görə insanların və onların qohumlarının basqılara məruz qalması haqqında deyilənləri ümumilikdə isə inkar edirlər. İşgəncə ilə bağlı iddialar qəti təkzib olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG