Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

Davossonrası depressiya- Nobel mükafatı laureatı yazır


Donald Trump Davosa gəlir
Donald Trump Davosa gəlir

Bu il Davos iqtisadi forumuna qatılmış şirkət rəhbərləri artımın bərpasından, gəlirlərin güclənməsindən bəlağətlə danışırdılar. Amma iqtisadçılar onlara xatırlatdı ki, bu artım davamlı deyil və heç vaxt inklüziv olmayıb; di gəl, tamahkarlığın yaxşı şey sayıldığı bir dünyada belə arqumentlərin elə də güclü təsiri yoxdur. Bunu “Project-syndicate” portalında iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbiya Universitetnin professoru və Roosevelt İnstitutunun baş iqtisadçısı Joseph E. Stiglitz yazır.

ŞİRKƏT RƏHBƏRLƏRİNİ NARAHAT EDƏN SƏBƏB

Müəllif Davos forumuna 1995-ci ildən qatıldığını, amma qol-qanadının builki kimi sınmadğını vurğulayır. O, dünyanın bir sıra zəbtolunmaz problemlərə qərq olduğunu qeyd edir. Bərabərsizlik baş alıb gedir, rəqəmsal inqilab konfidensiallıq, təhlükəsizlik, iş yerləri və demokratiyaya ciddi risk yaradır, iqlim dəyişikliyi qlobal iqtisadiyyatı bütövlükdə təhdid edir.

*** Buna da bax: Trump: 'Öncə Amerika' tənha Amerika demək deyil (Canlı)

Amma adamı ruhdan salan bu problemlərdən çox, onlara necə reaksiya verilməsidir. Davosda bütün dünyadan şirkət rəhbərləri çıxışlarına dəyərlərin vacibliyini təsdiqləməklə başlayırlar. Bəyan edirlər ki, fəaliyyətləri təkcə səhmdarlar üçün maksimum fayda götürməyi deyil, həm də işçiləri, çalışdıqları icmalar, ümumilikdə dünyadan ötrü daha yaxşı gələcək yaratmağı hədəfləyir. Hələ bir sözdə iqlim dəyişikliyi və bərabərsizliyin yaratdığı risklərdən də dəm vururlar.

Ancaq bu il onların çıxışları bitər-bitməz, Davosda motivasiya yaradan, dəyərlər barədə olan-qalan illüziyalar da darmadağın oldu. Bu şirkət rəhbərlərini əndişələndirən ən böyük risk onların formalaşdırmış olduğu, nəhəng fayda götürdükləri qlobalizasiyaya populist əks reaksiya imiş”, – iqtisadçı yazır.

Müəllif daha sonra bu sistemin Avropa və Birləşmiş Ştatlarda əhaliyə yaratdığı problemlərdən söz açır. Bir çox təsərrüfatların real gəlirləri dayanıb, gəlirdə əməyin payı əməlli azalıb. ABŞ-da ömür uzunluğu artıq ikinci ildir ardıcıl azalır və sairə.

BƏS NƏDƏN DANIŞDILAR?

ABŞ-dan gəlmiş şirkət rəhbərlərindən heç biri prezident Donald Trump-ın dilə gətirdiyi mənfi fikirlərə, kişi şovinizminə, irqçiliyə toxunmadı. Axı, o da tədbirdəydi... Heç biri həqiqətin sübutu sistemlərinin tərk edilməsindən danışmadı... Amerika korporasiya rəhbərlərinin heç biri administrasiyanın elmin maliyyəsini kəsməsinə toxunmadı... Heç biri Trump administrasiyasının beynəlxalq qurumları rədd etməsindən, yerli media və ədliyyəyə hücumundan danışmadı...” – Nobel mükafatçısı vurğulayır.

*** Buna da bax: Trump Davosda – ‘zəfər anı’

Müəllif Davosdakı şirkət rəhbərlərinin bütün bunların əvəzində Trump və respublikaçı konqresmenlərin qəbul etdirdiyi vergi qanunvericiliyindən danışdığını qeyd edir. Bu dəyişikliklər böyük korporasiyalara və onların zəngin sahiblərinə milyardlarla dollar gətirəcək.

Beləliklə, şirkət rəhbərlərinin çıxışlarının əvvəlində təkrarladıqları şit bəyanatları unudun. Michael Douglas-ın 1987-ci ildə ‘Wall Street’ filmində yaratdığı obrazın saflığı onlarda yoxdur, amma mesaj dəyişməyib: ‘Tamahkarlıq yaxşı şeydir’/ Məni depressiyaya salan odur ki, bu mesajın saxtalığı gün kimi aydın olduğu halda, hakimiyyətdəkilərin çoxu onun doğru olmasına inanır”, – müəllif vurğulayır.

XS
SM
MD
LG