Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

'Kənd təsərrüfatı məhsulları istehsalı artır, ərzaq bahalaşır'-Media icmalı


Supermarket
Supermarket

1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan tarixində əhəmiyyəti, kənd təsərrüfatı məhsullarının istehsalının artmasına baxmayaraq, ərzağın bahalaşması və islahatlar medianın aparıcı mövzularıdır...

İnhisar

«Novoye Vremya» qəzetində «Uğurlu Azərbaycanda bu ayın maaşını o biri ayın maaşına necə çatdıraq?» sualı gündəmə daşınır.

Müəllif hesab edir ki, rəsmilər ölkədə iqtisadiyyatın inkişafından danışsalar da, bu özünü xalqın həyatında göstərmir.

Yazıda bildirilir ki, rəsmi statistik rəqəmlərə görə, 2017-ci ildə ümumi daxili məhsul (ÜDM), qeyri-neft sənayesi, kənd təsərrüfatı məhsulları istehsalında artım var:

«Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə yanaşı, ərzaq məhsullarının qiymətləri bahalaşır. Niyə? Bax, bu «niyə»si aydın deyil. Zahirən manat dollara nisbətdə sabitdir, ölkə ərzaq təhlükəsizliyinə nail ola bilib. Amma ölkədə toyuq yumurtası istehsalı 6.5 faiz artsa da, pərakəndə satışda bahalaşması təəccüb yaratmaya bilməz. Eyni zamanda, süd və süd məhsulları da bahalaşıb».

Yazıda daha sonra ekspertlərə istinadən bahalaşmanın səbəblərinə toxunulur:

«Müstəqil ekspertlərin fikrincə, ərzaq məhsullarının əsas bahalaşma səbəbi inhisardır. İş adamları buna görə məruz qaldıqları maliyyə itkilərini qiyməti bahalaşdırmaqla istehlakçıların hesabına ödəyirlər. Bunu inhisarın səviyyəsini və vergi ödəmələrini azaltmaqla tənzimləmək olar».

Yazıda vurğulanır ki, 2017-ci ildə inflyasiya əhalinin gəlirlərini 2 dəfə üstələyib. Ərzaq mallarının rəsmən 16.4 faiz bahalaşdığı bildirilir.

Hesabat. Karikatura
Hesabat. Karikatura

«Şedevr» islahatlar

Azadliq.info saytında «Normal olana anormal münasibət» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, hakimiyyət islahatın məzmunu hələ dərk edə bilmir:

«Azərbaycan hakimiyyəti «islahat» dedikdə, maaşı 3-4 manat artırmağı, nəticəsi olmayacaq sərəncam və fərmanlar verilməsini, qulağa xoş gələn fikirlər səsləndirməyi nəzərdə tutur. Bu mənada hakimiyyətin kadr islahatlarını da «şedevr» hesab etmək olar. Son günlər vergilər və təhsil nazirinin işdən çıxarılmasını da hökumət mətbuatı islahatlar kateqoriyasına aid edib».

Müəllif hesab edir ki, on illərlə hakimiyyətdə olan qüvvələr islahat aparmaq gücündə ola bilməz:

«Bir anlıq Avropaya və ya Gürcüstana baxaq. Hər həftə, hər ay, hər il hökumət dəyişir. Qonşu Gürcüstanda elə bir il yoxdur ki, hökumət dəyişməsin. Burada hər il bütün nazirləri dəyişirlər. Təkcə Gürcüstanda deyil, Avropada da belədir. Bu yaxınlarda Avstriyanın yeni baş naziri təyin edilib, amma bütün Vyana qaynayır. Ona görə də hökumət üzvlərindən kiminsə çıxarılıb, yerinə yenisinin təyin edilməsinə təəccüblə yanaşmaq lazım deyil».

Yazıda bildirilir ki, Azərbaycanda kadr dəyişikliyi Avropada baş verən proseslərin heç də tərkib hissəsi deyil. Müəllif fərqi belə izah edib:

«Birincisi, YAP hakimiyyətində, adətən, kadrlar işdən çıxarılmır, sadəcə olaraq bir vəzifədən başqa vəzifəyə keçirilir. Mənfi reputasiyalı icra başçısı, polis rəisi, nazir, komitə sədri başqa bir rayona, başqa bir vəzifəyə keçirilir və bu da «müsbət addım» olur. İkincisi, bu ölkədə vəzifəli xalqa, dövlətə yox, hökumətə xəyanətə görə işdən çıxarılır. Üçüncüsü, bu günə qədər YAP rejiminin heç bir məmuru «təmiz adam» adı qazana bilməyib. İstənilən vəzifəlinin var-dövləti 10 milyonlarla dollarla ölçülür. Yəni, bu ölkədə vəzifəyə xalqa xidmət etmək üçün deyil, cibləri doldurmaq üçün gəlirlər».

Müəllif vurğulayır ki, Azərbaycanda 25 ildir ki, hökumət dəyişmir, «gözdən pərdə asmaq» taktikası yürüdülür.

Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı

Müstəqilliyin dəyəri

«Azərbaycan» qəzetində «Şənbə gecəsinin faciəsi» sərlövhəli yazıda 1990-cı ilin 20 Yanvar faciəsində xalqın qəhrəmanlığı dəyərləndirilir.

Yazıda bildirilir ki, 20 Yanvar faciəsində həlak olanlar milli istiqlalın döyüşçüləridir:

«Bu mənada Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də azadlıq imtahanından keçirdi. Oğul, qız itkisi ağrı acıya səbəb olsa da, millətin sınmasına yox, azadlıq mübarizəsində daha da əzmlə dayanmasına səbəb oldu».

Müəllif hesab edir ki, xalqa yaşadılan məhrumiyyətlərə, çətinliklərə baxmayaraq, insanlar ruhdan düşməyiblər. Nəticədə xalq öz mübarizəsini qələbə ilə başa vurub.

Yazıda bildirilir ki, 20 Yanvar faciəsindən 28 il keçir, amma nə o günün itkiləri, nə o günün əzəməti, nə də günün qəhrəmanları unudulur.

Müəllif hesab edir ki, aparılan mübarizə Azərbaycanın milli istiqlalı naminə idi, həmin istiqlal var, amma indi onu daha da gücləndirmək lazımdır.

Yazıda vurğulanır ki, azadlıq bu xalqın sərvətidir, amma böyük itkilər hesabına əldə edilən bu müstəqilliyi qorumaq və gücləndirmək indi hamının vəzifəsidir.

XS
SM
MD
LG