Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:10

'Talançılığın norması...'-Media icmalı


Korrupsiya
Korrupsiya

Büdcə vəsaitlərinin mənimsənilməsi, pambıqçılıqla məşğul olan fermerlərin zərəri və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan «Cənub Qaz Dəhlizi» layihəsində TANAP-ın rolu medianın aparıcı mövzularındandır...

Təmir-abadlıq işlərində məsrəflərin şişirdilməsi

Azadliq.info saytında «Oğurluğu normaya çevirmiş idarəçilik» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bəzi dövlət qurumlarında maliyyə talançılığı baş verir. Müəllif iddialara əsas kimi də Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) bu günlərdə açıqladığı hesabatı göstərir.

Müəllifə görə, maliyyə talançılığı ölkədə yeni məsələ deyil:

«Ölkənin necə idarə olunması, niyə bu duruma düşməsi hamıya məlumdur. İllərlə ölkədəki korrupsiya, məmur özbaşınalığından danışılsa da, faktlarla təsdiqlənsə də, hakimiyyət həmişə özünü təmizə çıxarmağa çalışıb. Tənqidi yazılar, çıxışlar, bir qayda olaraq, qərəz kimi təqdim edilib».

Yazıda vurğulanır ki, DMNX 2017-ci ildə 10 təşkilatda 2.3 mln. manatlıq mənimsəmə aşkar edib:

«Mənimsəmələr təmir-abadlıq işlərində məsrəflərin əsassız şişirdilməsi, bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürülməsi, əmək haqlarının əsassız olaraq artırılması və s. şəklindədir».

Müəllif bu qeyd edilənləri ümumi mənzərənin xırda görüntüsü sayır. Əslində isə ölkədə talançılığın həcminin 10 milyardlarla olduğunu iddia edir. Müəllifinə görə, əgər xırda dövlət qurumları milyonları ələ keçirirsə, böyük təşkilatlarda bunun həcimi daha böyükdür:

«Bəli, bu ölkədə icra hakiminin, polis rəisinin, rektorun, komitə sədrinin nə qədər pul yığdığını ən yuxarıda oturanlar əzbər bilirlər, çünki bu eybəcər şəraiti elə yuxarıda oturanlar yaradıblar».

Pambıq
Pambıq

Ziyana düşən fermerlər

«Novoye Vremya» qəzetində «Pambıqçılara ancaq ziyana düşmək qaldı» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda iddia edilir ki, bu il pambıqçılığa aid fermerlərin qazancı heç də çox olmayıb. Müəllifin fikrincə, bunun səbəbi ucuz satınalma qiymətlərində və aşağı məhsuldarlıqdadır.

Yazıda vurğulanır ki, azalan neft gəlirlərini əvəz etmək, ölkəyə 100 milyonlarla dollar vəsait cəlb etmək vədi bu sahədə çalışanlara problemlər gətirib:

«Əvvəlki illərin məhsuldarlığına «çatmaq və ötmək» cari ilin əsas devizi idi. Amma indi pambıqçılar gəlirləri yox, zərərləri hesablayırlar. Pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarının aşağı məhsuldarlığa və ucuz satınalma qiymətlərinə görə düşdükləri ziyanı məmurlar ödəməlidir. Çünki «ağ qızıl»ın ixracından milyonları məhz onlar qazanırlar», - deyə ekspert Vahid Məhərrəmov qəzetə bildirib.

Ekspert deyib ki, rəsmilər 2017-ci ildə hər hektardan 40 sentner məhsul götürməkdən danışırdı, sonra bu rəqəmi 30 sentnerə endirdi:

«Ancaq təəssüf ki, məhsuldarlıq nəinki 40, heç 30 sentnerə də çatmadı. Bundan iki dəfə az olmaqla 15.1 sentner təşkil etdi. 136.4 min hektardan cəmi 206.4 min ton pambıq yığıldı. Bu isə son 5 ilin ən aşağı məhsuldarlığıq göstəricisidir».

Ekspert vurğulayıb ki, hər hektar üzrə pambığın yetişdirilməsinə 830 manat vəsait xərclənib. Sərf olunmuş vəsaiti qaytara bilməkdən ötrü emal müəssisələrinə hər hektar üzrə 1 ton 660 kiloqram məhsul təhvil verilməlidir:

«Ancaq pambıqçılar elə məhsuldarlığa nail olmayıblar. Orta hesabla hər hektar üzrə 1 ton 510 kiloqram məhsul toplanıb. Bu da hər hektardan 150 kiloqram və ya pul ekvivalentində hər hektar üzrə 75 manatlıq az pambıq toplanması deməkdir».

Ekspert qəzetə deyib ki, pambığın alış qiyməti Türkiyə, İran və hətta Qazaxıstanla müqayisədə Azərbaycanda ucuzdur.

TANAP-TAP
TANAP-TAP

«Cənub Qaz Dəhlizi»nin onurğa sütunu -TANAP

«Azərbaycan» qəzetində isə «Cənub Qaz Dəhlizi»nin onurğa sütunu» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub Qaz Dəhlizi»nin bir sıra hissələri yaxın vaxtlarda istifadəyə veriləcək:

«Layihənin iki seqmentində - «Şahdəniz-2»də və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsində işlər tamamlanmaq üzrədir. Dəhlizin son hissəsi olan TAP-ın (Trans-Adriatik Qaz Kəməri) icrası 62 faizi ötüb. Türkiyənin ərazisindən keçən, bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlanan TANAP-da (Trans Anadolu Qaz Kəməri) da işlər başa çatır».

Müəllif bu xüsusda TANAP-ı «Cənub Qaz Dəhlizi»nin «onurğa sütunu», birləşdirici halqası adlandırır:

«TANAP «Cənub Qaz Dəhlizi»ni yaradan üç mühüm kəmərdən ikincisi və ən böyüyüdür. Marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posov mahalından başlamaqla Türkiyənin şərq sərhədində CQBK-nın çıxışına, qərb sərhədində isə TAP-a birləşir».

Yazıda bildirilir ki, TANAP-ın ümumi uzunluğu 1800 kilometrdən çoxdur. Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərə qədər 56 düymlük borularla 1350 kilometr, oradan Yunanıstan-Türkiyə sərhədinə qədər isə 48 düymlük borularla 480 kilometrdir. Boru xəttinin kiçik hissəsi suyun altından keçir, marşrut boyu kəmər Türkiyənin 20-dən çox bölgəsini arxada qoyur.

Yazıda vurğulanır ki, TANAP-ın Türkiyənin təbii qaz tələbatının 12 faizini ödəməsi, ilkin mərhələdə bu ölkəyə ildə 2 milyard kubmetr qaz verilməsi nəzərdə tutulur.

Müəllif qeyd edib ki, sonrakı illərdə bu həcim artırılacaq.

Yazıda vurğulanır ki, kəmərin ilkin ötürücülük gücü 16 milyard kubmetrə qədərdir.

XS
SM
MD
LG