Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

'Pulunu bankdan tələb etməyə qorxanlar var'-Media icmalı


Padşah Bank. Karikatura
Padşah Bank. Karikatura

İqtisadiyyatın inkişafında iş adamlarının rolu, banklarda qalan irihəcmli əmanətlərin taleyi və hakimiyyət-xalq münasibətləri medianın aparıcı mövzularındandır...

Banklardakı böyük əmanətlərin taleyi

«Exo» qəzetində «Azərbaycan vətəndaşları banklardan öz pullarını tələb etməyə qorxurlar» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkə banklarında qalan əmanətlərin taleyini ekspertlərlə müzakirə edib.

«Hazırda bağlanmış banklarda bəzi vətəndaşların böyük həcmdə əmanətləri qalıb. Bu əmanətləri tələb etməyə qorxurlar. Mənə müraciət olanda, ilkin soruşduğum bu olur ki, sona qədər gedəcəksinizmi? Hansısa suallar yarandıqda pulunuzdan imtina etməyəcəksiniz ki? Elə olub ki, vətəndaşlar pullarını geri götürməyə qorxublar. Ona görə də hesab edirəm ki, kapitalın amnistiyası haqqında qanun qəbul olunmalıdır», - deyə ekspertlərdən Əkrəm Həsənov bildirib.

Ekspert deyib ki, görünür, həmin pulların bir hissəsi doğru yollarla qazanılmayıb.

Ə.Həsənov vurğulayıb ki, həmin qanun məbləğin 10 faizini dövlət ödənişlərinə sərf etməklə pullarını ölkəyə gətirmək istəyən vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Ekspert hesab edir ki, 2018-ci ildə də bankların bağlanması gözlənilir. Onun fikrincə, əmanət sığortalanıbsa, bankın bağlanması əmanətlərin qaytarılmasına maneə ola bilməz.

Ekspert deyib ki, illik ödəniş faizləri aşağı olduğundan onsuzda əhali valyutanı banklara yerləşdirməkdə maraqlı deyil.

Sığorta bazarı üzrə ekspert Adil Aslanov da vurğulayıb ki, ölkənin bank sistemi indi dərin böhran içindədir. Onun fikrincə, bankların problemləri birbaşa sığorta bazarının da fəaliyyətinə təsir göstərir:

«Əgər banklar tezliklə böhrandan çıxmasalar və xüsusilə kreditləşməyə başlamasalar, bu, sığorta bazarına çox pis təsir göstərəcək...».

İlham Əliyev
İlham Əliyev

Paradokslar...

Azadliq.info saytında «İntihar edənlər son anda eybəcər cəmiyyətdə doğulmalarının təəssüfünü çəkirlər» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, bəzi ölkələrdə cəmiyyət iqtidar-birliyi olur və bu birliyi rəsmi siyasət yaradır. Müəllifin fikrincə, Azərbaycanda isə belə deyil:

«Ölkə idarəçiliyi Azərbaycan xalqını çoxdan itirib axı, bir də məqsədli yanaşmalara nə ehtiyac var...».

Müəllifə görə, indiki iqtidar komandası xalq qarşısındakı inamını kərpic-kərpic, daş-daş itirməkdədir. Onun fikrincə, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə bağlı verilən qərar isə hakimiyyətinin ömrünü uzatmaq məqsədinə xidmət edir:

«Özünü milli göstərmək gedişidir, əks halda 25 illik hakimiyyətləri dövründə Cümhuriyyətin ən azından 80, 85, 90, 95 illik yubileyindən birini qeyd edərdilər. Dediyimiz kimi, siyasi fəaliyyətə «milli rəng» qatmaq istəyirlər».

Müəllif hesab edir ki, bəzi hökumət tərəfdarları indi özlərini xalqçı kimi göstərmək istəyirlər. Yazıda vurğulanır ki, buna səbəb hakimiyyətin zəifləməsidir:

«Özlərini ədalətli, milli, vətənpərvər, dərindüşüncəli göstərmək üçün. Maşallah, təklif təklif dalınca gəlir. Bəs, bu məlum sərəncama qədər bu təklifləri dilinizə niyə gətirmirdiniz? Yəni, bu tezliklə də köynək dəyişmək mümkünmüş? Təbii ki, tarixdə heç kimi nə kiçiltməli, nə də şişirtməliyik ! Hər bir kəsi öz boyunda, öz siyasi əmsalında görməliyik».

Müəllif iddia edir ki, Azərbaycanda heç bir sahədə ciddi uğur qazanılmayıb. Amma hakimiyyət təmsilçiləri «lider ölkə» iddiasından əl çəkmirlər.

Yazıda vurğulanır ki, dövlət başçısı İlham Əliyevin Davosda Azərbaycanda bütün fundamental azadlıqların qorunması haqda açıqlamaları da real mənzərə ilə paradoks yaradır:

«Görəsən, bu hakimiyyətdə məntiq deyilən nə isə tapa biləcəyikmi?».

Biznes
Biznes

İş adamlarına dəstək

«Azərbaycan» qəzetində «İqtisadiyyatın sahibi – sahibkarlar» sərlövhəli yazıda iqtisadiyyatın inkişafında iş adamlarının rolu dəyərləndirilir.

Müəllif yazıb ki, 2017-ci ildə iqtisadi uğurlar qazanılmasında iş adamlarının rolu böyük olub.

Yazıda bildirilir ki, keçən il sənayedə qeyri-dövlət sektorunun payı 80 faizə çatıb. Ümumi istehsalın 89.8 faizi sənaye məhsullarının istehsalı, 10.2 faizi isə sənaye xarakterli xidmətlərin görülməsi hesabına formalaşıb:

«Sənaye sektorunda sahibkarların üstünlük təşkil etməsi sözsüz ki, dövlətin onlara verdiyi hərtərəfli dəstəyin nəticəsidir. Digər bir fakt: ötən il Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635.6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlər sahibkarlara bizneslərini genişləndirməyə və 6600-dək yeni iş yerini açmağa imkan yaradıb».

Müəllif vurğulayır ki, ölkəni hərtərəfli inkişaf etdirmək siyasətinə uyğun olaraq, güzəştli kreditlərin 65 faizi region, 35 faizi Bakı ətrafı qəsəbələrin sahibkarlarına ayrılıb.

Yazıda qeyd edilir ki, daha 120.4 milyon manat güzəştli kredit isə müasir istehsal, emal və infrastruktur layihələrinə ayrılıb. Nəticədə 61 yeni müəssisə fəaliyyətə başlayıb.

Yazıda görülən və görülməsi nəzərdə tutulan işlərlə bağlı dövlət başçısı İ.Əliyevdən sitat da gətirilir:

«Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir».

XS
SM
MD
LG