Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:47

'Hər məmurun 'öz' rayonunda öz biznesi var...' -Media icmalı


Bürokratiya. Karikatura
Bürokratiya. Karikatura

Dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirilməsinə dair fevralın 5-də verdiyi sərəncam, islahatların iqtisadi-siyasi proseslərə təsiri və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

«Sovet idarəetmə modeli»

«Exo» qəzetində «Azərbaycanda islahatlar daim yerində sayır...» sərlövhəli yazı oxumaq olar.

Müəllif islahatlar mövzusunu ekspert Natiq Cəfərli ilə təhlil edib.

«Azərbaycan hökumətinin nəzəri olaraq bütün böhranlı sahələrə dair dəqiq proqramı var, amma əməldə islahatlar yerində sayır. İslahatların tez və səmərəli icrası üçün təkcə istək yetərli deyil. Bunun üçün nazirlik və idarələrin işini düzgün təşkil etmək və fəaliyyətlərini nəzarətdə saxlamaq zəruridir. Yalnız bu halda islahatlar tezliklə icra oluna bilər. Bu baxımdan Azərbaycanın əvvəlki islahat proqramları heç yarıya qədər yerinə yetirilməyib», - deyə ekspert vurğulayıb.

N.Cəfərli deyib ki, hakimiyyətin heç də bütün addımları uğursuz olmayıb. Keçən il kənd təsərrüfatında ixrac 3 faiz artıb, amma hökumət daha çoxuna ümid edirdi.

İslahatların keçirilməsini mürəkkəb və baha başa gələn sayan müəllif bildirib ki, hər il büdcədən bu məqsədlə milyonlarla vəsait ayrılır:

«Nəticəsi göz önündədir. İslahatların keçirilməsi mürəkkəbdir. Buna paralel olaraq təhsil, məhkəmə, idarəetmə və icra sistemində də islahatlar olmalıdır. Çünki bu sahələrlə bağlı ciddi problemlər var».

Ekspertə görə, burada əsas problem dövlət sərəncamlarının yerinə yetirilməsinə nəzarətin lazmi səviyyədə təşkil olunmamasındadır:

«İndiki məmurların idarəetmə modeli sovet məmurlarından fərqli deyil. İcra başçısı güclü şəkildə biznesə müdaxilə edir, hər məmurun «öz» rayonunda öz biznesi var ki, ora «özgə»lər buraxılmır».

Novruz Məmmədov
Novruz Məmmədov

Prezidentin köməkçisinin arqumentləri

AZƏRTAC saytında «Novruz Məmmədov: Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir» sərlövhəli yazı dərc edilib. Yazıda dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirilməsinə dair fevralın 5-də verdiyi sərəncamla bağlı prezidentin xarici siyasət məsələləri üzrə köməkçisinin fikirləri əks olunub.

N.Məmmədov da müsahibəsində sərəncamı, bir sıra rəsmilər kimi, 2016-cı ilin sentyabr ayında Konstitusiyaya edilən dəyişikliklər kontekstində izah edib. O xatırladıb ki, həmin dəyişikliklərdə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Onun fikrincə, bu, yeni bir tarixi mərhələnin başlanğıcı olduğundan dövlət başçısı növbədənkənar seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət edir:

«Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib».

Prezidentin köməkçisi habelə deyib ki, 2018-ci ildə Azərbaycanda onlarla beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb:

«Aprel ayının sonundakı Formula-1 yarışlarından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi. Azərbaycan Ordusunun, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı silsilə tədbirlər».

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

«Hakimiyyət daxilində hansı proseslər gedir ki,...»

Azadliq.info saytında «Tarif Şurası sayağı qərar» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə məlum sərəncamla bağlı rəsmilərin dilindən eşidilən arqumentlərə şübhə bəslənilir.

Müəllif bu sərəncamı Tarif Şurasının bahalaşma ilə bağlı gecə qərarları ilə müqayisə edir.

Yazıda vurğulanır ki, seçkilərin 6 ay irəli çəkilməsi xeyli suallar doğurur:

«Bu növbədənkənar prezident seçkisinə səbəb nədir? Niyə tələsdilər? Hansı təhlükə qarşısında bu addımı atdılar? Ölkədə narazılıq hələ son həddə çatmayıb, etiraz aksiyalarında da kütləvilik yoxdur, müxalif qüvvələr dağınıq şəkildədir, birlik yoxdur. Beynəlxalq aləmdən təzyiqlər gəlmir, bəs bunları narahat edən nədir? Hakimiyyət daxilində hansı proseslər gedir ki, gecəylə belə bir sərəncam verildi?».

Müəllif xatırladıb ki, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar elan olunandan bu məsələ qızğın müzakirə edilir. Ən müxtəlif arqumentlər sadalanır. Amma müəllifin fikrincə, hakimiyyətin izahı inandırıcı və gerçək görünmür.

Yazıda vurğulanır ki, bu sərəncamla bağlı açıqlama verən rəsmilərin özlərinin bu sürprizə hazır olmadıqları elə ilk cümlələrindən bəlli olur: «Yəni onlar üçün də sürpriz olan bu gecə qərarını o qədər absurd fikirlərlə şərh edirlər ki, normalda bu sözlər onların ağlından belə keçməz. Prezidentin köməkçisi Əli Həsənov bu qərarı özünə də aydın olmayan arqumentlərlə əsaslandırmağa çalışır, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə bağlayıb».

Müəllif hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyətini Yerevanı Ermənistana «verməkdə» suçlayanların birdən-birə cümhuriyyət sevdalısı olmaları inandırıcı görünmür.

XS
SM
MD
LG