Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 03:10

Brüsseldə Məmmədyarov-Mogerini danışıqları


Azərbaycan-Avropa Birliyi

Bu gün, fevralın 9-u Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Avropa Birliyi ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat ,enerji, humanitar və başqa sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Elmar Məmmədyarovun çıxışı

Xarici işlər naziri Elmar Məmmədyarovun Əməkdaşlıq Şurasındakı çıxışının mətni də yayılıb. Nazir çıxışında 2017-ci ilin əməkdaşlığın inkişafı baxımından məhsuldar və perspektivli olduğunu bildirib.

«İki tərəf Avropa Birliyi - Azərbaycan Tərəfdaşlığı prioritetləri (2018-2020) üzrə məsləhətləşmə prosesi ilə məşğul oldu və biz bu mühüm sənədin yekunlaşdırılmasını dəstəkləyirik», - nazir deyib.

Nazir deyib ki, Avropa Birliyi Azərbaycanda ən böyük investordur. Son 10 ildə AB-yə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan artıq sərmayə qoyub.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal altında saxladığını vurğulayıb.

«Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz qondarma rejimin təmsilçilərinin Avropa Birliyi ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır. Bu qəbildən olan səfərlər Avropa Birliyi ilə Ermənistan arasında vizaların sadələşdirilməsi, readmissiya haqqında sazişin və Şenqen viza rejiminin pozulması ilə müşayiət olunur»,- nazir çıxışını bitirib.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Proqramına AB-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

Ötən ilin fevralından Azərbaycanla AB arasında ikitərəfli danışıqlar başlayıb. Həmin ilin sonunda Avropa Birliyi ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb. Azərbaycanla da bu ilin sonuna qədər tərəfdaşlıq sazişinin imzalanacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG