Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

'Neft bahalaşır, islahatlar unudulur'-Media icmalı


Neft. Karikatura
Neft. Karikatura

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Azərbaycan dövlətçilik tarixində yeri, Bakıda heykəllər və neftin qiymətinin bahalaşmasının islahatlara təsiri medianın aparıcı mövzularındandır...

Manatı gözləyən təhlükələr

«Novoye Vremya» qəzetində «Neft təmtərağı: «Fitch» ehtiyatlı olmağa çağırır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, bir tərəfdən manatın sabitliyi adamı sevindirir, digər tərəfdən isə bu müsbət meylin özünün də «sualtı qayalar»ı var:

«Mərkəzi Bankın elan etdiyi «üzən məzənnə» heç də üzən məzənnə deyil və daha dəqiq desək, yarımçıq sərbəstlikdir. Manatin məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bank valyuta müdaxiləsinə əl atır. Ona görə də valyuta və dünya bazarında istənilən təlatüm onun üçün qorxuludur».

Yazıda vurğulanır ki, manata həddən artıq müdaxilə nüfuzlu reytinq qurumlarının müşahidəsindən kənarda qalmayıb. Müəllif «Fitch» beynəlxalq reytinq təşkilatına daxil olan «BMI Research» tədqiqat şirkətinin Avropa ölkələri üzrə risk departamentinin rəhbəri Lukas duş Santuşdan belə sitat gətirir:

«Azərbaycan valyuta məzənnəsini yenidən fəal idarə edir. Belə addımlar iqtisadiyyatda zəruri struktur dəyişikliklərini əngəlləyir, valyuta ehtiyatlarının axması təxribatına səbəb olur. Götürülmüş siyasi xətdən geri çəkilmək onu göstərir ki, enerjidaşıyıcıların qiymətləri artdıqdan sonra ölkə öz köhnə metodlarına qayıtmaq istəyir».

Müəllifin fikrincə, görünür, hökumət və tənzimləyici neftin qiymətinin düşməsi nəticəsində iqtisadiyyatın kəskin kiçilməsi, manatın iki devalvasiyası, nağd dollar çatışmazlığı və bank sistemindəki böhrandan nəticə çıxarmayıb. Ona görə də köhnə əməllərinə qayıtmaq istəyirlər.

Yazıda vurğulanır ki, neftin qiyməti yüksələndə, məmurlar islahat işini bir kənara qoyurlar.

Bəhram Bağırzadə
Bəhram Bağırzadə

Bəhram Bağırzadə: «İstəyirəm ki...»

«Exo» qəzetində «Bu abidələr müstəqil Azərbaycana lazımdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Bəhram Bağırzadə Bakıda abidələrini görmək istədiyi şəxsiyyətlərin adlarını çəkir.

«İlk növbədə müstəqil Azərbaycanın paytaxtında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin olmasını çox istəyirəm. Siyasi xadim, tarixçi, redaktor, jurnalist, ədəbiyyatçı yazıçı, tərcüməçi! Amma ən böyük xidməti siyasi fəaliyyətidir», - deyə B.Bağırzadə vurğulayıb.

Yazıda M.Ə.Rəsulzadənin fəaliyyəti çox yüksək dəyərləndirilir: «Müsavat Partiyasının təşkili, «Açıq söz» qəzetini yaranması, illərlə xalq azadlığı uğrunda mübarizə, Demokratik Azərbaycan Respublikasının qurulması onun xidmətidir».

Müəllif tarixi şəxsiyyət və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin də abidəsini görmək istədiyini yazır. B.Bağırzadə hesab edir ki, H.Z.Tağıyevin də Azərbaycan xalqı qarşısında xidmətləri onun heykəlinin ucaldılmasını zəruri edir.

Yazıda vurğulanır ki, belə tarixi şəxslərdən biri də mərhum cazmen Vaqif Mustafayevdir. B.Bağırzadə yazır ki, o, bütün dünyaya Azərbaycan cazını təqdim edib.

Müəllif daha sonra rəssam Səttar Bəhlulzadənin, aktrisa Nəsibə xanım Zeynalovanın, ABŞ-da yaşamış, 2017-ci ildə vəfat edən alim Lütfi Zadənin və bəstəkar Üzeyir Hacıbəylinin də adlarını çəkir.

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

Müstəqil dövlətçiliyin təməl daşı-Cümhuriyyət

«Azərbaycan» qəzetində «Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın gələcək müstəqilliyi üçün zəmin hazırladı» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, bu il mayın 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 100-cü ili tamam olacaq.

Müəllif xatırladır ki, prezident İlham Əliyev hələ 2017-ci il mayın 16-da «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» sərəncam imzalayıb. 100 illik yubileyin bu il dövlət səviyyəsində geniş qeyd edilməsi nəzərdə tutulur.

Yazıda həmçinin vurğulanır ki, Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında isə dövlət başçısı İ.Əliyev 2018-ci ili ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edib:

«Artıq iki gündür bu məsələ ölkə ictimaiyyətinin və mediasının əsas müzakirə mövzularından biridir. Böyükdən-kiçiyə hər kəs bu sərəncamı ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirir».

Müəllifə görə, İ.Əliyevin ötən 14 illik fəaliyyətində diqqət çəkən məqamlardan biri də dövlətçilik tarixinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır:

«Bakıda «İstiqlal» abidəsinin ucaldılması, hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir».

XS
SM
MD
LG