Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:11

'Azərbaycanda xəstəyə pul mənbəyi kimi baxırlar'-Media icmalı


Hospital
Hospital

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, səhiyyənin vəziyyəti və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin artması medianın aparıcı mövzularındandır...

«Qoca idarəçilik»

Azadliq.info saytında «Qocalmış idarəçilik və cavanlaşan xəstəliklər» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, hakimiyyət tənqidə dözümsüzdür. Onun ünvanına tənqidi fikir səsləndirənləri paxıllıqda, qarayaxmada ittiham edir: «Amma hər dəfə də statistik rəqəmlər zühur edir və yazılanların həqiqət olduğu təsdiqini tapır. Ən çox tənqid olunan sahələrdən biri də səhiyyədir».

Müəllif hesab edir ki, 100 minlərlə vətəndaşın müalicə məqsədilə xaricə üz tutması səhiyyənin vəziyyətini qiymətləndirən amildir.

Yazıda vurğulanır ki, son zamanlar ölkədə xəstəliklərin cavanlaşması prosesi gedir və bu, səhiyyənin «axsaması» ilə bağlıdır. Müəllifin fikrincə, gənclərin şəkər, təzyiq, ürək xəstəliklərindən əziyyət çəkməsi xəstəliklərin «cavanlaşması»nı göstərir.

Yazıda qeyd edildiyinə görə, bu sahədə problemləri əmək və əhalinin sosial müdafiə nazirinin müavini Natiq Məmmədov insanların vaxtında müayinə olunmaması ilə izah edib. Amma müəllif iddia edir ki, xəstəliklərin cavanlaşması birbaşa idarəçiliklə, hakimiyyətin xalqa münasibətilə bağlıdır:

«Dövlət xəstəxanaları pulludursa, özəl klinikalarda qiymətlər bahadırsa, xəstəyə düzgün diaqnoz qoyulmursa, vətəndaş sağlamlığının qeydinə necə qala bilər? Ölkədə xəstəyə pul mənbəyi kimi baxılırsa, bu ölkədə xəstəliklərin artması təbiidir».

Yazıda bildirilir ki, ölkədə minimum əməkhaqqı 130 manat, əksər maaşlar 200-300 manat həddindədir. Yüngül tibbi əməliyyata isə 500-1000 manat tələb edilir.

Müəllifin fikrincə, odur ki, bir balaca imkanı olanlar xaricə üz tutur.

Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa Məhkəməsinə şikayətlər artır

«Novoye Vremya» qəzetində isə «Azərbaycan «lider» mövqeyinə çıxır, statistika gerçəkləri ortaya qoyur» sərlövhəli yazı diqqət çəkir.

Yazıda Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) gedən şikayətlərin artdığı bildirilir və bunun səbəbləri təhlil edilir:

«AHİM-in açıqladığı hesabata görə, 2017-ci ildə Azərbaycanla bağlı onlara 679 iş daxil olub».

Müəllifin fikrincə, bir ildə Azərbaycan kimi kiçik bir ölkədən AHİM-ə 679 şikayət daxil olması heç də az rəqəm deyil. Yazıda xatırladılır ki, 2016-cı ildə Azərbaycandan gedən şikayətlər 300-dən bir qədər çox olub.

Müəllif hesab edir ki, bu statistika hökumətin bir sıra addımlar atmasını zəruri edir:

«Bunun üçün hökumət vətəndaş hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmalıdır. Çünki şikayətlərin çoxu insan haqlarının pozulması ilə bağlıdır. Bakıda evlərin söküntüsü zamanı mülkiyyət sahiblərinin hüquqlarının pozulması ilə bağlı şikayətlərin sayı kəskin artıb. Bu işlərə baxan yerli məhkəmələr qanunvericiliyi yox, başqa meyarları əsas götürüblər».

Yazıda vurğulanır ki, Azərbaycan məhkəmə sistemi AHİM-ə müraciətlərin artmasının əsas günahkarlarından biridir. Müəllif hesab edir ki, ölkə məhkəmələri vətəndaşların hüquqlarını qorusaydı, heç insanlar Avropa Məhkəməsinə üz tutmazdılar.

Sumqayıtda karbamid zavodunun inşası
Sumqayıtda karbamid zavodunun inşası

Şaxələndirilən iqtisadiyyat

«Azərbaycan» qəzetində «Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi davam edir» sərlövhəli yazı dərc olunub.

Müəllif yazır ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir.

Yazıda vurğulanır ki, qeyri-neft sahəsinin inkişafında özəl sektorun rolu böyükdür:

«Dövlət bu sektoru daim dəstəkləyir, bu məqsədlə ölkədə xüsusi fond fəaliyyət göstərir. Son 10 ildə bu fond özəl sektora 2 milyard dollara qədər vəsait verib. Kreditlərin verilməsi sərfəli şərtlərlə, aşağı faizlərlə həyata keçirilib. Hər il geniş əkin sahələri dövlət vəsaiti hesabına suvarılır. Fermerlər torpaq vergisindən başqa, digər vergilərdən azaddırlar».

Müəllif bununla belə qeyd edib ki, neft-qaz sektoru iqtisadiyyatın əsas hissəsi kimi qalmaqda davam edir.

Yazıda bildirilir ki, Azərbaycanın icra etdiyi enerji layihələri regiondan ötrü olduqca əhəmiyyətlidir:

«Təsadüfi deyil ki, bu layihələr regionun enerji xəritəsini dəyişdirdi. Qərb İxrac Boru Kəməri Xəzəri Qara dənizlə, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri isə Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra Azərbaycan qazını nəql edən Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verildi. Başqa sözlə, bu gün ölkəmiz həm də şaxələndirilmiş ixrac marşrutlarına malikdir».

Yazıda vurğulanır ki, Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub qaz dəhlizi» layihəsi yaxın zamanda işə düşəcək. Amma indidən Azərbaycan Avropa Birliyinə daxil olan bir sıra ölkələri neftlə təmin edir.

Müəllifə görə, Azərbaycan regionun təkcə enerji deyil, nəqliyyat xəritəsini də dəyişdirib.

XS
SM
MD
LG