Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:43

'İqtisadiyyatda kölgəyə çəkilmələr'-Media icmalı


İ.Əliyev Bakı metrosunda. 2011
İ.Əliyev Bakı metrosunda. 2011

Hökumətin sosial siyasəti, inhisarın iş adamlarının fəaliyyətinə təsiri, ölkədə orden və medalların verilməsi medianın aparıcı mövzularındandır...

Təltif və medallar

Azadliq.info saytında «Təltiflər hökuməti necə ifşa edir?» sərlövhəli yazı oxumaq olar.

Müəllif hesab edir ki, Azərbaycanda təltiflər mahiyyətini itirməkdədir. Yazıda iddia olunur ki, indi Azərbaycanda xalqa, dövlətə, dəyərlərə xidmət mükafatlandırılmır:

«Hökumətə xidmətə qiymət verilir. Ölkə başçısı İlham Əliyevin mütəmadi olaraq payladığı orden-medallara nəzər salanda hakimiyyətin mahiyyəti daha da aydın görünür».

Yazıda vurğulanır ki, Azərbaycanda heç də müsbət əməllər təqdir edilmir. Müəllifin fikrincə, bəzən pis əməllər qiymətləndirilir:

«Məsələn, hansısa vəzifəli şəxs korrupsiyaya bulaşanda, hansısa məmurun tərcümeyi-halında eybəcərliklər aşkar olunanda, hamı bir ağızdan deyir ki, bu adama medal verəcəklər. Yaxud hansısa müxalifət liderinə, tənqidçi jurnalistə çamur atan adamın tezliklə deputat olacağı, biznesmenə çevriləcəyi proqnozlaşdırılır və bu da özünü doğruldur».

Müəllif iddia edir ki, prezident İlham Əliyevin medal verdiyi şəxslər arasında müsbət reputasiyalı, cəmiyyətin nüfuzunu qazanan adamlar çox azdır:

«Bu gün isə (fevralın 3-də) ölkə başçısı metropolitenin keçmiş şefi, YAP Yasamal şöbəsinin sədri Tağı Əhmədovu «Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə» 2-ci dərəcəli «Əmək» ordeni ilə təltif edib. Halbuki, qısa müddət öncə Tağı Əhmədov böyük qalmaqallarla gündəmə gəldi...».

Yazıda xatırladılır ki, «Bakı Metropoliteni» ASC-nin keçmiş sədri T.Əhmədovun adı bir müddət öncə ölkə mətbuatında ləğv edilən MTN generalı, bir sıra ağır cinayətlərdə ittiham edilən Akif Çovdarovun işində hallanırdı...

Monopoliya
Monopoliya

İqtisadi azadlıqların qənimi –inhisar

«Novoye Vremya» qəzetində «İnhisar-iqtisadi azadlıqlara maneədir» sərlövhəli yazı dərc edilib.

Yazının girişində vurğulanır ki, Azərbaycanda bir müddətdir ki, biznes yoxlamaları dayandırılıb:

«Azərbaycanda 2021-ci ilə kimi biznes sahələrinin yoxlanmasına moratorium qoyulub. Bu da başa düşülməlidir ki, daimi təzyiq orta və kiçik biznesi bağlanmağa məcbur edərək dövlət xəzinəsinə gələcək gəlirləri azaldır. Biznes azadlığı iqtisadiyyatın uğurlu inkişaf zəmanəti deməkdir, amma bəziləri bununla hesablaşmaq istəmir».

Müəllif yazır ki, biznes azadlığına görə Azərbaycan bəzi beynəlxalq reytinqlərdə mövqeyini bir qədər də yaxşılaşdırıb:

«Amma biznes yoxlamalarına qadağa heç də iş adamlarının bütün problemlərinin həlli demək deyil. Eyni zamanda vergi qanunvericiliyi yerli biznesin maraqlarına cavab verməlidir, biznesdə azadlıqlar azaldıqca, iqtisadiyyatda kölgəyə çəkilmələr artır».

Yazıda iddia olunur ki, ölkə iqtisadiyyatında inhisarın ciddi şəkildə mövcud olması fonunda sahibkarların azadlığından danışmaq özü qeyri-ciddi görünür:

«Əgər iqtisadi qaydaları inhisarçılar diktə edəcəksə, hətta biznes yoxlamalarına moratorium qoyulması da mənasız olacaq. Bizdə bu dediyimiz hallar baş verir. Yoxlamalar dayandırılıb, bu yaxşıdır, amma sağlam rəqabət hələ də yoxdur. Bunun günahkarı isə iqtisadiyyatın bütün sahələrini və o cümlədən bazarı özlərinə tabe edən inhisarçı qruplardır. İnhisarçıların fəaliyyəti nəticəsində bazarda qiymətlərin bahalaşması davam edir, buna uyğun olaraq da inflyasiya artır».

Müəllif hesab edir ki, Azərbaycanda inhisarçıları yüksəkrütbəli məmurlar himayə edir:

«Şübhəsiz ki, iqtisadi azadlıq göstəriciləri məmurların münasibətindən asılıdır. Məmurların tamahkarlığı və korrupsiyaya uğramaları iqtisadi azadlıqları əngəlləyir».

İ.Əliyev Qobustan rayonunda
İ.Əliyev Qobustan rayonunda

İqtisadi inkişaf və sosial rifah

«Azərbaycan» qəzetində «Sosial rifah iqtisadi inkişafdan asılıdır» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, ölkədə sosial məsələlərin həlli əsas vacib məsələlərdəndir. Bu isə iqtisadi inkişafla sıx bağlıdır.

Yazıda sosial infrastrukturun genişləndirilməsi, yeni iş yerlərinin açılması, pensiya və sosial müavinətlərin artırılması da məhz iqtisadi inkişafın nəticəsi hesab edilir.

Müəllif prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından sitat da gətirir:

«Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Eyni zamanda, - mən bunu əvvəlki müşavirələrdə də bildirmişəm, - biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək. Onlar üçün şərait yaradaq, o cümlədən onları özünüməşğulluq proqramı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardıma ehtiyacı olanların sayı azalsın».

Yazıda iddia olunur ki, 2017-ci ildə 221 min iş yeri açılıb. Onun 177 mini daimi iş yerləridir.

Həmçinin müəllif rəsmi mənbələr istinadən bildirir ki, işsizlik 5 faizə, yoxsulluq isə 5.4 faizə düşüb.

XS
SM
MD
LG