Regionların inkişafı, Bayıl yamacındakı sürüşmə zonasında sakinlərin şikayətləri və Azərbaycanda siyasi vəziyyət medianın aparıcı mövzularındandır...
Sürüşmə ərazisində sakinlərin şikayəti
«Yeni Müsavat» qəzetində «Bayıldan xəbər var: «Evlərimizi qəzalı kimi göstərib, bizi bayıra atıblar» sərlövhəli yazı oxumaq olar.
Yazıda Bayıl yamacındakı sürüşmə zonasından və oradakı sakinlərin durumundan bəhs edilir.
Müəllif bildirib ki, Bayıl yamacı, Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə zonasında bərkitmə işləri gedir və təhlükədə sayılan 250-yə yaxın evin qeydiyyatı bir neçə günə yekunlaşacaq:
«Sakinlərin sözlərinə görə, ərazidə təhlükə hələ də qalmaqdadır. Həmin ərazidə müvafiq qurumlar iş aparırlar. Sürüşmə zonasının ən aktiv hissəsində məskunlaşan sakinlər təxliyə edilərək, müvəqqəti sığınacaqlara köçürülüblər. Təhlükəsizliyə görə boş evlərə qaz və elektrik verilmir».
Yazıda vurğulanır ki, elə ərazidə olduğu zaman 50-yə yaxın sakin sürüşmə zonasına yaxın yerdə kommunal xətlərin kəsilməsindən narazılıq ediblər:
«Bir həftədir ki, kommunal problemlərdən əziyyət çəkirik, bayırda ocaq qalayıb, yemək bişiririk. Biz də anlayırıq ki, ərazi sürüşmə zonasıdır və təhlükə riski var. Ancaq bizi də başa düşməlidirlər...».
Müəllif bildirib ki, evləri qəzalı durumda olan və sürüşmə zonasına yaxın məskunlaşan sakinləri rayon ərazisində müvəqqəti sığınacaq kimi 163 saylı məktəbə yerləşdiriblər.
Yazıda bildirildiyinə görə, bəzi sakinlər iddia ediblər ki, evləri sürüşmə zonasından uzaqdır və onda hər hansı çat yaranmayıb. Amma evlərini qəzalı kimi qələmə veriblər:
«Kommunal xətləri kəsib, özümüzü də ərazidən uzaqlaşdırıblar. Sürüşmə zonasında yaşayan ailələri köçürdükləri müvəqqəti sığınacağa bizi də köçürmək istəyirlər. Məqsədləri bizi uzaq yerlərə köçürməkdir. Həmin məktəbdə isə vəziyyət çətindir. Kişilər və qadınlar ayrı-ayrı yerlərdə qalırlar».
Siyasi mübarizədə ləyaqət anlayışı
Azadliq.info saytında «Siyasi mübarizə və ləyaqət» sərlövhəli yazı yer alıb.
Yazıda mənəvi keyfiyyətlərə söykənən ləyaqətli siyasi mübarizə məsələsinə toxunulur:
«Mənəvi keyfiyyətlər heç vaxt köhnələ və ya müasirləşə bilməz, tərifini dəyişməz, çəkisini itirməz. Yəni, ləyaqət, qürur, xeyirxahlıq, cəsarət, əxlaq anlayışları həmişəyaşardır. Heç bir dövr, idarəçilik, situasiya bu dəyərlərdən imtina etməyə bəraət qazandırmır».
Müəllif iddia edir ki, Azərbaycanda dəyərlər baş-ayaq düşüb və kütlə yanlış düşüncəyə sürüklənir:
«İrəli getmək üçün yaltaqlanmaq yolu tutan, başqasına çamur atmaq qərarı verən, zalımın qarşısında əyilmək fikrinə düşən adam ləyaqətsizliklə ittifaqa can atır. Yəni, onun düşündükləri yavaş-yavaş əməlində özünü göstərir və nəticədə «ləyaqətsiz insan»a çevrilir».
Müəllif hesab edir ki, belə bir vəziyyətin yaranmasının başlıca səbəbi xalqın qorxuya təslim olmasıdır:
«İndiki situasiyada ləyaqət, qürur, mənəvi dəyərlər uğrunda mübarizə gedir...».
Daha sonra yazıda mübarizənin çətinliklərindən bəhs edilir. Müəllifə görə, mübarizənin çətinliyi Azərbaycanın demokratik ölkə olmamasında, hakimiyyətin opponentləri ilə sivil davranmamasındadır:
«Adamlar şüurlu şəkildə həyatlarını bu mübarizəyə həsr ediblər, zindanı gözə alıblar, gəncliklərini qurban veriblər...».
Regional mərkəzlər
«Azərbaycan» qəzetində «Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub» sərlövhəli yazıda deputat Hikmət Babaoğlunun fikirlərinə yer verilib.
H.Babaoğlu deyib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev 2004-2017-ci illərdə ölkənin sosial-iqtisadi inkişafının mühüm göstəricilərinə toxunub.
Deputat hesab edir ki, dövlət başçısı hələ 2003-cü ildən ölkə regionlarının inkişafını əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib:
«İqtisadiyyatın rəqabət qabiliyyətli olması və resursların iqtisadi inkişafa cəlb edilməsi üçün regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu gün milli iqtisadiyyatımızın hazırkı inkişaf göstəricilərinin təmin olunması prosesində dövlət proqramları mühüm rol oynayıb».
Ölkədə məcburi köçkünlərin problemlərinə toxunan deputat vurğulayıb ki, prezident İ.Əliyevin hakimiyyətdə olduğu son 14 ildə 265 min belə insan yeni evlərə köçürülüb:
«Bu, Azərbaycanda sosial təminatı zəif olan təbəqəyə qarşı münasibətin göstəricisi olmaqla bərabər, həm də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin daim diqqətdə olduğunu göstərir».
Deputat regionların qazlaşdırılması, enerji təchizatı, yol tikintisi kimi layihələrə də toxunub:
«Azərbaycanda 18 iqtisadi rayon var və hər bir iqtisadi rayonun ixtisaslaşmış sahələri var. Regional iqtisadiyyat qurularkən yerli xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma aparılıb. Bu da iqtisadi rayonların əmək qüvvələri və istehsal münasibətlərinin mütənasibliyini təmin etməklə regionlardakı inkişafı daha da sürətləndirib».