Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

Təyyarənin qara qutusunu öyrənirlər


Qəza yeri
Qəza yeri

Rusiya hakimiyyəti Moskva kənarında qəzaya uğramış təyyarənin qara qutusunun tədqiqinə başlayıb. Rusiya baş nazirinin müavini Arkady Dvorkovich fevralın 12-də gecə hökumətin iclasında deyib ki, fövqəladə xidmət əməkdaşları həm uçuşla bağlı məlumatları, həm də səsyazma qurğusunu tapıblar və müstəntiqlər onları təhlil etməyə başlayıb.

Saratov aviaşirkəti isə bütün An-148 təyyarələrinin uçuşlarını dayandırıb, rəsmi təhqiqatın nəticəsini gözləmək qərarına gəlib.

Qəzaya uğramış An-148 2000-ci illərin əvvəlində Rusiya və Ukrayna tərəfindən hazırlanıb, amma Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra bu təyyarənin istehsalı dayandırılıb.

AP agentliyi An-148-in təhlükəsizlik sahəsində qüsurlar olduğunu yazır. Bir dəfə qəza baş verib, bir neçə dəfə də pilotlar təyyarəni çətinliklə endirə biliblər.

Ukrayna fevralın 12-də bildirib ki, Rusiyayla birgə təhqiqat aparmağa mütəxəssislər göndərəcək.

***

Antonov An-148 təyyarəsi yerə dəyəndə salamat olub və yanmayıb, təyyarə yerə toxunandan sonra partlayıb. Bunu Rusiyanın İstintaq Komitəsi bildirib.

Daha öncə açıqlanan məlumata görə, təyyarənin qara qutuları ciddi zədələnib, amma oxunmağa yararlıdır. Ekspertlər onların tədqiqinə başlayıb.

Rəsmilər təyyarənin terror aktı nəticəsində vurulmasına inanmadıqlarını bildiriblər, amma mümkün səbəb də açıqlamayıblar.

İstintaq Komitəsi “bütün nəzəriyyələr”in tədqiq olunacağını vurğulayıb.

***

Moskva kənarında 71 nəfərin ölümüylə nəticələnmiş təyyarə qəzasından sonra axtarış işləri hələ bir həftə çəkə bilər. Bunu Rusiya rəsmiləri bildirir.

“Hadisə yerində fasiləsiz iş gedir”, – fövqəladə hallar naziri Vladimir Puchkov fevralın 12-də jurnalistlərə deyib.

İKİ CƏSƏD AŞKARLANIB

Nazirlik fevralın 11-də axşam yalnız iki cəsədin aşkarlandığını bildirirdi. Qəza yerinə 400 xilasedicinin göndərildiyi xəbər verilir.

Qara qutulardan birinin tapıldığı qeyd olunsa da, onun məlumatın özü, yaxud səs rekorderinin olub-olmadığı bəlli deyil.

Puchkov axtarış əməliyyatının çətinliyini “qalıqların böyük əraziyə səpələnməsi, güclü qar və mürəkkəb relyef”lə izah edib.

Saratov Hava Yollarına məxsus Antonov An-148 təyyarəsi fevralın 11-də havaya qalxandan az sonra radardan itib. Moskvanın Domodedovo aeroportundan qalxan təyyarə Orska uçurmuş.

*** Buna da bax: Rusiyada təyyarə qəzasında 71 nəfər ölüb

Təyyarədəki 65 sərnişin və altı heyət üzvünün həlak olduğu bildirilir.

Prezident Vladimir Putin-in sözçüsü Dmitry Peskov ölkə başçısının “qurbanların ailələrinə dərin başsağlığı dilədiyini” çatdırıb.

Putin fevralın 12-də Soçiyə planlaşdırdığı səfərini ertələyib və təhqiqatı yaxından izləməkdən ötrü Moskvada qalıb.

PİLOTLAR TƏCRÜBƏLİ İMİŞ

Ağ ev də qəza qurbanlarının ailələrinə başsağlığı verib.

Hava yollarının sözçüsü Yelena Voronova 51 yaşlı pilot Valery I. Gubanov-un 5 min saatlıq uçuş təcrübəsi olduğunu, digər pilot Sergei Gambarian-ın da təcrübəli olduğunu söyləyib.

Heyət təcrübəli, təyyarə etibarlı idi”, – o, ABŞ-ın ABC televiziya şəbəkəsinə deyib.

Təyyarənin qalıqları aeroportun 40 kilometrliyində, Ramenskoye rayonunda tapılıb.

Uçuşları izləyən Flightradar24 saytı Twitter-də yazıb ki, təyyarə havaya qalxandan 5 dəqiqə sonra, dəqiqədə 1000 metr sürətlə düşüb.

Təyyarədəkilərin çoxu Orenburq rayonundan olub. Onlardan üçü uşaq, azı biri əcnəbi imiş. Orenburq regional hökuməti fevralın 12-də vilayətdə matəm günü elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG