Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:24

'Dövlətin borc yükü artır'-Media icmalı


Borc yükü
Borc yükü

Sumqayıtda sənayenin inkişafı, dövlət borcunun artması və beynəlxalq idman yarışlarının xərcləri medianın aparıcı mövzularındandır...

Xarici borc artıb

«Novoye Vremya» qəzetində «Dövlət borcunun artmasına yol vermək olmaz» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkə iqtisadiyyatında önəmli layihələrin dəstəklənməsindən ötrü böyük vəsaitlərə ehtiyac var. Amma müəllifin fikrincə, bu kreditlərin alınmasında sui-istifadəyə yol vermək olmaz.

Yazıda vurğulanır ki, Azərbaycanın dövlət borcu artıb. Bu il yanvarın 1-nə xarici borc 9 milyard 398.3 milyon dollar və ya 15 milyard 978.1 milyon manat təşkil edib. Ötən il xarici borc təqribən 2.4 milyard dollar artıb.

Müəllifin qeyd etməsinə görə, bu, Ümumi Daxili Məhsula nisbətdə də özünü göstərir.

Yazıda həmçinin bildirilir ki, Azərbaycan «Cənub Qaz Dəhlizi» kimi 45 milyard dollarlıq dəyəri olan bir layihəni icra edir. Müəllifin fikrincə, bunu təkbaşına həll etmək mümkün deyil, beynəlxalq maliyyə qurumları layihəyə ciddi dəstək verirlər.

Yazıda bildirilir ki, kreditlər götürüldüyü kimi, onun qaytarılması da vacibdir.

Müəllif hesab edir ki, kreditləri az əhəmiyyətli layihələrə sərf etmək düzgün deyil. Yazıda habelə vurğulanır ki, bəzi qurumlar belə hallara yol veriblər.

Müəllifə görə, dövlət borcunun belə artmasına imkan verilməməlidir.

Yazıda bildirilir ki, neftin qiyməti ucuzlaşarsa, sonradan həmin borcun qaytarılması gələcək nəsillərin üzərinə düşəcək.

Bakıda Formula-1
Bakıda Formula-1

Formula-1 xərcləri

Azadliq.info saytında «Formula-1 tənəzzülün forması kimi» sərlövhəli yazı yer alır.

Müəllif iddia edir ki, Azərbaycan cəmiyyəti ölkədə keçirilən beynəlxalq tədbirlərə büdcəni dağıtmaq, bəzi şəxslərin ciblərini doldurmaq vasitəsi kimi baxır:

«Məsələn, şəhərdə sorğu aparsaq görərik ki, əhali Avropa Oyunlarının ölkəyə vurduğu zərərdən xəbərdardır və bu tədbiri təəssüflə xatırlayırlar. Çünki milyonlarla insanın boğazından kəsib mənasız bir tədbirə caladılar. Avropa demokratiyasından vətəndaşı uzaq salanlar Avropa Oyunlarına yaxın etmək qərarı verdilər və Avropa liderləri də bu yarışı boykot etdi...».

Yazıda vurğulanır ki, hökumət bundan nəticə çıxarmaq fikrində deyil.

Müəllif iddia edir ki, bu yarışların nə ölkənin imicinə müsbət təsiri var, nə də büdcəyə:

«Almaniya, İngiltərə kimi ölkələr bu yarışın maliyyə itkilərinə səbəb olduğunu əsas gətirərək rəsmən imtina ediblər. Azərbaycan hökuməti isə bütün yiyəsiz yarışlara sahib çıxır. Vətəndaş sahibsiz qaldığı üçün dünyanın müxtəlif paytaxtlarında sığınacaq alır, hökumət isə dünyanın müxtəlif yerlərindən gələn idmançılara milyonlar xərcləyir».

Yazıda qeyd edildiyinə görə, bu günlərdə Formula-1 yarışları şərtlərinin Azərbaycanın zərərinə işləməsini rəsmilər də etiraf ediblər. Müəllif bildirir ki, gənclər və idman naziri Azad Rəhimov bu müqavilənin şərtlərinin qəbuledilməz olması ilə bağlı açıqlama verib. Yazıda ondan belə bir sitat da gətirilir:

«Formula-1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb-uzatmamaq barədə qərarımızı bildirməliyik. Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula-1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq. Amma fikrimcə, həm özümüz, həm də Formula-1 rəhbərliyi yarışmanın burada keçirilməsini istəyirik»

Müəllifin fikrincə, nazir də bu şərtlərin ağır olduğunu əvvəldə bilib, amma bu şərtləri qəbul edib:

«Yəni, büdcə boşalsa da, bu tikintini həyata keçirən şirkətlər, bu avadanlıqları ölkəyə gətirənlər, bu otellərə sahib olanlar qazandı. İlkin mərhələdə şəxsi maraqlar önə çıxdı və arzular təmin edildi. İndi narazılıq edirlər ki, şərtlər dəyişsə, 2025-ci ilə qədər müqavilə uzadıla da bilər. İzahı budur ki, «şərtləri yumşaldın, biz də 2025-ci ilə qədər «həzm prosesi»ni davam etdirək».

Sumqayıt
Sumqayıt

Sumqayıtın inkişafı

«Azərbaycan» qəzetində «Sumqayıt: dünyaya səs salan inkişaf və quruculuq nümunəsi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, Azərbaycanın iqtisadi baxımdan qüdrətlənib, dünya birliyində öz yeri olan dövlətə çevrilib.

Yazıda habelə vurğulanır ki, dövlət proqramlarının real nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır və Sumqayıt şəhəri bunun nümunəsidir:

«Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ildə Sumqayıt şəhərində qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib».

Yazıda 2017-ci il dekabrın 15-də dövlət başçısının Sumqayıta səfəri xatırlanır. Həmin vaxt şəhərdə bəzi müəssisələrin açılışının olduğu bildirilir. Müəllif hesab edir ki, Sumqayıtda sənaye yenidən inkişaf edir.

Yazıda Sumqayıt Bulvarının açılışına da toxunulur. Müəllif bunu Sumqayıtın son illər müasir layihələr əsasında yenidən qurulması və regionun turizm məkanlarından birinə çevrilməsinin göstəricisi sayır:

«Şəhərdə abadlıq-quruculuq işləri bu gün də geniş miqyasda davam etdirilir. Sumqayıt şəhərində iki ildə görülmüş işlərin həcmi və miqyası son 20-25 ildə görülən işlərə bərabərdir. Bunun nəticəsidir ki, Sumqayıtın siması gündən-günə gözəlləşir. Hər bir şəhər sakini aparılan və səngimədən davam etdirilən abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır».

XS
SM
MD
LG