Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:23

Masallı sakininin özünü yandırdığı deyilir


Foto illüstrasiya

Masallı rayonu Şərəfə kənd sakini Raquf Zeynalovun yanvarın 9-da özünü yandırdığı bildirilir. Amma hadisənin səbəbi və yeri ilə bağlı fərqli fikirlər səslənir.

Bəzi rayon sakinlərinin bildirməsinə görə, o özünü məhkəmə binasının önündə yandırmağa cəhd edib. Başqa bir sakin isə hadisənin polis şöbəsinin önündə baş verdiyini iddia edir.

Masallı Rayon Məhkəməsindən hadisənin onların binalarının önündə baş verdiyini təsdiq etməyiblər. Onlar hadisənin başqa yerdə baş verdiyini vurğulayıblar.

Masallı Rayon Polis Şöbəsindən isə bu barədə hər hansı informasiya verə bilməyəcəklərini söyləyiblər.

Rayon sakinlərinin dediyinə görə, R.Zeynalov günün ikinci yarısı intihara cəhd edib. Hətta onu söndürmək istəyən bir-iki şəxsin də xəsarət aldığı bildirilir.

Bəzi rayon sakinlərinin iddiasına görə, R.Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyindən məhkəmə vasitəsilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalovun buna etiraz etdiyi söylənir. Amma başqa bir sakin də vurğulayıb ki, cərimə heç də bank borcu ilə bağlı deyil. Onun oğurluqda ittiham edildiyi bildirilir.

R.Zeynalovun yaxınları ilə əlaqə qurmaq mümkün olmadığından, hələlik, bu deyilənlərə onlardan münasibət alınmayıb.

Polis və məhkəmə isə detalları açıqlamadığından məsələyə tam aydınlıq gətirmək baş tutmayıb.

Verilən məlumata görə, R. Zeynalova Masallı Rayon Xəstəxanasında yardım göstərildikdən sonra Bakıya göndərilib.

R.Zeynalovun hazırda müalicə aldığı 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsindən isə bildiriblər ki, o, reanimasiyadadır. Amma həkimlər xəstənin durumu ilə bağlı konkret açıqlama verməyiblər.

Masalli Rayon Prokurorluğundan isə bildiriblər ki, yanvarın 9-da Şərəfə kənd sakini R.Zeynalovun özünü yandırması faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG