Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

'Pensiyaçıların hesabına qənaət'-Media icmalı


Dollar
Dollar

Kapital amnistiyası, pensiyaların artımı və «Moody's» beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı son açıqlaması medianın aparıcı mövzularındandır ...

«Ağ maaş»la yaşamayan məmurlar

«Exo» qəzetində «Azərbaycanda qazanılan pullar hətta təmiz yolla qazanılmayıbsa belə, başqa ölkələrə axmamalıdır» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Azərbaycan vətəndaşlarının xarici ölkələrdə olan kapitallarının ölkəyə qaytarılması deputat Vahid Əhmədov və ekspert Əkrəm Həsənovla müzakirə edilir.

V.Əhmədov qəzetə mövzunu belə dəyərləndirib:

«Bu, parlamentdə tez-tez cari məsələlərin müzakirələrində qaldırılır. Gec və ya tez bu sənəd qəbul ediləcək. Hazırda keçmiş SSRİ-nin bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu məsələ nəzərdən keçirilir. Kapitalın amnistiyası cinayət məsuliyyətindən azad olunmanı nəzərdə tutur. Xaricdəki aktiv və hesabları barədə bəyannamə verən iş adamları vergi pozuntularına görə cəza almayacaqlar. Azərbaycanda qazanılmış pullar hətta təmiz qazanılmayıbsa da belə, başqa ölkələrə axa bilməz».

Deputat deyib ki, bu kapitallar Azərbaycan iqtisadiyyatına da yatırıla bilər. Odur ki, bu pulların ölkəyə qaytarılması məsələsi həllini tapmalıdır.

Ekspert Ə.Həsənov da xaricdəki kapitalın ölkəyə qaytarılmasına şərait yaratmağı vacib sayır. O hesab edir ki, bununla bağlı hökumət Azərbaycan iş adamlarına müraciət etməlidir:

«Əlbəttə, amnistiya olmadan bunu etmək mümkün deyil. Bununla bağlı qanun qəbul edilməli və mənşəyi məlum olmayan vəsaitlərin sahibləri könüllü bəyannamə verdiklərinə görə cinayət təqibinə məruz qalmayacaqları qanunda əksini tapmalıdır».

Ə.Həsənov deyib ki, amnistiya yolu ilə xaricdəki aktivləri leqallaşdırmaq olar və bu, bir çox ölkələrdə uğurla tətbiq edilib. Ekspertə görə, bu, xüsusilə «ağ maaş»la yaşamayan bir çox məmurlara aiddir.

Pensiya mexanizmi nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

«Sosial dövlət mövqeyinə zərbə»

«Novoye Vremya» qəzetində «Hesabladılar-izlədilər: pensiyaçıların hesabına qənaət etməyi qərara aldılar» sərlövhəli yazı oxumaq olar.

Yazıda bu günlər pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı prezidentin sərəncamından bəhs edilir.

Yazıda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsinə istinadən 2017-ci ildə maaşların 5.7 faiz artdığını bildirir. Pensiyaların sığorta hissəsi də 2018-ci ildə həmin faizə uyğun artırılıb.

Müəllif xatırladıb ki, bununla da pensiyaların inflyasiyanın illik səviyyəsinə görə indeksləşdirilməsindən imtina edilib:

«Keçən il illik inflyasiya 12.9 faiz səviyyəsində olub. Ərzaq məhsulları 16.4 faiz bahalaşıb. Belə bir vəziyyətdə pensiyanı əmək haqlarının artımı faizi ilə hesablayıblar».

Yazıda bildirilir ki, ötən il maaş artımı inflyasiyadan iki dəfədən də çox az olub. Müəllifin fikrincə, bu isə o deməkdir ki, hətta işləyən əhalinin də maddi durumu pisləşib:

«Ölkə pensiyaçılarının çoxu daha yoxsul hala gələcək. Yeri gəlmişkən, ölkədə minimum əməkhaqqı yaşayış minimumuna belə bərabər deyil».

Müəllif hesab edir ki, pensiyaçılara verilən məbləğ onların yaxşı yaşamasına yox, mövcud olmalarına çata bilər.

Yazıda vurğulanır ki, hökumətin sosial rifah və islahatlar haqqında dedikləri həqiqətə söykənmir:

«İlbəil qiymətlərin artdığı bir dövrdə məhz pensiyaçıların hesabına qənaət etmək qərarı verilib. Bu isə ilk növbədə Azərbaycan dövlətinin sosial dövlət mövqeyinə pis zərbədir».

Moody's
Moody's

Beynəlxalq dəyərləndirmə

«Azərbaycan» qəzetində «Moody's-in hesabatında Azərbaycandakı iqtisadi proseslərin müsbət qiymətləndirilməsi önəmli amildir» sərlövhəli yazı dərc edilib

Yazıda «Moody's» beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı açıqlamalarını ekspert Vüqar Bayramov dəyərləndirib:

««Moody’s» beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanda gedən iqtisadi proseslərin müsbət qiymətləndirilməsi önəmli amildir. «Moody's» ekspertlərinin gəldikləri qənaət bundan ibarətdir ki, Azərbaycanda iqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar ortamüddətli və uzunmüddətli dövrdə dayanıqlı iqtisadiyyatın güclənməsinə xidmət edəcək».

V.Bayramov vurğulayıb ki, burada dəyərləndirmələr ayrı-ayrı sektorlar üzrə gedir. Azərbaycanda turizm, beynəlxalq yükdaşımaları ayrıca xarakterizə edilir və bu sahələrdən əldə edilən vəsaitlərdə artım proqnozlaşdırılır:

«Agentlik Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində hökumətin apardığı islahatları və təşviqedici siyasəti müsbət dəyərləndirib. Hesabatda dəyərləndirildiyi kimi, təşviqedici siyasət və fiskal konsolidasiya ilə yanaşı, islahatlara maliyyə dəstəyi Azərbaycan iqtisadiyyatının dayanıqlığını artıran amildir».

Ekspert deyib ki, hesabatda 2016-cı ilin dekabrında prezident İlham Əliyevin imzaladığı strateji yol xəritələrində göstərilən sahələr arasında daha çox turizm, nəqliyyat və logistikanın inkişaf etdiyi əksini tapıb.

XS
SM
MD
LG