Keçid linkləri

2024, 22 İyul, Bazar ertəsi, Bakı vaxtı 15:16

Azərbaycan xəbərləri

Yalçın İmanov Vəkillər Kollegiyasından qərar istəyir

Yalçın İmanov
Yalçın İmanov

Vəkil Yalçın İmanov vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarı ala bilmədiyini deyir.

Y. İmanov AzadlıqRadiosu-na bildirib ki, qərarı almaqdan ötrü kollegiyaya iki dəfə müraciət edib.

“İlk dəfə ötən il noyabrın 30-da kollegiyaya müraciət etdim və qərarın surətinin mənə təqdim olunmasını istədim. Onlar mənə bir ay ötəndən sonra iclasın protokolundan kiçik çıxarış göndərdilər”, – deyən Y. İmanov vurğulayıb ki, növbəti dəfəki müraciəti də nəticə verməyib.

Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

“Yanvarın 10-da yenidən müraciət etdim. Xahiş etmişəm ki, mənim fəaliyyətimə xitam verilməsi barədə qərarı və barəmdə qərar çıxarılmış iclasın stenoqramını təqdim etsinlər. Ancaq, hələlik, cavab yoxdur”, - Y.İmanov deyib.

Y. İmanov qeyd edib ki, qanunvericiliyin hansı müddəasına əsasən cəzalandırılmasından xəbərsizdir.

“Mənə yalnız iclasın protokolundan çıxarış təqdim ediblər Orada isə mənə lazım olan məlumat yoxdur. Kollegiyanın mənimlə bağlı məhkəməyə müraciətinə fevral ayında baxılacağını gözləyirəm. Yerli məhkəmələrdə ədalətli qərar çıxarılacağına inamım yoxdur”, - vəkillik fəaliyyətinə xitam verilən Y. İmanov bildirib.

Buna da bax: Leyla İsmayılzadə: 'Yalçın İmanov məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi...'

Hüquqşünas: Qərar hamıya açıq olmalıdır

Media üzrə hüquqşünas Xalid Ağalıyev isə AzadlıqRadiosu-na açıqlamasında kollegiyanın qərarının qapalı tutulmasının qanunsuz olduğunu bildirib. Onun fikrincə, belə qərarlar nəinki müraciət edən şəxsə verilməli, qəbul edildikdən sonra hər kəsin əlinin çatacağı yerə yerləşdirilməlidir.

Buna da bax: Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

“Bu “İnformasiya əldə edilməsi haqqında” qanunun tələbidir. Vəkillər Kollegiyası, bu tipli digər qurumlar öz qərarlarını ictimaiyyətə açıq tutmalıdırlar. Qanun kollegiyanın da üzərinə sayt yaratmaq, onu davamlı yeniləmək vəzifəsi qoyub. Qərarlar, ictimai məzmunlu digər sənədlər də məhz sayta daxil edilməlidir”, – hüquqşünas deyib.

Vəkillər Kollegiyasından bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması iddiası əsasında verdiyi açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən və Qobustan Qapalı Həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, o təcridxanadan gətiriləndən dərhal sonra işgəncələrə məruz qalıb. A.Hüseynovun sözlərinə görə, həbsxananın rəisi, rəis müavini və müxtəlif əməkdaşları əllərini qandallayıb onu döyüblər.

“Məni qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.”, izahatda qeyd edilirdi.

İşgəncə ilə bağlı deyilənləri təkzib edən ədliyyə polkovniki O.Məmmədov isə iddia edib ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışıb.

“Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», – deyə onun məktubunda vurğulanırdı.

Bütün xəbərləri izləyin

Azərbaycan mətbuatı 149 yaşında. Azı 10 jurnalist həbsdədir

Həbs olunmuş jurnalistlər
Həbs olunmuş jurnalistlər

İyulun 22-də Azərbaycan milli mətbuatının 149 yaşı tamam olur. Builki mətbuat günü ölkədə ən çox jurnalistin həbsdə olması ilə yadda qalır.

Ötən ilin noyabrından bəri 10-dan çox jurnalist və media işçisi valyuta qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Amma onlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin məhz işinə görə həbs olunmadığını deyir. Ancaq saxlanan jurnalistlər və media işçiləri, əsasən, hakimiyyətdə korrupsiyanı ifşa edən araşdırmaları ilə tanınan AbzasMedia, gündəlik bir neçə saat canlı proqramları ilə cəmiyyətə ölkə gündəmi ilə bağlı alternativ fikirləri çatdıran ToplumTV-nin əməkdaşlarıdır.

Yerli müstəqil jurnalistlər, beynəlxalq media qurumları hakimiyyəti jurnalistlərə qarşı qorxutma taktikasını dayandırmağa çağırır.

Həbsdəki jurnalistlər Şuşada yada düşmədi

Noyabrda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində bu çağırışların sayı artır. Hakimiyyət isə Milli Mətbuat Gününü Şuşada "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Qlobal Media Forumu ilə qeyd edir. Hökumətin siyasi kursunu dəstəkləyən yerli media təmsilçilərinin, xarici qonaqların qatıldığı tədbirdə ölkə başçısına müstəqil mediaya basqılarla bağlı sual verilməyib. Əvəzində "Reuters""Politico" kimi nəşrlər prezident Əliyevin Forumdakı çıxışında Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirlərinə yer verib.

Azərbaycanda son illər müstəqil mediaya təzyiqlər artıb. 2014-cü ildə ABŞ Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun ofisi möhürlənib. 2017-ci ildə bir sıra saytlara Azərbaycandan giriş məhdudlaşdırılıb. Onların arasında AzadliqRadiosu, MeydanTV və "Azadlıq" qəzetinin saytları da var.

Bu il iyunun 13-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bir neçə məzmuna görə bütün saytın blok edilməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Azərbaycan 2024-cü ildə Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə içində 164-cü olub. Ötən il 151-ci idi.

Müqayisə üçün, Ermənistan indeksdə 43-cü, Gürcüstan 103-cü pillədə yer tutub.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" ənənələrini davam etdirib.

Bakıda taksilər iki dəfə azalıb

Taksi
Taksi

Paytaxt Bakıda hazırda 35 minə yaxın taksi fəaliyyət göstərir və onların sayı iki dəfəyə qədər azalıb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iyulun 19-da mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair brifinqdə bildirib.

Nazir müavininin sözlərinə görə, taksi sahəsində tənzimləmələr davam etdiriləcək.

Son illər Azərbaycanda taksi fəaliyyəti sahəsində qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Bu il iyulun 1-dən isə Nazirlər Kabinetinin qərarı ilə taksi fəaliyyəti ilə bağlı əlavə tələblər müəyyən edilib. Həmin tələblərə görə, dövlət qeydiyyat şəhadətnaməsində buraxılışından 15 ildən artıq keçən avtomobil taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz. Üstəlik, sərnişin daşımalarında istifadə olunan şəhərlərarası avtonəqliyyat vasitələri ağ, şəhərdaxili qırmızı olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaqlar.

Digər tələblərə əsasən, taksilər ABS əyləc sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Bundan əlavə, onlarda bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay saxlaya bilən videokameralar quraşdırılmalıdır.

Taksi avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır.

Son aylar bütün bunların fonunda Azərbaycanda taksilərdə qiymət artımı müşahidə edilir.

Şamaxıda 20-dən çox şəxs xəstəxanaya yerləşdirilib

Zəhərlənmə
Zəhərlənmə

Dünən, iyulun 16-da Şamaxı rayonunun Məlikçobanlı kəndində toy zamanı kütləvi zəhərləmə baş verdiyi bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a vurğulanıb ki, zəhərlənmə şübhəsi ilə 21 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan beşinin azyaşlı olduğu qeyd edilir.

"Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - qurumdan əlavə edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə deyilib ki, həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Hələlik, məsələ ilə bağlı toy sahibi və zərərçəkənlərin özləri ilə danışmaq mümkün olmayıb.

İrana casusluqda ittiham edilən gəmi kapitanı 16 il həbsə məhkum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərova dövlətə xəyanət ittihamıyla 16 il həbs cəzası kəsilib. Bu hökm Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Z.Əsgərovun 42 yaşı var və o, iki ildir ki, həbsdədir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) onunla bağlı 2022-ci ilin noyabrında yaydığı məlumatda iddia olunur ki, Z.Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı dövrdə bu ölkənin xüsusi xidmət orqanının nümayəndələri onu məxfi əməkdaşlığa cəlb ediblər.

İttihama görə, Z.Əsgərov Azərbaycana qarşı istifadə oluna biləcək bir sıra məlumatları onlara ötürərək, casusluq edib. Söhbət Azərbaycandakı xarici şirkət və nümayəndəliklərin fəaliyyətindən, Hərbi Dəniz Qüvvələrinin təlimlərindən, neft platformalarına daşınan yüklərdən və s. məlumatlardan gedir.

Z.Əsgərov özünü təqsirli bilmir, dövlətə xəyanət ittihamının tam əsassız olduğunu, şərlənərək həbs edildiyini söyləyir.

Onun sözlərinə görə, gəmidə işləməklə yanaşı, həm də İranın “İRNA News” saytının Cənubi Qafqaz üzrə əməkdaşı olub və bütün Qafqazda baş verən hadisələr barədə xəbərləri sayta göndərib.

O vurğulayıb ki, əlində məxfi sayıla biləcək heç bir məlumat və ya görüntü olmayıb, bu üzdən, onları kimlərəsə ötürməsi də mümkün deyil. Agentliyə göndərdiyi xəbərlər də açıq internet resurslarından götürülmüş bilgilərdir.

Məhkəmə onun bu ifadəsini inandırıcı saymadığından, istintaqdakı etiraf səciyyəli ifadəsini sübut kimi qəbul edib və onun haqqında ittiham hökmü çıxarıb.

Z.Əsgərov isə istintaqdakı ifadəni oxumadan imzaladığını bildirib.

Ayxan İsrafilovun yaxınları onun həbsdə döyüldüyünü deyirlər

Ayxan İsrafilov
Ayxan İsrafilov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilovun cəzaçəkmə müəssisəsində təzyiqə məruz qaldığı bildirilir.

Fəalın anası Əminə İsrafilova AzadlıqRadiosuna bildirib ki, oğlu Umbakı təcridxanasında saxlanırdı və Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iyunun 29-da cəzaçəkmə müəssisəsinə köçürülüb: "Amma bizim onu hansı cəzaçəkmə müəssisəsinə apardıqları barədə məlumatımız olmayıb. Penitensiar Xidmətdən maraqlandıq, bizə demədilər. Ombudsman Aparatından bizə Ayxanın 17 saylı Cəzaçəkmə Müəssisəsində karantində olduğunu dedilər".

Ə.İsrafilovanın sözlərinə görə, üstündən iki həftə keçməsinə baxmayaq, oğlu ilə əlaqə saxlaya bilməyib: "Dünən, iyulun 14-də 17 saylı Cəzaçəkmə Müəssisəsinə getdik, sənədlərimizi verdik, bir saat qəbulu gözlədik, axırda dedilər ki, burada yoxdur. Oradan yaxında olan 2 saylı Cəzaçəkmə Müəssisəsinə getdik. Həmin prosedurdan yenidən keçəndən sonra dedilər ki, burada da yoxdur. Axırda 10 saylı Cəzaçəkmə Müəssisəsindən dedilər ki, buradadır, görüşə icazə verdilər".

"Sillə və yumruqla döyüb karsa salıblar"

Fəalın anası bildirib ki, A.İsrafilov çəki itirib, səhhəti da yaxşı deyil: "Dedi ki, cəzaçəkmə müəssisəsinə köçürüləndə əşyalarının yoxlanışı zamanı dərmanları görüblər. Ayxan da deyib ki, 2-ci qrup əliləm, ağrıkəsici dərmanlarımdır. Dərmanları əlindən almaq istəyəndə Ayxan etiraz edib. Ona görə onu sillə və yumruqla döyüb karsa (cərimə kamerası) salıblar. Karsda ona çirkli paltar veriblər. Yemək də o qədər keyfiyyətsiz olub ki, 14 günə cəmi dörd yumurta yeyib. Başağrısından əziyyət çəkəndə dərman istəyib, onu da verməyiblər".

Ə.İsrafilova oğlunun hələ də karsda saxlanıldığını söyləyib. O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini vurğulayıb.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətdən A.İsrafilovun anasının dediklərini təkzib ediblər.

"Məhkum Ayxan İsrafilov işçi heyət və məhkumlar tərəfindən fiziki, mənəvi təzyiqlərə, işgəncələrə məruz qalmayıb. Həmçinin, A.İsrafilova qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda, digər məhkumlar kimi, ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır. Gündə üç dəfə isti, keyfiyyətli qida ilə təmin edilir, hüquqları və qanuni mənafeləri qorunur", - qurumdan "Turan"a bildiriblər.

Xidmətdən İsrafilovun dərmanlarının əlindən alınması ilə bağlı deyilənlərə isə belə cavab veriblər: "Müəssisəyə daxil olarkən... üzərində olan dərman vasitələri müvafiq yoxlama və təyinatı üzrə istifadə edilməsinə nəzarət məqsədilə götürülüb, müvafiq prosedur başa çatdıqdan sonra özünə geri qaytarılıb".

A.İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə bu il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir.

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir. A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.

Bu təşkilat üzvlərinin həbsləri sonra da davam edib.

Avqustun 4-də "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir. Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını vurğulayırlar.

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

Tehranda Azərbaycan səfirliyinin yeni binası
Tehranda Azərbaycan səfirliyinin yeni binası

Bu gün, iyulun 15-də 1 il 5 aylıq fasilədən sonra Azərbaycanın İran İslam Respublikası paytaxtı Tehran şəhərindəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, bu, iki ölkə arşında aparılmış danışıqlar nəticəsinə gerçəkləşib. "Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb", - məlumatda vurğulanır.

XİN əlavə edir ki, hal-hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda həmin xidmətin bərpası barədə əlavə məlumat veriləcək.

Xatırlatma

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum olmuşdu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.

Onda İran tərəfi silahlı hücumu məişət narazılığı ilə izah etmişdi. Azərbaycan XİN isə səfirliyinin təhlükəsizliyi ilə bağlı lazimı tədbirlərin vaxtında görülmədiyini vurğulamışdı.

Ötən ilin ortalarına qədər Azərbaycan və İran arasında müəyyən gərginlik yaşanıb. Hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi hətta qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Amma ötən ilin sonlarına doğru hər iki ölkənin rəsmilərindən bir-birlərinə yönəlik müsbət bəyanatlar səslənməyə başlamışdı. Üstəlik, bu il iki ölkənin hərbi qüvvələri birgə təlimlər də keçirdilər.

Məişət zorakılığı ilə bağlı 32 mühafizə orderi verilib

'Dözməyib gecə iki uşaqla Bakıya qaçdım' - Zorakılıq qurbanı
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

Bu ilin yarım ilində məişət zorakılığı ilə bağlı 267 müraciət daxil olub, 32 mühafizə orderi verilib.

Ailə Qadın və Uşaq Məsələləri Dövlət Komitəsinin məlumata görə, komitəyə gələn əsas şikayətlər fiziki zorakılıqla bağlı olub.

Müraciət edənlərin çoxu əri (115), keçmiş əri (47) və yaxın qohumunun (135) zorakılığa məruz qaldığını deyib.

Zorakılıq törədənlərin 249 nəfəri kişi, 105 nəfəri qadın olub.

CPJ: Azərbaycan jurnalistləri qorxutmaq taktikasını dayandırmalıdır

Ələsgər Məmmədli məhkəməyə gətirilir
Ələsgər Məmmədli məhkəməyə gətirilir

Son həftələr Azərbaycan hakimiyyəti ölkədə qalan azsaylı müstəqil media orqanlarına davamlı təzyiqlər fonunda 11 jurnalistə qarşı həbs-qətimkan tədbirini uzadıb. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 11-də yaydığı bəyanatda bildirir.

Qeyd olunur ki, noyabrdan bəri Qərbdən donor pulu ilə əlaqəli valyuta qaçaqmalçılığı ittihamı ilə dörd media orqanını təmsil edən 13 media işçisi saxlanılıb. Bu ittihamlar Azərbaycanın Qərblə münasibətlərində geriləmə yaşandığı, ölkənin noyabrda COP29 iqlim konfransına hazırlaşdığı dönəmdə irəli sürülüb.

"Azərbaycan jurnalistləri susdurmaq və qorxutmaq taktikası kimi həbsləri və səyahət qadağalarından istifadəni dayandırmalıdır. Hakimiyyət ittihamların hamısını və onların hərəkətinə məhdudiyyətləri aradan qaldırmalı, həbsdə olanları dərhal azad etməlidir", -- CPJ-nin Nyu-Yorkda proqram direktoru Karlos Martines de la Serna bildirib.

İyunun 10-dan bəri araşdırmaçı jurnalist Hafiz Babalı, ToplumTV-nin video redaktoru Müşfiq Cabbar, ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli, Kanal13-ün direktoru Əziz Orucov, Kanal13-ün jurnalisti Şamo Eminov, meclis.info-nun təsisçisi İmran Əliyev, AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə meneceri Məhəmməd Kekalov, jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımovanın həbs müddətləri uzadılıb.

CPJ qeyd edir ki, hakimiyyət Ə.Məmmədlinin müvafiq tibbi müayinədən keçməsi üçün ev dustaqlığına buraxılmasına dair vəkillərinin çoxsaylı vəsatətlərini rədd edib.

Səyahət qadağaları

Bundan başqa, dindirmələr də davam edir. arqument.az xəbər saytının başçısı, ToplumTV-nin keçmiş jurnalisti Şəmşad Ağa iyulun 5-də "ToplumTV işi" çərçivəsində dindirilib. Jurnalistə səyahət qadağası qoyulduğu bildirilib. CPJ azı 20 jurnalistin də ölkədən çıxışına qadağa qoyulması, bəzilərinin bank hesablarının dondurulması haqda məlumatları araşdırdığını deyir.

Bu ilin fevralında beşinci müddətə prezidentliyini təmin etmiş prezident İlham Əliyev isə həbslərdən dolayı tənqidləri qəbul etmir. O deyir ki, Azərbaycan media mühitini "xarici neqativ" təsirlərdən qorumalıdır, xaricdən "qanunsuz" maliyyə əldə edən media təmsilçiləri qanun çərçivəsində saxlanılıblar.

CPJ qeyd edir ki, həbs-qətimkan tədbirlərinin uzadılması və səyahət qadağaları barədə Daxili İşlər Nazirliyinə, Ə.Məmmədlinin tibbi müayinəsi haqda Penitensiar Xidmətə e-mail göndərib, ancaq cavab almayıb.

Hakimiyyət sözügedən həbslərin siyasi motivli olmadığını bildirsə də, həbs olunan jurnalistlər təzyiqin arxasında peşə fəaliyyətlərini görürlər.

Bakıdan İslamabada birbaşa uçuşlar müzakirə olunur

Məhəmməd Şahbaz Şərif və İlham Əliyev
Məhəmməd Şahbaz Şərif və İlham Əliyev

"Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik". Bunu iyulun 11-də Pakistanda rəsmi səfərdə olan prezident İlham Əliyev mətbuat üçün bəyanatında deyib.

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif isə bildirib ki, iki ölkə lideri qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparıb. O, noyabrda Azərbaycana rəsmə səfərə gələcəyini də bildirib.

Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycana gələn pakistanlı turistlərin sayı 55 min nəfərə çatıb. 2024-cü ilin ilk dörd ayında bu rəqəm 20 minə yaxın olub.

Azərbaycan BRICS-ə tamhüquqlu üzvlük istəyir

Sahibə Qafarova
Sahibə Qafarova

Azərbaycan BRICS-in tamhüquqlu üzvü olmaq istəyir.

Bunu iyulun 10-da VI çağırış parlamentinin sədri Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun Sankt-Peterburqda keçirilən plenar iclasındakı çıxışında deyib.

Xəbəri TASS agentliyi yayıb.

"Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə bu, BRICS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib", - S.Qafarova bildirib.

Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

Xatırlatma

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul olunub. Bəyannamədə deyilir ki, Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

BRICS 2006-cı ildə yaranıb. 2024-cü ilə qədər beş üzvü var idi - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu il isə təşkilata Birləşmiş Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

Zavod işçilərinin kütləvi zəhərləndiyi bildirilir

Ambulans
Ambulans

İyulun 10-da Sumqayıtdakı zavodlardan birində çalışan işçilər qida zəhərlənməsi ilə şəhər xəstəxanasına müraciət edib.

İlkin araşdırma zamanı 53 nəfərin nahar vaxtı zavodun yeməkxanasında yedikləri qidalardan zəhərlənməsi müəyyən edilib.

Xəbəri Baş Prokurorluq yayıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yeməkxanadakı qidalardan nümunələr götürüb. Müvafiq ekspertizalar təyin edilib..

Zəhərlənənlərə stasionar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda vəziyyətləri normaldır.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Xəbərdə zəhərlənənlərin hansı zavodun işçiləri olduğu deyilmir.

Yerli mediada "SOCAR Polymer"in Sumqayıtdakı zavodu göstərilir.

"SOCAR Polymer" şirkətindən AzadlıqRadiosuna bundan məlumatsız olduqlarını deyiblər. SOCAR-ın mətbuat xidmətindən isə bildiriblər ki, suala rəsmi sorğu göndərməklə cavab verə bilərlər.

Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı, məhkəmə daha iki şikayəti təmin etmədi

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” nəşrinin baş redaktoru Sevinc Vaqifqızının ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Bu barədə vəkili Elçin Sadıqov bildirib.

Müdafiə tərəfi S.Vaqifqızının cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını qanunsuz sayır.

İlkin Əmrahovun da şikayətinə baxılıb, amma...

Bu gün Bakı Apelyasiya Məhkəməsi "Toplum TV işi" üzrə həbsdə olan fəal İlkin Əmrahovun həbs müddətinin uzadılması ilə bağlı şikayətə də baxıb.

Şikayət onun həbs müddətinin oktyabrın 6-dək uzadılmasından verilib. Apellyasiya Məhkəməsi bu şikayəti də təmin etməyib,

Vəkili Rövşanə Rəhimova deyib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Fərid Mehralızadənin şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasından imtina şikayətini də təmin etməyib.

Fərid Mehralızadə
Fərid Mehralızadə

İqtisadçı "Abzas Media işi" üzrə həbs edilib. Ancaq o, həbsi üçün heç bir əsas görmür, sözügedən nəşr ilə heç bir əməkdaşlığı olmadığını bildirir.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal həbs edilib. Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Jurnalist Hafiz Babalının həbsi uzadılıb

Hafiz Babalı
Hafiz Babalı

İyulun 9-da Xətai rayon Məhkəməsi jurnalist Hafiz Babalının həbs müddətini 2 ay 7 gün uzadıb.

Bu haqda "Turan"a onun vəkili Rəsul Cəfərov bildirib.

İclasda müdafiə tərəfi H.Babalının həbsdə saxlanılmasının əsassız olduğunu bildirib. Həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib.

Jurnalist özü qaçaqmalçılıq ittihamlarını təkzib edib. Ona qarşı cinayət işini jurnalistika ilə əlaqələndirib və məhkəmənin diqqətini səhhətindəki problemlərə çəkib.

Vəkil məhkəmədə H.Babalının gözdən üçüncü qrup əlil olduğunu, aşağı ətrafların venalarının varikoz genişlənməsindən əziyyət çəkdiyini bildirib.

Ancaq məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

"AbzasMedia işi" üzrə həbs olun H.Babalı araşdırmaçı jurnalistdir. O, 2023-cü il dekabrın 14-də məhkəməyə qədər ilkin dövr üçün 3 aylıq həbs edilmişdi. Bundan sonra həbs müddəti bir neçə dəfə uzadılıb.

3 iyul 2024

Jurnalistlərin ev dustaqlığı vəsatətləri təmin olunmadı

İyulun 3-də Xətai rayon Məhkəməsində "AbzasMedia" nəşrinin direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının və jurnalist Elnarə Qasımovanın həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Bu barədə "Turan"a onların vəkilləri məlumat verib.

Jurnalistlər hesab edir ki, onların həbsdə saxlanmasının heç bir əsas yoxdur.

Məhkəmə vəsatəti təmin etməyib.

Ü.Həsənli 2023-cü il noyabrın 20-də, S.Vaqifqızı noyabrın 21-də, E.Qasımova isə yanvarın 13-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal həbs edilib.

Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə bildirir ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.

Filarmoniyada əməliyyat keçirilib

 Azərbaycan Dövlət Akademik Filarmoniyası
Azərbaycan Dövlət Akademik Filarmoniyası

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib. Bir nəfər saxlanılıb.

Mədəniyyət Nazirliyinin məlumatına görə, özgə əmlakını talama və külli miqdarda rüşvət alma da daxil bir neçə maddə ilə cinayət işi başlanıb.

Filarmoniyanın əməkdaşı Rəşad Məmmədov haqqında isə iyulun 5-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam edir.

Filarmoniyanın direktoru xalq artisti Murad Adıgözəlovdur.

Azərbaycan Qazaxıstandakı hərbi təlimlərdə iştirak edir

"Birləşdik-2024" təlimləri
"Birləşdik-2024" təlimləri

Qazaxıstanın qərbində, Xəzər dənizi sahillərində Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistan silahlı qüvvələri birgə hərbi manevrlərə başlayıblar. Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi iyulun 8-də məlumat yayıb.

"Birləşdik-2024" adlı təlimlər iyulun 17-dək Manqıstau vilayətinin Oymaşa poliqonunda, Toqmaq burnunun iki kilometrliyində keçirilir.

Təlimlərə beş ölkədən 4 minədək hərbçinin, 700-dək hərbi avadanlıq və texnikanın cəlb olunduğu xəbər verilir.

MDB-nin beş ölkəsi Rusiya və İranın iştirakı olmadan bu təlimlərin keçirilməsi haqda bu ilin aprelində razılaşıblar. Ondan öncə isə Qazaxıstan ordusu Rusiya və Özbəkistan hərbçiləri ilə təlimlər reallaşdırıb.

Ekspertlər Orta Asiya ölkələrinin Azərbaycanla hərbi təlim keçirməsinə xüsusi diqqət ayırırlar. Xarici nəşrlər sözügedən təlim düşərgəsinin Moskvada narahatlıqla qarşılandığını qeyd edib. Rusiya nəşrlərinin yazdığına görə, Rusiya və İranı təlimlərdə iştirakçı olmasalar da, müşahidəçi kimi dəvət etmək olardı.

Orta Asiya üzrə araşdırmaçı və jurnalist Brüs Pannier "BNE Intellinews" Avropa nəşrində yazıb ki, "Birləşdik-2024" təlimlərinin iştirakçı dövlətləri ümumi təhlükəsizlik problemlərini Rusiya, Çin və İran kimi böyük ölkələrin köməyi olmadan həll etməyə üstünlük verirlər.

Xəzərdə balıqların tələf olmasının səbəbi açıqlanıb

Ölü balıqlar
Ölü balıqlar

"Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır"​.

Bunu iyulun 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.

O qeyd edib ki, Xidmətin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları əraziyə baxış keçirib. Suda və tələf olmuş balıqlardan nümunələr götürülüb: "Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib".

Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda oksigenin miqdarı qeyri-optimal səviyyəyədək - 2.2-2.5 mq/litrədək (norma 6 mq/litr) azalıb. Buna görə də balıqlar tələf olub.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Xəzər dənizinin sahillərində xırda balıqların kütləvi ölümü ilə bağlı görüntülər yayılmışdı.

Məhərrəm ayı başlayıb

Bakıda Aşura. 2018
Bakıda Aşura. 2018

İyulun 7-dən Məhərrəm ayı başlayıb.

1446-cı Hicri-Qəməri ilinin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası dindarları Aşurada özünü döymək adətlərindən çəkinməyə, Azərbaycanın müstəqillik illərində ənənəvi hal almış qanvermə aksiyalarında iştiraka çağırıb.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində orada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yasını saxlayır.

"Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir. Hüseyn və onun tərəfdarları Məhərrəm ayının məhz 10-da qətlə yetiriliblər.

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

İqtisadçı həbsxanadan alimlərə üz tutdu

Fazil Qasımov
Fazil Qasımov

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan iqtisadçı Fazil Qasımovun ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib.

Bu haqda "Turan"a vəkil Rövşanə Rəhimova bildirib.

Müdafiə tərəfi F.Qasımovun həbsdə saxlanılmasını əsassız hesab edir: "11 aydır onunla bağlı heç bir istintaq hərəkəti aparılmır. Heç bir əsaslı səbəb olmadan istintaq və həbs müddəti uzadılır".

Vəkili deyib ki, F.Qasımov artıq 22 gündür aclıq edir və aclığı davam etdirməkdə israrlıdır: "Onun səhhətində ciddi problemlər var. Çox sürətlə çəki itirir. Təzyiqi 60/50 nisbətinədək düşüb. Gözləri qaralır, başı gicəllənir. Biz Penitensiar Xidmətin rəisinə və Ombudsman Aparatına Qasımovun müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etmişik. Ancaq, hələlik, nəticə yoxdur".

F.Qasımov azad olunmasına dəstək üçün beynəlxalq elm xadimlərinə müraciət edib. "35 yaşlı elm adamının şərlənərək həbsdə ölməsinə biganə qalmamağı sizlərdən xahiş edirəm", - müraciətdə bildirilir.

Penitensiar Xidmətdən, Ombudsman Aparatından, Ədliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.

2 iyul

"80 kiloqram idi, hazırda 60"

İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov 19 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Bu barədə "Turan"a onun qardaşı Nazim Qasımov bildirib. Dünən axşam o, qardaşı ilə telefonla danışıb: "Qardaşımın vəziyyəti çox ağırdır. Aclıq etməsinə baxmayaraq, onu ümumi kamerada saxlayırlar. Ancaq tibbi nəzarət var. Həkimlər vaxtaşırı təzyiqini ölçürlər. Dünən təzyiqi 70/50 olub. Fazilin səhhəti zəifləyib, səsi çox yavaş gəlirdi. Təcridxanaya girəndə 80 kiloqram idi, hazırda 60 kiloqramdır".

Qardaşının sözlərinə görə, F.Qasımov dərman və qidadan imtina edir. "Mən israrla Fazildən aclığı dayandırmasını xahiş etdim. Ancaq o, yola gələn deyil. Aclığı sona qədər davam etdirmək niyyətindədir".

F.Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul hazırlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamları qəbul etmir.

F.Qasımovun iqtisadçı Qubad İbadoğluya qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Beş direktor işdən çıxarılıb, 26-sına xəbərdarlıq edilib

Şahmat məktəbi
Şahmat məktəbi

Bakıda və bölgələrdəki məktəbdənkənar təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Beş müəssisə rəhbəri isə işdən azad edilib.

Xəbəri iyulun 5-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yayıb.

Agentlik bildirir ki, monitorinqlər davam edəcək.

"Məktəbdənkənar təhsil müəssisələri" dedikdə uşaq-gənclər inkişaf mərkəzləri, idman və şahmat məktəbləri nəzərdə tutulur.

Sosial şəbəkələrdə tez-tez həm Bakıda, həm də bölgələrdə bağça və məktəb direktorlarının qanunsuz pul tələb etməklə bağlı səsləri yayılır. Bu cür səs yazılarından sonra adətən həmin müəssisə rəhbərləri haqqında araşdırmalara başlanılır.

Gecəyarı Bakıda yenə ev uçurulub

Nəriman Nəcəfzadə
Nəriman Nəcəfzadə

İyulun 5-də gecəyarı Bakıda bir neçə evin sökülməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda görünür ki, yaşayış ola-ola divarlar texnikanın köməyi ilə sökülür, bir adam "səsimizə səs verin" qışqırır.

Hadisə Yasamal rayonunda, Behbud Şahtaxtinski küçəsində baş verib.

Nəriman Nəcəfzadə AzadlıqRadiosuna bildirib ki, B.Şahtaxtinski küçəsindəki 43 saylı ünvanda dördnəfərlik ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evi əmisinin evindən arakəsmə ayırır. Evi sökən özəl şirkət əmisi ilə razılaşsa da, onunla razılığa gəlməyib: "Şirkətdən demişdilər ki, səni də razı salandan sonra evi sökəcəyik. Ancaq gecə bir də gördük, evi ekskavatorun ağzına verdilər. Heç elektrik cərəyanını da ayırmamışdılar. Mənim evim qəzalı vəziyyətə düşdü. "102" və "112" xidmətlərinə zəng etdim. "102" xidmətindən gəldilər, "112"dən isə indiyə qədər xəbər yoxdur".

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in "102" Mərkəzinə zəng edib. Ərazidə tikinti aparan MTK-nın yaşayış olduğu halda evləri sökməsi barədə məlumat verib.

Polis həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən edib. Söküntünü aparan şirkətin işləri dayandırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ərazidəki evləri sökən "Deluxe Residence" MTK-dan isə AzadlıqRadiosuna deyiblər ki, evin sökülməsi ilə bağlı onlarla N.Nəcəfzadə arasında müqavilə olub. Amma atasının vəfatından sonra N.Nəcəfzadə şifahi şəkildə müqavilədən imtina edib. Bu haqda MTK-ya rəsmi məlumat verməyib.

Bundan əvvəl, iyunun 30-da gecəyarı Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yaşayan Afət Quliyevanın evi qanunsuz sökülmüşdü.

4 iyul

Qanunsuz sökülmüş evlə bağlı cinayət işi açılıb

Yasamal rayon Prokurorluğu Afət Quliyevanın evinin qanunsuz sökülməsi ilə bağlı cinayət işi açıb.

Baş Prokurorluğun məlumatına görə, "İbrahim-Q" MTK-nın vəzifəli şəxsləri tərəfindən Yasamalda xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

"Döyə-döyə, sürüyə-sürüyə polis maşınına mindirdilər"

A.Quliyevanın evinə basqın edilib texnikanın köməyi ilə uçurdulması, özününsə zorla evdən çıxarılması görüntüləri əvvəlcə sosial şəbəkələrdə yayılmışdı.

A.Quliyeva AzadlıqRadiosuna müsahibəsində demişdi ki, evdən zorla çıxarılmamışdan əvvəl işığı kəsilib. Sonra isə qaramaskalılar traktorla evə basqın ediblər. Şirkət işçiləri ilə birlikdə 26-cı polis bölməsinin sahə müvəkkili və digər polislər onu evdən ayaqyalın çıxarıblar.

A.Quliyeva ona zorakılıq göstərənlər arasında həm polis əməkdaşlarının, həm də mülki geyimlilərin olduğunu bildirmişdi. Ev sahibi onları əvvəldən də gördüyünü, qonşusunun evinin də bu cür söküldüyünü demişdi: "Məni döyə-döyə, sürüyə-sürüyə polis maşınına mindirdilər, bölməyə apardılar".

Daxili İşlər Nazirliyi bildirir ki, şikayətçiyə polis əməkdaşlarının təzyiq göstərməsi iddiaları doğru deyil. Qurumun məlumatına görə, həmin vaxt polislər ərazidə olmayıb, yalnız müraciətdən sonra gəlib tərəfləri polis bölməsinə çağırıblar.

Evi sökən şirkət, hələlik, baş verənlərə münasibət bildirməyib.

Şamo Eminov azadlığa buraxılmadı

Şamo Eminov
Şamo Eminov

Bakı Apellyasiya Məhkəməsi "Kanal-13" internet televiziyasının əməkdaşı Şamo Eminovun həbs müddətinin uzadılması barədə şikayəti təmin etməyib.

Bu haqda "Turan"a onun vəkili Elçin Sadıqov bildirib. Ş.Eminov prosesdə iştirak edib və məhkəmənin qərarına etiraz edib.

"Şamo Eminov bildirdi ki, heç bir şeydə günahkar deyil və istintaq onun günahını sübuta yetirməyib", - vəkil vurğulayıb.

2 iyun

Əziz Orucov həbsdə saxlandı

İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddətinin uzadılmasından şikayətinə baxılıb.

Şikayət Ə.Orucovun və "Kanal 13"ün əməkdaşı Şamo Eminovun həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmədə Ə.Orucov həbsinin qanunsuz olduğunu deyib. Jurnalist xatırladıb ki, əvvəlcə onu "özbaşına ev tikmək" ittihamı ilə həbs ediblər. Hansı ki, buna görə nadir hallarda kimisə cinayət məsuliyyətinə cəlb edirlər, üstəlik, heç kimi ilkin həbsə almırlar.

Orucov sonradan ona qarşı irəli sürülən "xarici valyuta qaçaqmalçılığı" ilə bağlı ittihamın da əsassız olduğunu deyib. Bunun sübutlarla təsdiqlənmədiyini, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

2023-cü ilin noyabr-dekabr aylarında Ə.Orucov və Ş.Eminov mütəşəkkil qrupun tərkibində valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər.

Ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV","Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

'ToplumTV işi' üzrə daha üç nəfərin həbsi 3 ay uzadılıb

Toplum TV-nin ofisi martın 6-da möhürlənib
Toplum TV-nin ofisi martın 6-da möhürlənib

İyulun 4-də Xətai rayon Məhkəməsində "ToplumTV işi" üzrə həbs olunmuş şəxslər barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib.

III Respublika Platformanın spikeri Akif Qurbanovun, həmin platformanın qurucu üzvü Ruslan İzzətlinin və ToplumTV-nin redaktoru Müşfiq Cabbarın həbs müddəti 3 ay uzadılıb.

+++

ToplumTV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha 3 ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.

Vəkili Aqil Layıc bildirib ki, Ə.Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır. Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb. Ancaq böyük şiş sağ tərəfdə yerləşir.

Vəkil deyib ki, məhkəmə qərarına baxmayaraq, Ə.Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib.

Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır.

İyulun 3-də Ə.Məmmədlidən başqa "ToplumTV işi" üzrə daha üç nəfərin - Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin, İlkin Əmrahovun və Əli Zeynalovun həbs-qətimkan tədbiri 3 ay uzadılıb.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız sayır.

Xatırlatma

Ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

'Amnesty': COP29-a ev sahibliyi sazişi insan haqlarına təminat verməlidir

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitinin təşkilatçısı olan BMT Azərbaycanla Ev sahibi ölkə Sazişinə (HCA) insan haqlarına təminat məsələlərini salmalıdır. "Amnesty International" insan haqları təşkilatı iyulun 4-də belə bir çağırışla çıxış edib. Qurumun mövqeyinə görə, saziş imzalanandan sonra ictimaiyyətə açıqlanmalıdır ki, potensial iştirakçılar tədbirdə üzləşə biləcəkləri riskləri dəyərləndirə bilsinlər.

"Amnesty International" bildirir ki, davamlı səylərinə baxmayaraq, ötənilki iqlim sammitinin Ev sahibi ölkə Sazişini yalnız bu yaxınlarda əldə edə bilib. Saziş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmışdı. "Amnesty" sözügedən sənəddə Dubaydakı tədbirin iştirakçılarının haqlarının təminatı baxımından ciddi nöqsanların olduğunu bildirir. Bu isə "Azərbaycan hökuməti ilə sazişin də COP29-da insan haqları və vətəndaş cəmiyyəti fəallığının qorunması baxımından qüsurlu olacağı, samit öncəsi ictimaiyyətə açıqlanmayacağı sarıdan narahatlığı artırır", - bəyanatda deyilir.

"Bütün HCA sənədləri açıqlansın"

"Amnesty International"ın İqlim Siyasəti üzrə müşaviri Enn Harrison deyib ki, BMT ilə Azərbaycan arasında HCA həm tədbirin keçirildiyi məkanda, həm də xaricində bütün insan haqlarının qorunmasını və sayqı göstərilməsini təmin etməlidir: "Buraya ifadə və sərbəst toplaşma azadlıqları daxildir. Bu, özəlliklə vacibdir, çünki Azərbaycan hakimiyyəti tənqidə ardıcıl divan tutur, bu yaxınlarda təzyiqləri gücləndirib, jurnalistləri, insan haqları müdafiəçiləri və iqlim fəallarını, o cümlədən (hüquq müdafiəçisi) Anar Məmmədlini saxlayıb. Həm onun, həm də hakimiyyətin ədalətsiz saxladığı digərlərinin azadlığa buraxılmasına çağırırıq".

Harrison əlavə edib ki, Azərbaycan hökumətinin törətdiyi kobud insan haqları pozuntularını nəzərə alaraq, BMT-nin Azərbaycanla HCA razılaşması imzalanandan dərhal sonra ictimaiyyətə açıqlanmalıdır. Bu COP29-da vətəndaş fəallığının necə qorunduğunu dəyərləndirmək üçün vacibdir. Harrison BMT-nin müvafiq katibliyini bütün keçmiş və gələcək HCA sənədlərini də şəffaflıq naminə öz vebsaytında yerləşdirməyə çağırır. Azərbaycanın da bu sənədi dərc etməli olduğu vurğulanır.

Azərbaycandan narahatdırlar

"Amnesty International" əvvəlki COP iqlim sammitlərinin, o cümlədən Polşa, İspaniya, Böyük Britaniya, Misir və BƏƏ-də keçirilmiş tədbirlərin ifadə və sərbəst toplaşma azadlıqlarını necə məhdudlaşdırdığını sənədləşdirib. Qurum Azərbaycanda bu hüquqların kobud şəkildə pozulmasını qeydə aldığını, bu məsələnin builki COP sammiti iştirakçılarının təhlükəsizliyi sarıdan narahatlıq yaratdığını vurğulayır.

COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

AzadlıqRadiosu "Amnesty International"ın bu çağırışına BMT və Azərbaycan hökumətinin münasibət almağa çalışır.

Azərbaycan hakimiyyəti indiyədək ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini qəbul etməyib. Ölkədə heç kimin peşə fəaliyyətinə görə siyasi basqı görmədiyi bildirilib.

Ancaq ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Saxlanan jurnalistlər, əsasən, hakimiyyətin yuxarı təbəqələrində korrupsiyanı ifşa edən araşdırmalar aparıblar.

ABŞ Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqları üzərində işləyir

Vedant Patel
Vedant Patel

Birləşmiş Ştatlar gələn həftə Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan-Ermənistan danışıqlarının təşkilinə ümid edir. Bunu Dövlət Departamenti təmsilçisi iyulun 2-də etiraf edib.

ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen keçən həftə deyib ki, hər iki ölkənin xarici işlər nazirləri NATO-nun digər tərəfdaş ölkələri ilə birlikdə sammitə dəvət olunublar. Ancaq diplomat nazirlərin mümkün görüşü haqda bir söz deməyib.

"Bu məsələ üzərində iş aparılacağına şübhəm yoxdur. Sammit çərçivəsində konkret görüşlər gözlənir, ancaq, hələlik, qrafiklə bağlı danışmaq istəmirəm", - Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

2 iyun

Blinken: Sülh sazişi əlçatandır

ABŞ dövlət katibi Antoni Blinken iyulun 1-də Vaşinqtonda bir təhlil mərkəzinin tədbirində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını "gerçəkdən əlçatan" sayır.

"Ölkələr arasında sülh sazişini gerçəkləşdirmək üçün müstəsna imkan yaranıb", - Blinken Qafqazda vəziyyətlə bağlı sualı belə cavablandırıb.

1 iyun

Əliyev: Sülh müqaviləsinin mətni bir neçə aya yekunlaşa bilər

"Sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik". Bunu prezident İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

"Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin", - o vurğulayıb.

Əliyevin sözlərinə görə, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə baş tutacaq: "Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".

İyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın Bakıdan sülh müqaviləsinə dair təkliflərin onuncu paketini aldığını təsdiqləmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun"un yazdığına görə, Mirzoyan sülh müqaviləsinin bir ay ərzində imzalanması təklifinə Bakıdan müsbət reaksiya görmədiyini demişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Azərbaycan BRICS-ə daxil olmaq istəyir

Azərbaycan BRİCS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Bu haqda iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında qəbul olunan birgə bəyannamədə deyilir.

BRİCS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu qrupdur.

Sənəddə deyilir ki, Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, “istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”.

Davamı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG