Dünyada iqtisadi azadlığa görə birinci yerdə Honq Konqdur. ABŞ-ın geriləməsi dayanıb, 18-ci yeri tutub. Ümumilikdə 102 ölkənin mövqeyi yaxşılaşıb, 75 ölkə geriləyib.
Bunu Heritage Fondunun yaydığı 2018-ci ildə İqtisadi Azadlıq İndeksi üzə çıxarıb. Ümumilikdə isə dünya iqtisadiyyatının “nisbətən azad” olduğu bildirilir ki, bu da artıq altıncı ildir iqtisadi azadlıq sahəsində yüksəliş deməkdir.
“QEYRİ-AZAD” İQTİSADİYYATLAR AZ DEYİL
180 ölkədə iqtisadiyyatın durumu dəyərləndirilib.Yalnız 3 ölkənin mövqeyində dəyişiklik yoxdur. Altı iqtisadiyyat 80 və daha artıq bal toplayaraq “azad” sayılıb, 90 ölkə 70-79.9 balla “əsasən azad”, yaxudda 60-69.9 balla “nisbətən azad” kateqoriyasına düşüb.
*** Buna da bax: Azərbaycan iqtisadi baxımdan 'nisbətən azad'dır
64 bal toplayan Azərbaycan “nisbətən azad” hesab olunub, 67-ci yerdədir. Qonşulardan Ermənistan da 68 balla 44-cü yeri tutub, “nisbətən azad” sayılıb. 16-cı yerdə qərarlaşmış Gürcüstan 76 balla “əsasən azad”, 58 balla 107-ci yerdə olan Rusiya “əsasən qeyri-azad”dır. Türkiyə 65 balla 58-ci yerdədir, “nisbətən azad” kateqoriyasındadır.
İqtisadiyyatı “qeyri-azad” ölkələrin sayı yüksək olaraq qalır, 63 ölkənin 50-59.9 balla “əsasən qeyri-azad”, 50-dən aşağı bal toplayanlarınsa “repressiya altında” olduğu bildirilir.
İndeksdə vurğulanır ki, iqtisadiyyatı daha azad ölkələrdə adambaşına gəlir də yüksəkdir. Bu ölkələrdəki gəlir digərlərindən azı iki dəfə artıqdır.