Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:31

'Qiymət artımını islahat kimi təqdim etməyə çalışırlar'-Media icmalı


Dükan
Dükan

Azərbaycanda inklüziv inkişaf, bahalaşmanın davam etməsi və qeyri-neft sektorundakı problemlər medianın aparıcı mövzularıdır...

Bahalaşma «sağlamlıq proqramı» kimi?

Azadliq.info saytında «Qiymət artımını sağlamlıq proqramı kimi təqdim edənlər» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkədə bahalaşma dayanmaq bilmir:

«Hökumətin qiymət artımı sərhəd tanımır. İşıq, qaz, su, benzin, ərzaq, çörək, demək olar ki, son bir ildə həyati əhəmiyyətli hər şeyə bahalaşma gəlib. Nəhayət, növbə siqaret və alkoqollu içkilərə də çatdı».

Müəllif xatırladıb ki, siqaret və alkoqollu içkilərin aksiz vergisi də iki dəfə artırılıb.

Yazıda vurğulanır ki rəsmilər bahalaşmaya haqq qazandırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar:

«Diqqət edirsinizsə, bu gün hökumətin muzdlu trol qrupları sosial şəbəkələrə tökülüşüb, qiymət artımını, az qala, islahat, hökumətin xalqa atalıq qayğısı kimi təqdim etməyə çalışır. İnsanda utanmaq deyə bir hiss olsun gərək, o olmayandan sonra bu bahalaşmanı hökumətin olmayan sağlamlıq proqramının tərkib hissəsi kimi də təqdim etmək olar».

Müəllif rəsmi statistik göstəricilərə istinadən bildirir ki, 2017-ci ildə 13 faiz civarında inflyasiya baş verib. Amma yazıda rəsmi rəqəmlərə bir qədər şübhə də bəslənir.

Yazıda vurğulanır ki, Azərbaycan əhalisinin qida təhlükəsizliyi heç də qorunmur. Müəllif hesab edir ki, əhalinin qida rasionunda meyvə-tərəvəz, dənli bitkilər, süd məhsulları azlıq təşkil edir:

«İndi özünüz araşdırın, görün ki, son bir ildə bu məhsulların qiymət artımı hara gedib çıxıb? Bəlkə, hökumət dəstəkçiləri bu məsələ ilə bağlı da «sağlamlıq resepti» tapacaqlar».

Büdcə. Karikatura
Büdcə. Karikatura

Xammal ölkəsi

«Novoye Vremya» qəzetində «İxrac yenilikləri» sərlövhəli yazı diqqət çəkir.

Yazıda vurğulanıb ki, xarici ticarət dövriyyəsində müsbət saldonun yaranması rəsmi Bakının öyündüyü məqamlardan biridir. Müəllifin fikrincə, rəsmilər uzun zaman neftin yüksək qiymətdə olması hesabına müsbət saldo ilə fəxr ediblər:

«Amma neftin qiyməti endikdən sonra durum ağırdır. Bizdə əhalinin ödəniş qabiliyyətinin aşağı olması üzündən idxal ixracı üstələməyib. Neftdən gələn gəlirlər azalır, bu da əhalinin gəlirlərinin azalmasına səbəb olur».

Yazıda bildirilir ki, qeyri-neft sektorunun inkişafı indi əsas prioritet təşkil edir:

«Burada da böyük problemlər var. Ölkədə hər hansı texnologiyanın olmadığı bir vaxtda pomidor, xurma və fındıqdan başqa nəsə ixrac etmək, hələ ki, alınmır. Bu məhsullar isə nefti əvəz edə bilmir. Hətta pambıq eyforiyası belə, kifayət qədər mal dövriyyəsinə səbəb ola bilmədi. 2017-ci ilin göstəricilərinə görə, qeyri-neft sektoru ölkəyə cəmi 1 milyard 500 milyon dollar gəlir gətirib, ixracda payı cəmi 11.1 faizdir».

Yazıda vurğulanır ki, indiki halda ixracda neftin payı yüksək olaraq qalır. Müəllif qeyd edib ki, hələlik neftin qiymətində nisbi artım var. Qiymətin yenidən yüksəlməsi ölkəyə gələn neft qazancını da artırıb.

Müəllif vurğulayıb ki, neft məhsullarının ixracında isə azalma var. Bu isə onun fikrincə, Azərbaycanın faktiki olaraq xammal ölkəsi olmasının göstəricisidir.

Yazda qeyd edilib ki, qeyri-neft sektorunda ciddi irəliləyiş yoxdur.

Dünya İqtisadi Forumu
Dünya İqtisadi Forumu

İqtisadi şaxələnmə...

«Azərbaycan» qəzetində «İqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar Azərbaycanın inklüziv inkişaf potensialını daha da artırıb» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında Azərbaycan mühüm yer tutur.

Yazıda daha sonra iqtisadçı Vüqar Bayramovun mövzu ilə bağlı fikirlərinə yer verilir. V.Bayramov deyib ki, Azərbaycanın həmin göstərici üzrə yüksək pillədə qərar tutması ölkədəki islahatlar və dayanıqlı iqtisadiyyatın inkişafı ilə bağlıdır:

«Bu bir daha təsdiq edir ki, Azərbaycanda inklüziv iqtisadiyyatın formalaşması ilə bağlı islahatlar təkcə yerli yox, həm də beynəlxalq hesabatlarda yer alır. İnklüziv iqtisadiyyat dayanıqlı inkişafın təmin edilməsi baxımından vacibdir».

İqtisadçı hesab edir ki, DİF-in inklüziv inkişaf indeksi dünyanın ən tanınmış indekslərindən sayılır:

«Azərbaycan nəinki MDB, eləcə də region ölkələri arasında ilk üçlüyə daxil olan yeganə ölkədir. Azərbaycan 4.69 balla 3-cü yerdə qərarlaşıb».

Yazıda bildirilir ki, orada 15 sahə və 3 əsas indikator üzrə qiymətləndirmə aparılıb.

İqtisadçının vurğulamasına görə, birinci meyar ölkələr üzrə adambaşına düşən ümumi daxili məhsul (ÜDM), əmək səmərəliliyi, orta ömür müddəti və məşğulluq səviyyəsi kimi inkişaf indikatorudur. Bu istiqamətlər üzrə Azərbaycan ən yüksək bal alan ölkələrdəndir.

V.Bayramovun deməsinə görə, ikinci inklüziv istiqamətdir ki, yoxsulluq səviyyəsi əsas indikator kimi götürülür. Azərbaycan bu istiqamət üzrə də yüksək bala malik ölkələr sırasındadır.

V.Bayramov vurğulayıb ki, üçüncü istiqamət dayanıqlılıqdır. Burada xalis qənaət, yığımlar, dövlət borcu və asılılıq indeksi ayrı-ayrı qiymətləndirilir.

İqtisadçı hesab edir ki, Azərbaycanda son illər neftdən asılılığın aradan qaldırılması, iqtisadi şaxələnmə ilə bağlı islahatlar ölkənin inklüziv inkişaf imkanları və potensialını daha da artırıb.

XS
SM
MD
LG