İqtisadiyyatın vəziyyəti, yeni vergi siyasətinə aid təkliflər və Azərbaycanda demoqrafik göstəricilər medianın aparıcı mövzularıdır...
«Vergi şapalağı» kimi tutacaq
«Exo» qəzetində «Azərbaycanda yeni vergi siyasəti: zərbə altına kim düşəcək?» sərlövhəli yazı oxumaq olar.
Müəllif Azərbaycanda vergi siyasətini ekspert Əkrəm Həsənovla müzakirə edib.
«Vergilər Nazirliyi qarşısına dövlət büdcəsinə ödəmələri artırmaq vəzifəsi qoyulub. Nazirlik bu istiqamətdə güclü işləyəcək. Amma yol vermək olmaz ki, nazirliyin bu qərarı aqrar sahəyə də təsir göstərsin. Çünki, fermerlər bu vergi yükünə davam gətirə bilməzlər», - deyə ekspert Ə.Həsənov vurğulayıb.
Ə.Həsənov ehtimal edib ki, 2018-ci ildə vergi siyasəti sərtləşəcək. Onun bildirməsinə görə, əvvəlki nazir vergi yığımını lazımi dərəcədə yerinə yetirə bilməyib.
Ekspert parlamentin komitə sədri Ziyad Səmədzadənin Azərbaycanda vergi ödəyicilərinin sayının artırılması ilə bağlı bu günlərdə səsləndirdiyi təklifin də narahatlıq yaratdığını düşünür:
«Əgər deputat «kölgə» iqtisadiyyatı ilə mübarizə apararaq bunun hesabına dövlət xəzinəsinə vergi daxil olmalarını artırmağı nəzərdə tutursa, bununla razıyam. Vergi ödəməyən fiziki şəxslər və müəssisələrlə mübarizəni çoxdan gücləndirmək lazım idi. Amma bunun güzəşti olan kateqoriyaya aid edilməsi qətiyyən yolverilməzdir. Bu kateqoriyaya kənd təsərrüfatı əməkçiləri daxildir. Azərbaycan üçün aqrar sahə qeyri-neft sektorunun prioritet istiqamətidir. Ölkənin ərzaq təhlükəsizliyi bu sahədən asılıdır».
Ekspert xəbərdarlıq edib ki, əgər ölkə fermerləri vergi yükünə cəlb edilsələr, bu, sahibkarlığa və eləcə də dövlətə pis təsir göstərəcək.
Ə.Həsənov hökumətə bir çox qabaqcıl ölkələrdə tətbiq olunan «təmtəraq vergisi» təklifini verir:
«Əgər hökumət vergi daxil olmalarını artırmaq istəyirsə, onda varlılardan daha çox vergi almağı tövsiyə edirəm. Bu kateqoriya üçün torpaq və əmlak vergiləri artırılmalıdır».
«Azərbaycanda əhalinin həyat şəraiti gözəldirsə...»
Azadliq.info saytında «Ömürləri oğurlayan «sabitlik»» sərlövhəli yazı yer alır.
Müəllif iddia edir ki, ölkədə ağır sosial-iqtisadi durum hökm sürür.
Yazıda vurğulanır ki, rəsmi təbliğata qalsa, xalq sabitlik şəraitində «inkişaf yağışı»nda çimir, islahatlar durmadan davam edir. Amma müəllif hesab edir ki, rəsmilərin dedikləri ilə reallıq üst-üstə düşmür.
Yazıda əhalinin artımı ilə bağlı son 7 ilin statistik məlumatlarına da toxunulur:
«Ötən il ölkə əhalisinin sayı 88 min 104 nəfər və ya 0.9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i 9 milyon 898 min 85 nəfərə çatıb. Azərbaycan əhalisi 2011-ci ildə 124 min, 2012-ci ildə 121.4 min, 2015-ci ildə 112.6 min, 2016-cı ildə isə 104.4 min nəfər artmışdı. Beləliklə, 2011-ci ildə 121 min artım vardısa, 2017-ci ildə 88 min artım olub».
Yazıda bildirilir ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkədə nikahların sayı da 5.8 faiz azalıb, boşanmalar isə 10.8 faiz artıb. Müəllif iddia edir ki, bütün bu baş verənlər əhalinin sosial-iqtisadi vəziyyətin pisləşməsinin göstəricisidir. Yazıda vurğulanır ki, bahalaşma, işsizlik, devalvasiya və ərzaq təhlükəsizliyinə əməl edilməməsi öz işini görür:
«Əgər Azərbaycanda əhalinin həyat şəraiti gözəldirsə, milyonlarla iş yeri açılıbsa, inkişaf güclüdürsə, bu geriləməni necə izah etmək olar? Reallıq budur ki, milyardları oğurlamaqla həm də insanların bugünü, sabahı oğurlanıb. Antimilli idarəçilik, «yadlara milyardlar, xalqa qəpik-quruş» siyasəti bu mənzərəni yaradıb».
«Çevik islahatlar strategiyası»
«Azərbaycan» qəzetində «Davamlı və sabit inkişafı təmin edən çevik islahatlar strategiyası» sərlövhəli yazıda ölkədə yürüdülən iqtisadi siyasət dəyərləndirilir.
Müəllif yazıb ki, müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi keçmiş prezident Heydər Əliyevdir. Onun fikrincə, keçmiş prezident dövlətçilik irsinin davamlılığını təmin edəcək qüdrətli siyasi varis də yetişdirib:
«Ümummilli liderin respublikaya rəhbərliyinin bütün dövrlərində ardıcıl və səmərəli islahatlar hesabına formalaşdırdığı inkişaf potensialı ötən 15 ildə tam reallığa çevrilib. Azərbaycanın ideyalardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə qədəm qoyaraq müasir tarixinin ən parlaq yüksəliş dövrünü yaşaması danılmaz həqiqətdir. Ötən 15 il dünya birliyinə sürətlə inteqrasiya olunan, demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla böyük nüfuz sahibinə çevrilən müstəqil dövlətimizin həyatında yeni tarixi mərhələnin əsasını qoyub».
Müəllif vurğulayır ki, ölkənin sabit və dayanıqlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir.
Yazıda dövlət başçısı İlham Əliyevin «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasındakı çıxışından da sitat gətirilir:
««Cənub Qaz Dəhlizi» layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız üç dəfədən çox, ümumi daxili məhsul 3.2 dəfə artıb».