Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 06:46

'7 il əvvəl prezident sənədsiz evlərin...'-Media icmalı


Evlərin nə vaxt sənədləşdiriləcəyi bilinmir
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Evlərin nə vaxt sənədləşdiriləcəyi bilinmir

Növbədənkənar prezident seçkiləri, 2011-ci ildə prezidentin Bakı və Bakıətrafı qəsəbələrdə sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı göstərişi və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

7 ildir həll edilməyən tapşırıq

«Novoye Vremya» qəzetində «Özbaşına tikintilər problemi niyə həll edilmir?» sualı gündəmə daşınır. Yazıda oxuyuruq:

«Özbaşina tikintilər problemi dövrü olaraq diqqət mərkəzinə gəlir. Bakının Bayıl yamacında baş verən sürüşmə isə bir daha yada saldı ki, ölkədə və ən əvvəl Bakıda bu problem həllini tapmayıb. Baxmayaraq ki, ölkə prezidenti bu barədə hələ xeyli əvvəl danışıb və hətta tapşırıqlar da verib».

Müəllif xatırladır ki, 2011-ci ildə prezident Bakı Şəhər İcra Hakimiyyətində Bakı və Bakıətrafı qəsəbələrin inkişafına dair müşavirədə əsas diqqəti sənədsiz tikintilərin rəsmiləşdirilməsinə yönəldilib. Yazıda qeyd edildiyinə görə, dövlət başçısı neqativ hallara yol vermədən problemi həll etmək tapşırığı verib:

«Özbaşına tikintilər məsələsi meydana təsadüfən çıxmayıb. O zaman belə tikintilərin sayı 400 mindən çox olub. Belə evlər adətən dəmir yolları zolaqları boyunca olan yerlərdə, Dövlət Neft Şirkətinin ərazilərində və sairə tikilib. İnsanları bu özbaşına tikilmiş evlərdən çıxarmaq çox hallarda toqquşmalarla müşayiət edilib. Həm də aydın olub ki, problemi bu yolla həll etmək mümkün deyil, faktiki insanlar küçədə qalacaqlar».

Yazıda vurğulanır ki, özbaşına tikintilərin bu həddə gəlib çatmasında ilk növbədə günahkar olan yerli orqanlar bunu həll etmək gücündə deyil. Müəllif xatırlayıb ki, bu məsələ ilə bağlı sənəd 2011-сi ilin noyabrında Milli Məclisə təqdim edilib, amma məsələyə baxış nəticəsiz başa çatıb.

Müəllif həmin evlərin sənədləşdirilməsi yollarına toxunur. Yazıda güman edilir ki, əgər vətəndaşlar qanuni yolla getsələr belə, məmurlar onlardan sıravi vətəndaşın gücü çatmayan pul tələb edəcək:

«İndiki status-kvo bu məsələdə şəxsi maraqları olan dövlət orqanları rəhbərlərini təmin edir. Belə ki, özbaşına tikintilərin sakinləri daim onların tilovundadır və onlardan daim pul qoparmaq olar».

İlham Əliyev
İlham Əliyev

Alternativsizlik

«Azərbaycan» qəzetində «Niyə məhz İlham Əliyev» sərlövhəli yazıda bu il aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərində dövlət başçısının namizədliyindən bəhs edilir.

Müəllif vurğulayıb ki, 2016-cı il Konstitusiya islahatlarına əsasən, yeni seçiləcək prezident 7 il dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək. Fevralın 5-də Həmkarlar İttifaqları Konfederasiyası, fevralın 8-də isə Yeni Azərbaycan Partiyası dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb:

«Təbii ki, bu sosial sifariş təkcə adı çəkilən təşkilatların deyil, Azərbaycan xalqının mövqeyinin ifadəsi idi. Bu, İlham Əliyevin alternativsiz lider olduğunun təsdiqi idi. Çünki cənab İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir».

Müəllif yazıb ki, uzun illərdir mövcud olan ictimai-siyasi sabitlik, dövlətin nüfuzu, iqtisadi qüdrətinin yüksəlməsi, Azərbaycanın dünya siyasi arenasında söz sahibinə, Cənubi Qafqazın isə lider dövlətinə çevrilməsi İ.Əliyevin müstəqil siyasətinin nəticəsidir.

Yazıda qeyd edilir ki, 2003-cü ildən həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir:

«Hərtərəfli siyasi islahatlar ölkənin siyasi sisteminin təkmilləşməsini və müasir standartlara uyğunlaşmasını təmin edib. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz, mətbuat azadlığı tam təmin edilib».

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

«Yeni yalanlar...»

Azadliq.info saytında isə «Bu iqtidar ona səs verməməyi haqq edib» sərlövhəli yazı oxumaq olar.

Bu yazıda bir növ «Azərbaycan» qəzetində yer alan fikirlərin təkzibinə səy göstərilir.

Müəllif iddia edir ki, mövcud iqtidar ölkənin problemlərini gizlədir. Yazıda vurğulanır ki, ya problemlərin miqyası kiçildilir, ya da sırf özünü tərif kampaniyası aparılır:

«Bu gün bu iqtidar özünütərif taktikasından o qədər istifadə edir ki, sanki ölkədə mövcud olan bütün çatışmazlıqlara cavabdeh özü yox, bir başqalarıdır. Hiss edirsən ki, idarəçilik dolayısı ilə bütün çatışmazlığı xalqın boynuna qoymaq niyyəti güdür. Bəs onda bu idarəçilikdə hakimiyyətin işi nədən ibarətdir? Yuxulamaqdan və ya sadə insanları özündən fərqləndirməkdən?».

Yazıda bildirilir ki, ölkədə şəxsiyyət azadlığı, azad seçki hüququ, hüquq bərabərliyi yoxdur. Müəllifə görə, ölkə vətəndaşları övladlarına bir qarın çörəkpulu qazanmaqdan ötrü Rusiyaya, Ukraynaya və başqa ölkələrə üz tutublar:

«İqtidar Azərbaycan üçün təhlükəyə çevrilməkdədir, oğurlanmış Azərbaycan bu hakimiyyətin qarnındadır. Siyasi komandanın beynəlxalq aləm barəsində düşüncəsi ölkədən keçən borulardır. Özünə qapanan iqtidar borulara abidə qoysa, buna təəccüblənmərəm...».

Müəllif hesab edir ki, indiki halda iqtidar xalqdan səs ala bilməkdən ötrü növbəti yalan təbliğatı aparır:

«Guya, 11 apreldən sonra ölkə dönüb olacaq bir başqa məmləkət. Elə danışırlar ki, sanki nağıllardakı kimi hər sakinin qoltuğunda bir «sehrli süfrə» olacaq. 25 ildə nəyi bacardınız ki, bundan belə nə bacarasınız?».

Müəllifin yazmasına görə, bu ölkə parlamentində elə deputatlar var ki, üçqat, dördqat, beşqat seçiliblər, amma bu illər ərzində uğurlu bir təklif də verməyiblər.

XS
SM
MD
LG