Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:45

'Siyasətdə ağ və qara fiqurlarla oynamaq'-Media icmalı


Alma
Alma

Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı, prezident seçkilərinin 6 ay önə çəkilməsi, ölkədə bəzi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına baxmayaraq, qiymətlərinin ucuzlaşmamasının səbəbləri medianın aparıcı mövzularındandır...

«İstehsal da artır, qiymətlər ucuzlaşmır...»

«Yeni Müsavat» qəzetində «Ölkədə meyvə-tərəvəz istehsalı artır, qiymətlər isə enmir» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif ölkədə bahalaşma mövzusunu ekspertlərlə müzakirə edib.

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, 2017-ci ildə ümumilikdə kənd təsərrüfatı məhsullarının həm istehsal, həm də ixracında artım olub. 2018-ci ildə isə meyvə-tərəvəz istehsalının daha da artacağı gözlənilir:

«İstehsalın artmasına rəğmən, ölkədə kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəz və bostan məhsullarının qiymətində azalma müşahidə olunmur. Hətta ötən yay mövsümündə meyvə-tərəvəzin satış qiyməti əvvəlki illə müqayisədə xeyli baha oldu. Hazırda da ölkədə meyvə-tərəvəz bahalığı ilə diqqət çəkir. İstixana təsərrüfatlarının sayı artsa da, bazarlarda xiyar-pomidorun satış qiyməti 2 manatdan aşağı düşmür».

Kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov deyib ki, məhsulları bahalaşdıran bir neçə amil var ki, biri də ixracdır:

«Kiçik ölkələr daha çox mal ixracı üçün böyük ölkələrin bazarlarına çıxır. Kiçik ölkələrdə isə qiymətlər həmişə böyük ölkələrin bazarları ilə uyğunlaşdırılır. İndi biz meyvə-tərəvəzi daha çox Rusiyaya satırıq və məcburuq qiymətləri oradakına uyğunlaşdıraq».

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, ölkədə meyvə-tərəvəzin qiymətinə mövsümi amillər də təsir edir. N.Cəfərliyə görə də, qiymət artımına təsir edən əsas amil ixracatın artım dinamikası ilə istehsalın artım dinamikası arasında fərqin olmasıdır: «Ötən il kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin ixracında bundan bir neçə dəfə çox artım baş verib. Dövlət ölkəyə valyuta gəlişini artırmaq üçün ixracatı stimullaşdırır. Nəticədə ixraca yönələn meyvə-tərəvəz daxili bazardan çəkilir».

Ekspertə görə, daxili bazarlarda qiymətlərin yüksək olmasında inhisarlaşma da mühüm rol oynayır.

İlham Əliyev
İlham Əliyev

YAP-ın qərarı

Yap.org.az saytında «YAP-ın VI Qurultayının qərarı Azərbaycan xalqının mövqeyinin ifadəsidir» sərlövhəli yazıda «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkisində namizədliyinin rəsmiləşdirilməsini şərh edib .

«Yeni Azərbaycan Partiyasının VI Qurultayında aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyevin namizədliyi rəsmi şəkildə irəli sürüldü. Qurultayın qəbul etdiyi bu qərar Azərbaycan xalqının fikrinin, mövqeyinin ifadəsidir», - deyə baş redaktor vurğulayıb.

Qəzet redaktorunun fikrincə, ölkədə dövlət proqramları və islahatlar uğurla icra edilir:

«Əhalinin sosial rifahı daha da yüksəlib. Eyni zamanda, humanitar, mədəniyyət, idman və digər sahələrdə də ciddi nailiyyətlər qazanılıb».

B.Quliyev prezident seçkilərinin 6 ay əvvələ çəkilməsini ölkədə bəzi müxalifət qüvvələrinin tənqidlə qarşılaşmasına da münasibət bildirib. Onun fikrincə, dövlət başçısının növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncamı ölkə Konstitusiyasına söykənir:

«Əslində, bu, dövlət başçısının Konstitusiya ilə verilmiş müstəsna hüququdur. Digər tərəfdən, prezidentin səlahiyyət müddəti bu ilin oktyabrında başa çatır. Amma cənab prezident bu sərəncamı imzalamaqla əslində, digər siyasi partiyalara, namizədlik iddiasında olan şəxslərə şans verir ki, prezident seçkilərinə daha tez qatılsınlar və öz güclərini sınasınlar. Eyni zamanda, bu qərar cənab prezidentin özünəinamının ifadəsidir».

Seçki
Seçki

«Oyun qaydaları»

Azadliq.info saytında isə «Şahmat təkadamlıq oyun deyil» sərlövhəli yazı oxumaq olar.

Yazıda dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkisi ilə bağlı qərarı son günlərin ən çox müzakirə edilən sənədi kimi dəyərləndirir. Amma müəllif hesab edir ki, Azərbaycanda seçkilər obyektiv keçirilmir:

«Bizim ölkədə seçkinin harasını dəyişsən də, nəticə dəyişmir. Yəni, seçki qutusu «kişinin sözü bir olar» prinsipinə sadiq qalaraq, hökumət namizədini qalib edir. Amma cəmiyyətdəki müzakirələrdən də aydın görünür ki, məlum qərardan sonra seçkiyə münasibət bir az da pisləşib. Ölkə vətəndaşları seçkinin heç bir önəm daşımadığı, daha rüsvayçı formada baş tutacağı qənaətindədir. Hətta beynəlxalq mətbuat da hökumətin növbəti şouya hazırlaşdığını tirajlayır».

Müəllif hesab edir ki, prezident seçkisinin 6 ay irəli çəkilməsi haqda qərarla bağlı rəsmilər tutarlı arqumentlər gətirə bilmirlər.

Yazıda bildirildiyinə görə, indi hökumət və hökumətə yaxın kütləvi informasiya vasitələrində seçkilərdə ən layiqli namizədin prezident İlham Əliyev olması ilə bağlı qızğın təbliğat aparılır.

Müəllif obrazlı şəkildə prezident seçkilərini şahmat ilə eyniləşdirərək yazır ki, oyunun qaydalarına düzgün əməl edilməlidir:

«Atın fil gedişi etməsi, piyadanın at kimi oynaması ədalətli deyil. Şahmat taxtasını ortaya qoyun, oyunu hamı izləyə bilsin və qalib də müəyyən edilsin».

Müəllifin fikrincə, əgər siyasətdə oyun qaydalarına əməl edilərsə, qara fiqurlarla da qalib gəlmək mümkündür.

XS
SM
MD
LG