Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Bakıda yaşayış binasında partlayış [yenilənib] [fotolar]


Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışdan sonra
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışdan sonra

Bakıda yaşayış binasında partlayış baş verdiyi bildirilir.

Hadisə bu gün, yanvarın 27-də səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.

Verilən məlumata görə, partlayış yanğınla müşahidə edilib. İlkin ehtimal kimi hadisəyə qaz sızmasının səbəb olduğu güman edilir.

Hazırda hadisə yerində araşdırma aparılır.

* * *

Partlayışın qaz sızmasından olduğu güman edilir

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev APA-ya bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

"Dünən (yanvarın 26-da) ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

* * *

FHN: “Bir nəfər xəsarət alıb”

Fövqəladə Hallar Nazirliyi (FHN) də Bakı şəhəri, Nəsimi rayonunda baş verən partlayışla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.

“Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 kvadratmetr olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb. Qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci, üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərələri qismən sınıb”.

Məlumata görə, partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb, bina yanğından mühafizə edilib və yanğın söndürülüb.

Məlumatda vurğulanır ki, hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Zahid Mahmudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Məlumatda partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur və hadisə ilə əlaqədar müvafiq qurumların təhqiqat apardığı bildirilir.

* * *

Yanğın-partlayış baş verən ərazidəki mağazalardan birinin sahibi İsrail Yusifov da AzadlıqRadiosu-na deyib ki, hadisənin qaz sızmasından baş verdiyi güman edilir.

“Qaz binanın zirzəmisinə sızıb. Nəticədə də partlayış baş verib. Mağazaya dəqiq nə qədər ziyan dəydiyini isə deyə bilmərik. Hələ ki, tam hesablamamışıq”, - deyə o vurğulayıb.

Partlayışdan ətrafa da ziyan dəyib

Bu gün, yanvarın 27-də səhər saatlarında metronun “28 may” stansiyasının yaxınlığında 18 mərtəbəli binada baş verən partlayış-yanğın nəticəsində ətraf binalara da ziyan dəyib.

Partlayış nəticəsində zərər çəkmiş bina
Partlayış nəticəsində zərər çəkmiş bina

AzadlıqRadiosu-nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, ətrafda ziyan dəyən binalardan biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusudur. Binanın bəzi pəncərələri sınıb.

Partlayış nəticəsində ümumilikdə bir neçə obyektə ziyan dəydiyi bildirilir.

Hadisə yerindən fotolar:

Dilarə Əliyeva küçəsi 237
Dilarə Əliyeva küçəsi 237

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG