Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:24

'Bank sistemində böhran dərinləşə bilər' –Media icmalı


Əkrəm Həsənov
Əkrəm Həsənov

Ölkədə qeyri-neft sektorunun durumu, problemli kreditlərin artması və hakimiyyətin ABŞ-a ünvanlanan tənqidləri medianın aparıcı mövzularındandır...

Problemli kreditlər artır

«Exo» qəzetində «Problemli kreditlərin artması Azərbaycanın bank sektorunu kollaps (süst) halına gətirir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bank sektorunda vəziyyət ekspert Əkrəm Həsənovla müzakirə edilir.

«Bu müddət ərazində banklar iqtisadiyyatı kreditləşdirmək kimi əsas funksiyasını yerinə yetirə bilmədi. Odur ki, ölkənin bank sektorunda maliyyə sabitliyi hökumətin birinci dərəcəli məsələsi olmalıdır. 2017-ci ildə demək olar ki, biznes kreditsiz qaldı, istehlak kreditinin payı isə tarixi minimuma endi», - deyə Ə.Həsənov vurğulayıb.

Ekspert deyib ki, 2017-ci ildə bu sahədəki nəticələr Mərkəzi Bankın pul siyasətini yaxşılığa doğru aparmamasının əyani göstəricisidir. Onun fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatası isə (MBNP) öz işinin öhdəsindən gələ bilmir.

Ə.Həsənov hesab edir ki, 2017-ci ildə bankların birləşməsi məsələsində ciddi addımlar atılmalıydı:

«Bu sirr deyil ki, Azərbaycan bazarındakı bankların əksəriyyəti sağlamlaşdırmaya ehtiyac duyurlar. Odur ki, «ağir xəstə» olan banklar ya daha sağlam banklarla birləşməli, ya da bazarı tərk etməlidir. Amma bu baş vermədi».

Ə.Həsənov vurğulayıb ki, problemli kreditlər də bir tərəfdən artmaqdadır:

«Bu isə o deməkdir ki, 2018-ci ildə də bank sektorunun problemi çoxalacaq, banklar dərin böhrana daxil olacaqlar...».

Ə.Həsənov 2017-ci ildə bu sahədə görülən işlər sırasında manatın sabitləşməsini müsbət hal hesab edir. Amma qeyd edib ki, bu möhkəmlənmə tənzimləyicinin bazara süni müdaxiləsi nəticəsində mümkün olub.

Ölkədə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı bildirilir.

Novruz Məmmədov
Novruz Məmmədov

«Öz gözündə tir görməyənlər...»

Azadliq.info saytında «Novruz Məmmədovun təəccüblü təəccübü» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, YAP (Yeni Azərbaycan Partiyası) hakimiyyəti heç vaxt tənqidlərdən düzgün nəticə çıxarmayıb.

Müəllifin fikrincə, bir qayda olaraq, daxildə izahat istəyənlər şərlənərək həbs olunub, xarici tənqidlərə isə «erməni lobbisinin təsiri altında bizə təzyiq edirlər» və «Azərbaycana qarşı ikili standartlar tətbiq olunur» tipli münasibətlər sərgilənib.

Müəllif bildirir ki, hakimiyyət rəsmiləri tənqidlərə cavab olaraq Avropa və ABŞ-da mənfi hallar axtarırlar.

Yazıda Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan nümunə gətirilir. Onun Hollivud rejissoru Harvi Vaynşteynin ətrafında yaranan cinsi təcavüz qalmaqalı ilə bağlı yazısının üzərində dayanılır və oradan belə bir sitat gətirilir:

«Necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməyiblər. Ya nə üçünsə müdafiə etməmiş və hadisədən 20-30 il keçməsini gözləmişlər. Məgər bütün bunlarla bağlı cəmiyyətə, heç olmasa, bir izahat verməyə ehtiyac yoxdurmu?».

Müəllifə görə, N.Məmmədov ABŞ-a əxlaq dərsi keçməyə, insan hüquqlarını müdafiə etməyə, izahat istəməyə cəhd edir.

Yazıda vurğulanır ki, prezidentin köməkçisi Azərbaycanda baş verənlərə diqqət ayırsa, yaxşı olar:

«Siz 25 illik hakimiyyətiniz dövründə xalqa bir dəfə izahat verdinizmi? Ofşorlardakı milyardlara görə, dünyanın müxtəlif yerlərindəki bahalı villalara görə, mandat alverinə görə, kadrların cinayətkar fəaliyyətinə görə nə vaxt izahat verəcəksiz? Bugünə qədər məmurlar gəlirləri barədə məlumat vermirlərsə, qanunlar kağız parçasına çevrilibsə, hansı haqla başqalarından izahat vermələrini istəyirsiz? Bütün həyatını haqsızlıqla mübarizəyə həsr etmiş bir qadını şərləyərək həbs etmək daha dəhşətli təcavüz deyilmi?».

Biznes
Biznes

Sərmayə artdıqca, iş yerləri də artır

«Azərbaycan» qəzetində «Sərmayə qoyuluşu çoxaldıqca, iş yerləri də artır, istehsal da» sərlövhəli yazıda müəllif Kürdəmir rayonunda görülən işləri dəyərləndirir.

Müəllifə görə, bu bölgəyə son vaxtlar iş adamlarının marağı artıb:

«Bu, seçim imkanı genişliyi və iş görmək arzusu olanlara münbit şəraitin yaradılması ilə bağlıdır. 2017-ci ildə prezident İlham Əliyevin imzaladığı fərmanla publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılması mühüm əhəmiyyət kəsb edir».

Yazıda vurğulanır ki, 2017-ci ildə rayonda 4 min 27 ha sahədə pambıq əkilib, məhsul yığılması prosesinə 8 min nəfərdən çox şəxs cəlb edilib. Üstəlik, məhsul Kürdəmirdə yeni fəaliyyət göstərən məntəqəyə təhvil verilib:

«Orada 70-dən çox insan çalışır. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 876 hektar pambıq əkilib və ikinci məntəqə də tikilib. Orada 25 nəfərin məşğulluğu təmin edilib. Fərdi şəkildə pambıq əkənlər isə öz məhsullarını Kürdəmir pambıq zavoduna təhvil verirlər».

Müəllifə görə, 2018-ci il üzrə hədəf 5 min hektar sahədə pambıq əkininə nail olmaqdır və hazırda torpaqların şumlanması davam edir.

Yazıda xatırladılır ki, 2017-ci ildə ölkə rəhbərliyi yerli icra hakimiyyətləri qarşısında rayonlara investisiya yatırılması tapşırığı qoyub.

XS
SM
MD
LG