Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Davosda prezidentin çıxışında qəbul edilən və edilməyən məqamlar-Media icmalı


İ.Əliyev Davosda
İ.Əliyev Davosda

Azərbaycandan xaricə kapital axınını, Davosda 48-ci İqtisadi Forumda prezident İlham Əliyevin çıxışı və orada səslənən fikirlərin ölkədəki real mənzərə ilə müqayisəsi medianın aparıcı mövzularındandır...

Davosa aparılan «inkişaf»

Azadliq.info saytında «Davosa qədər irəliləyən «inkişaf»» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, rəsmilərin ölkədə inkişaf haqqında dedikləri heç bir həqiqətə söykənmir:

«Azərbaycan xalqına «YAP sayağı inkişaf» çox tanışdır. Hətta devalvasiya kosmik sürət alanda, qiymətlər bahalaşanda, ölkənin adı «qara siyahı»lara düşəndə də, hakimiyyət bunu inkişaf kimi təqdim edir. Statistik rəqəmlərin üzə çıxardığı gerçəklikləri, beynəlxalq hesabatlardakı tənəzzülü unudurlar».

Müəllif dövlət başçısı İlham Əliyevin Davos İqtisadi Forumundakı çıxışında Azərbaycanın inkişafı barədə açıqlamalarını «gözəgörünməz uğurlar» kimi dəyərləndirib.

Yazıda qeyd edildiyinə görə, İ.Əliyev bu Forumda çıxışında deyib ki, Azərbaycanda yoxsulluq 5.4 faiz, işsizlik 5 faiz səviyyəsindədir, 2017-ci ildə 177 yeni daimi iş yeri açılıb:

«Gördüyünüz kimi, vətəndaşı 130 manat minimum əməkhaqqı alan, 2.5 milyon insanın kredit borcu ödəyən, korrupsiyanın tüğyan etdiyi, inhisarların hakim olduğu, yüz minlərlə insanın mühacirət etdiyi, günahsız insanların şərləndiyi ölkənin prezidenti uğurlu siyasətdən, inkişaf templərindən danışır».

Yazıda deyilir ki, Azərbaycanda sahibkarlara əlverişli şərait yaradılması haqqında deyilənlər də əsassızdır:

«Hamı bilir ki, bu ölkədə iri məmurlara bağlı olan sahibkarlara pay düşür».

Yazıda iddia olunur ki, həqiqətləri gizlətməklə ölkəni irəli aparmaq mümkün deyil.

İlham Əliyev Davosda çıxışında yenə də ölkədə azad mətbuat olduğunu deyib
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

«Qarayaxma» kampaniyası

«Azərbaycan» qəzetində «Azərbaycanda mətbuat azadlığı tam təmin edilib» sərlövhəli yazı dərc edilib. Bu yazıda isə prezidentin Davosdakı çıxışı kontekstində ölkədəki durum azadliq.info saytından tam fərqli aspektdə dəyərləndirilib.

Davosda hələ də davam edən 48-ci İqtisadi Forumda panellərin birində dövlət başçısı İ.Əliyevə çıxışı zamanı mətbuat azadlığına görə Azərbaycanın aşağı reytinqə malik olması ilə bağlı sual verilib. Dövlət başçısı isə bu suala geniş cavabında vurğulayıb ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir.

Müəllif yazıb ki, 1993-cü ildən Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib:

«KİV fəaliyyətini tənzimləyən aktlar qəbul edilib, 1998-ci ildə senzura ləğv olunub, dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir. Bu mənada, Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində bir ilkə imza atıb».

Müəllif qeyd edib ki, Azərbaycanda jurnalistlərə dövlət ev verir. Üstəlik, 2008-ci ildə prezident İ.Əliyevin sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub və 2009-cu ildə xüsusi Fond yaradılıb.

Müəllif hesab edir ki, Azərbaycan dövləti mətbuat azadlığının təmin olunmasından ötrü üzərinə düşən bütün vəzifələri yerinə yetirir:

«Bu mənada demokratik inkişaf yolunu seçən ölkəmizdə söz azadlığına heç bir məhdudiyyət yoxdur. O cümlədən internet azaddır və ondan hansısa formada istifadəyə heç bir qadağa mümkün deyil. Bunu bütün beynəlxalq təşkilatlar da bilir və görürlər. Amma nədənsə bəzi hallarda diqqətdən kənarda qalır».

Pul
Pul

«Ölkədən kapital axını azalıb»

«Exo» qəzetində isə «Azərbaycan ölkədən kapital axınını dayandırıb?» sualı gündəmə daşınıb.

Yazıda ölkədən kapital axını mövzusu ekspert Fuad Əlizadə ilə təhlil edilib. F.Əlizadə deyib ki, Azərbaycandan kapital axını makroiqtisadi göstəricilərlə bağlıdır və son 3 ildə ölkədə iqtisadi vəziyyət qeyri-sabit haldadır. Onun vurğulamasına görə, bu səbəbdən vətəndaşların bir qismi qanuni və ya qanunsuz şəkildə pullarını ölkədən çıxarıblar:

«Kapital axını ölkə üçün ən kəskin problemlərdən biridir. Son üç ildə isə daha kəskin olub. Xüsusilə 2015-2016-cı illərdə ölkədən daha çox kapital çıxarılıb».

Mövcud durumu dəyərləndirən F.Əlizadə bildirib ki, indi nisbi də olsa, xaricə kapital axınında azalma var:

«Yaxın illərdə ölkədən xaricə kapital axınının azalacağı gözlənilir. Səbəb də hətta bazar qanunlarına uyğun olmasa da belə, manatın məzənnəsinin sabitləşməsidir. Amma manata etimadın tamamilə bərpasından danışmaq hələ tezdir. Hər halda manatı xarici valyutaya çevirənlərin sayında azalma müşahidə edilir. 2015-2016-cı illərdəki kütləvi axın yoxdur».

Ekspert hesab edir ki, irihəcmli beynəlxalq layihələrin reallaşması ilə bağlı imzalanan sazişlər də ölkədən kapital axınının azalmasına səbəb ola bilər.

F.Əlizadə vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı başlanğıc mərhələdədir, hələ böyük uğurlar qarşıdadır.

Ekspert bildirib ki, Azərbaycan vətəndaşları pullarını, əsasən, Gürcüstana, Türkiyəyə, Rusiyaya yönləndirirlər. Onun fikrincə, inzibati yollarla bu kapital axının qarşısını almaq mümkün deyil. Əsas məsələ ölkədə cəlbedici biznes-mühitinin yaradılmasıdır.

XS
SM
MD
LG