Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:24

E. Məmmədyarov: ‘Görüşlər pozitiv şəkildə keçdi’ [yenilənib]


Krakov görüşü - 18 yanvar 2018

Məmmədyarov Nalbəndyanla təkbətək görüşüb

“Krakovda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saatda yaxın davam etdi”.

Bunu Krakov görüşünün nəticələri barədə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

O deyib ki, əvvəlcə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb:

“Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm”.

Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

Elmar Məmmədyarovun deməsinə görə, görüş əsnasında həmsədrlər münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüb.

“Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək, regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv, məntiqli danışıqlar davam etdirilməlidir”, – deyə E. Məmmədyarov vurğulayib.

Bu gün, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşüblər. Bunun ardınca da Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüş gerçəkləşib. Günün sonunda da E. Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə təkrar görüşüb.

* * *

Məmmədyarovun Nalbandyanla görüşü başlayıb

Bu saatlarda xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü başlayıb.

Görüş Polşanın Krakov şəhərində keçirilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və bu qurumun fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi də iştirak edir.

Xarici İşlər Nazirliyinin məlumatında vurğulanır ki, Azərbaycan substantiv və məntiqi danışıqlar yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyir.

E.Məmmədyarov Ermənistanın xarici işlər naziri E.Nalbandyan ilə görüşdən əvvəl ATƏT-in Minsk qrupu həmsədrləri və bu qurumun fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi ilə bir araya gəlmişdi.

* * *

Məmmədyarov həmsədrlərlə görüşür

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüş keçirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) bir araya gəlib.

Qarabağ münaqişəsinin müzakirəsinə həsr edilən bu görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Bu gün, yanvarın 18-də E.Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşü gözlənir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası. Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG