Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:03

'Növbədənkənar seçki, qurultay və qohumların hakimiyyəti'-Media icmalı


İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

Bu il aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkiləri, Yeni Azərbaycan Partiyasının qurultayı, hakimiyyətdə qohumluq əlaqələri və ölkədə ət idxalının artması medianın aparıcı mövzularındandır...

«Qohum-qudalardan ibarət hakimiyyət»

Azadliq.info saytında «Qohum-qudalardan ibarət hakimiyyət siyasi aləmi başa düşməz» sərlövhəli yazı oxumaq olar.

Müəllif iddia edir ki, indiki iqtidarın idarəçiliyi xalqı uğursuzluğa məhkum edib:

«Ölkə ictimaiyyəti bu iqtidarı özününkü bilmir, özündən biri hesab eləmir, ona güvənmir».

Müəllifə görə, elə bil ki, bu hakimiyyət Azərbaycanı Moskvadan, Parisdən idarə edib:

«Elə bil ki, ölkə boyu «qul bazarları»nın sayının artmasını görmür və belə bir zamanda əməkqabiliyyətli insanların 95 faizinin işlə təmin edilməsi cəfəngiyatını uydurur».

Yazıda vurğulanır ki, xalq hakimiyyətə etimad göstərmir. Müəllifin qeyd etməsinə görə, insanlar doğmalarının müalicəsindən ötrü belə üzləri gələn hər bir kəsdən yardım istəyirlər, amma hökumət orqanlarına üz tutmurlar:

«İqtidar nümayəndələri çıxış və müsahibələrində xalqın bol-bol hüquqları var deyirlər. Heç olmasa, xariciləri özünüzə güldürməyin, heç olmasa, demokratik institutlarla lal oyunu oynayın. Məgər, sizin üçün hüquq və azadlıqlar buğda zəmisidir ki, zəmidəki dənin artıqlığından və ya azlığından danışasız?».

Müəllif sonda da yazır ki, dünyada bir qisim siyasətçilər var ki, siyasi prosesləri tam anlamaq iqtidarında deyillər:

«Ər-arvad-qohum-quda-qonşu-dost hakimiyyəti isə, ümumiyyətlə, siyasi aləmi başa düşmür. Əks halda, seçkiylə bağlı fikirləri hekayəyə bənzəməzdi».

YAP qurultayı
YAP qurultayı

Qurultay havası

«Azərbaycan» qəzetində isə «Yeni Azərbaycanın və müstəqillik kursunun etibarlı təminatçısı» sərlövhəli yazıda Yeni Azərbaycan Partiyasının (YAP) bu gün, fevralın 8-də keçirilən qurultayı ilə bağlı təxmin və mülahizələr yer alır.

Yazıda güman edilir ki, qurultayda dövlət başçısı İlham Əliyevin növbədənkənar prezidentliyə namizədliyi irəli sürüləcək.

Müəllif prezident seçkilərinin 6 ay önə çəkilməsinə də toxunur. Yazıda vurğulanır ki, ölkədə prezident seçkilərinin apreldə və ya oktyabrda keçirilməsi heç nəyi dəyişmir.

Müəllif daha sonra yazır ki, son illər ölkədə ciddi islahatlar həyata keçirilib:

«Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycan son illərdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və güclü iqtisadiyyatla sürətli inkişaf edən ölkələr sırasında inamla irəliləyir. Təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla addımlayan müstəqil Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir».

Yazıda iddia edilir ki, hazırda ölkədə azad və ədalətli seçkilərin keçirilməsindən ötrü bütün imkanlar var:

«Əlbəttə ki, bu gün Azərbaycanda azad, ədalətli, demokratik və şəffaf seçkilər keçirilməsi üçün əlverişli mühit var. Bugünədək ölkəmizdə bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə baş tutub. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib. Seçki prosesi və onun nəticəsi yerli, beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib».

Qoyun
Qoyun

Təzadlar ...

«Novoye Vremya» qəzetində «Azərbaycanın ət bazarı: dəyərləndirmə və proqnoz» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, heyvandarlıq sahəsində təzadlar meydana çıxıb. Müəllifin qeyd etməsinə görə, rəsmilər bildirirlər ki, ölkə özünü ət məhsulları ilə az qala 100 faiz təmin edir. Amma başqa tərəfdən də ət idxalı getdikcə artır:

«Nəticələrə görə, 2017-ci ildə heyvandarlıq inkişaf edib. Ötən il ət istehsalı 2016-cı il ilə müqayisədə 3.2 faiz çoxalıb. Süd istehsalının da 0.7 faiz çoxaldığı bildirilir».

Yazıda bildirilir ki, rəsmi rəqəmlərdə yumurta istehsalının da 6.5 faiz artdığı açıqlanıb.

Müəllif rəsmi göstəriciləri nəzərə çatdırsa da, onlara inamsızlığını ifadə edib:

«Bu istehsal üçün sürülərin olması zərurətdir. 2016-cı ildə iribuynuzlu heyvanlar arasında azalma baş verib. 2017-ci ildə də bu meyl davam edib. Bu azalma xırdabuynuzlu sürülər içində də olub».

Yazıda qeyd edilir ki, son illər ət idxalında kəskin artım var:

«2014-cü ildə 15.5 min ton ət idxalına 19.5 milyon dollar xərclənib. 2017-ci ildə isə ət idxalı 40.1 min ton olub və buna 63.1 milyon dollar xərclənib».

Yazıda vurğulanır ki, idxal məhsulları yerli istehsalı tədricən bazardan sıxışdırıb çıxarmaqdadır.

Müəllif hesab edir ki, ət idxalının artması sırf sürülərin azalması ilə bağlıdır.

XS
SM
MD
LG