Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:21

«Avropa Birliyi (AB) Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2017-ci ilin 11 ayında Azərbaycanın xarici ticarətində Avropa Birliyi ölkələrinin payı 41 faiz təşkil edib».

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə belə deyib. Bu haqda nazirliyin bu gün, yanvarın 31-də yaydığı məlumatda bildirilir.

Nazir vurğulayıb ki, AB ölkələri 2012-ci ildən Azərbaycana 15 mlrd. dollar həcmində investisiya yatırıb. Azərbaycanda AB ölkələrinin 1400-dən çox şirkəti fəaliyyət göstərir.

Görüşdə Azərbaycanla AB arasında enerji sahəsindəki əməkdaşlığa toxunulub. Ş.Mustafayev əməkdaşlığın uğurlu olduğunu qeyd edib. Görüşdə bildirilib ki, bu ilin martında Brüsseldə Avropa Birliyi ilə keçiriləcək görüşlərdə müzakirələr davam etdiriləcək.

Görüşdə Avropa Birliyi-Azərbaycan sazişi layihəsi barədə də fikir mübadiləsinin aparıldığı bildirilir.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru H.Hololeyin başçılıq etdiyi nümayəndə heyəti bu həftənin əvvəlindən Azərbaycanda səfərdədir. Onlar yanvarın 29-da Azərbaycan prezidenti ilə də görüşmüşdülər.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Proqramına AB-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulunda isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Ötən ilin fevralından ayrıca ikitərəfli danışıqlar da başlayıb. Həmin ilin noyabrında Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişi bağlanıb. Azərbaycanla isə, hələ ki, belə saziş bağlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG