Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

'Gizli Bakı'-Mətbuat icmalı


Bakı
Bakı

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrün dəyərləndirilməsi, bankların maliyyə göstəriciləri, Bakının gəlir və xərclərinin şəffaflığı medianın aparıcı mövzularındandır...

«Bakının gəliri və xərcləri bilinmir»

«Exo» qəzetində «Bakının illik gəlirləri: ictimaiyyətdən nələr gizlədilir» sərlövhəli yazı oxumaq olar.

Yazıda iddia olunur ki, paytaxt Bakı bir sıra gəlirlərə malikdir, amma şəhər hakimiyyəti bu barədə məlumatları açıqlamır.

Mövzunu dəyərləndirən ekspert Nəriman Ağayev qəzetə deyib:

«Şübhəsiz, Bakı gəlir mənbələrinə malikdir və hər il pul qazandırır. Bakının illik gəlirləri gizli saxlanılır, şəhər hakimiyyəti bu məlumatları ciddi səylə ictimaiyyətdən gizlədir. Bununla belə, bu gəlirlərin həcmi 10 milyonlarla manatla ölçülür».

N.Ağayev vurğulayıb ki, Bakının büdcəsinə vəsaitlər ölkə büdcəsindən də ayrılır. Ekspertin deməsinə görə, 2017-ci ildə şəhərin ehtiyaclarından ötrü 160 milyon manat verilib. Bundan əlavə, icra hakimiyyəti göstərdiyi xidmətlərdən gəlirlər əldə edib.

Yazıda qeyd edilib ki, burada söhbət pullu dayanacaqlardan, torpaq sahələrinin satışından və ya icarə haqlarından gedir.

N.Ağayev vurğulayıb ki, inkişaf etmiş bütün ölkələrdə şəhərlərin gəlirləri və xərcləri şəffafdır. Onun bildirməsinə görə, istənilən sakin meriyanın saytına daxil olmaqla onun maliyyə hesabatları ilə tanış ola bilir:

«Bizdə isə bu informasiyalar ictimaiyyətdən gizlədilir. Ona görə də şəhər hakimiyyətinin il ərzində nə qədər qazandığını və ya xərclədiyini bilmirik. Hər il şəhərin illik büdcəsinə yolların qardan təmizlənməsi ilə bağlı xərclər daxil edilir. Bu xərclərə qum alınması və s. aiddir. Amma bilinmir ki, qar yağmasa, bu vəsaitlər dövlətə qaytarılır, yoxsa yox. Bir sözlə, suallar çoxdur, amma cavabları yoxdur».

İqtisadçı Seyfəl Əliyev də deyib ki, təkcə Bakının dayanacaqlarından şəhər hakimiyyəti kifayət qədər qazanc əldə edə bilər. Amma onun deməsinə görə, bu pulların bir hissəsi dayanacaqda duran şəxslərin ciblərinə axır...

Bank
Bank

10 bank ziyanda

«Marja» saytında «20 bank mənfəət, 10 bank zərər açıqladı – SİYAHI» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, yanvarın 31-dək Azərbaycanın 30 bankının hamısı 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb. Saytın araşdırmasına görə, 2017-ci ili 30 bankdan 20-si xalis mənfəət, 10-u isə zərər ilə başa vurub:

«Ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır. Özəl banklar arasında isə «Kapital Bank», «PAŞA Bank» və «Xalq Bank» ən çox xalis mənfəət əldə edib».

Yazıda vurğulanır ki, 2016-cı illə müqayisədə ötən il zərər edən bankların sayı azalıb:

«Ötən ili zərər ilə bağlamış bankların bir çoxunun 2018-ci ili mənfəətlə başa vuracağı gözlənilir. Zərərdə olan banklardan bir neçəsi («AccessBank», «Bank Respublika», «Bank of Baku») kapitalın artırılacağını bəyan edərək 2018-ci ilə olduqca pozitiv yanaşdıqlarını bəyan ediblər».

2015-ci ildə baş verən devalvasiyalardan sonra ölkədə 13 bank bağlanıb. Onlardan birinin ötən il, qalanlarının isə 2016-cı ildə fəaliyyəti dayandırılıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

İ.Əliyev Ağsuda
İ.Əliyev Ağsuda

Son 14 ilin iqtisadi uğurları

«Azərbaycan» qəzetində «Son 14 il müasir Azərbaycanın inkişaf tarixində mühüm dövrdür» sərlövhəli yazıda Yeni Azərbaycan Partiyasının ( YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrü dəyərləndirib .

V.Rəhimzadə deyib ki, İ.Əliyevin prezident seçildiyi 2003-cü ildən bu yana Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun fikrincə, əsasını Heydər Əliyevin qoyduğu uğurlu islahatları dövlət başçısı İ.Əliyev daha dinamik və çoxşaxəli şəkildə davam etdirib:

«Məhz ötən 14 ilin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi mənzərəsinə, statistik göstəricilərinə nəzər yetirdikdə bir daha bu reallığın şahidi oluruq. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çox uğurla gedir. Bu mənada üçüncü proqram da uğurla icra edilir, qarşıda duran bütün vəzifələr icra edilir».

Müəllif yazıb ki, İ.Əliyev gördüyü işlərlə, imza atdığı qlobal layihələrlə dünya miqyasında nüfuzlu lider, ölkə daxilində qətiyyətli, uzaqgörən rəhbər olduğunu təsdiq edib.

V.Rəhimzadə bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda ciddi uğurlar qazanıb:

«Ötən 14 ildə iqtisadiyyat 3.2 dəfə, qeyri-neft iqtisadiyyatı 2.8 dəfə artıb. Sənaye sahəsində 2.6 dəfə artım var, kənd təsərrüfatında 1.7 dəfə, qeyri-neft məsullarının ixracında isə 4.1 dəfə artım qeydə alınıb».

Ölkənin ötən 14 ildə böyük və şərəfli yol keçdiyini düşünən V.Rəhimzadə bildirir ki, 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1.8 milyard dollar idi, indi isə bu ehtiyatlar 42 milyard dollara bərabərdir:

«Bu mənada 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artıb. Bununla yanaşı, 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub».

XS
SM
MD
LG