Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 02:46

Azərbaycan Bolqarıstana 1 milyard kubmetr qaz satacaq


İlham Əliyev və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov

Yanvarın 15-də Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan baş naziri Boyko Borisov mətbuata bəyanatlar veriblər.

AzərTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir:

“Biz siyasi sahədə fəal əməkdaşlıq edirik. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik”.

İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq:

“Biz bu gün cənab baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər.

Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaq. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada”.

Prezident deyib ki, humanitar sahədə də əməkdaşlıq dərinləşdirilir: “Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcəkdir”

“Daha odundan, kömürdən istifadə etməyəcəklər”

Sonra baş nazir Boyko Borisov bəyanatla çıxış edib.

O deyib ki, 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə Bolqarıstana çatdırılması məsələsi müzakirə edilib:

“Əgər hörmətli Azərbaycan prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik . Onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək”.

Baş nazir vurğulayıb ki, Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: “Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər, Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək. Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır”

Bolqarıstan baş nazir Boyko Borisov bu gün, yanvarın 15-də Azərbaycana gəlib. O, prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

* * *

Yanvarın 15-də Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AzərTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın baş naziri Boyko Borisov görüşdə çıxış etdilər.

Prezident İlham Əliyev deyib ki, iki ölkə arasında çox sıx dostluq münasibətləri qurulub:

“Biz bu gün artıq, həm siyasi, həm enerji sahələrində ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox vacib məsələlərini müzakirə etdik. Mən cənab baş naziri Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdim. Bu, sizin ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əlbəttə ki, bu gün həm də nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi, enerji siyasətinə dair vacib məsələləri müzakirə edəcəyik”.

Baş nazir Boyko Borisov isə deyib ki, prezident İlham Əliyevlə indiyədək razılaşdırılan bütün məsələlər həll edilib:

“Mən hesab edirəm ki, Bakı ilə Sofiya arasında açılan birbaşa aviareys ölkələrimiz arasında yaxın münasibətlərin, turizmin və işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Lakin bu iş artıq görülüb. Qarşımızda yeni vəzifələr durur”.

* * *

Buna da bax: Juncker Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyünü istəyir

Bolqarıstanın baş naziri Boyko Borisov bu gün, yanvarın 15-i Azərbaycana gəlib.

Qonağı hava limanında Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov qarşılayıb.

B.Borisov səfər çərçivəsində prezident İlham Əliyevlə görüşüb. Danışıqların mövzusunun energetika sahəsində əməkdaşlıq məsələləri olduğu bildirilir.

Prezidenti İlham Əliyev Boyko Borisovla əvvəlcə təkbətək görüşüb.

Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Ölkə başçısının mətbuat xidmətinin məlumatına görə, görüşlər zamanı ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

İkitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşlər başa çatdıqdan sonra İlham Əliyevlə Boyko Borisov mətbuata birgə bəyanat veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG