Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:03

AB elçisi Azərbaycanla müzakirələrdən danışıb


Azərbaycan-Avropa Birliyi

«Avropa Birliyi və Azərbaycan arasında hazırda münasibətlərin səviyyəsi çox yaxşıdır».

Avropa Birliyi (AB) və Azərbaycan münasibətləri haqda «Turan» agentliyinə müsahibə verən bu qurumun Bakıdakı nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas belə deyib.

O, fevralın 9-da Brüsseldə keçirilən Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasından yenicə qayıtdığını yada salaraq bildirib ki, şuranın iclasının baş tutmasında şaddır.

«Bir sıra mühüm məsələlər müzakirə olundu. Regionda vəziyyət haqqında fikir mübadiləsi aparılıb, aktual olan bir sıra istiqamətlər üzrə tərəfdaşlıq səviyyəsi müzakirə olunub», - o, deyib.

K.Yankauskas Brüsseldə aparılan müzakirələrin məzmununa da toxunub. O deyib ki, Əməkdaşlıq Şurasının iclasında Qarabağ münaqişəsinin nizamlanması prosesinə, habelə demokratiya, qanunun aliliyi və insan hüquqları məsələlərinə toxunulub.

«AB üçün demokratiya, söz azadlığı sahəsində əsas prinsiplər mövcuddur, onlar çox vacibdir və biz onlara xüsusi diqqət yetiririk. Çətinlikləri dəf etmək və irəli getmək lazımdır», - K.Yankauskas bildirib.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən ilin fevralından bu qurumla Azərbaycan arasında ikitərəfli danışıqlar başlayıb. Keçən həftə Brüsseldə Əməkdaşlıq Şurasının toplantısı olub. Ötən ilin noyabrında bu qurumla Ermənistan arasında isə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə bir sənədin bu ilin axırına kimi imzalanmasına ümid edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG