Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

'Azərbaycanda bir turistin xərci Gürcüstanda iki turistin xərcinə bərabərdir'-Media icmalı


Turistlər
Turistlər

Aqrar sektorda görülən işlər, manatın ölkə iqtisadiyyatında rolu və turizmə görə Azərbaycanla Gürcüstanın müqayisəsi medianın aparıcı mövzularındandır...

«Aldım qoz, satdım qoz, mənə qaldı...»

Azadliq.info saytında «Aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib. O, Azərbaycan və Gürcüstan turizmi arasında paralellər aparıb.

Yazıda bildirilir ki, Azərbaycan turizmində bahalıq hökm sürür. Azərbaycana gələn bir turistin xərci Gürcüstana gedən iki turistin xərcinə bərabərdir.

Q.İbadoğlu vurğulayıb ki, 2017-ci ildə Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb, 2.5 milyon nəfəri ötüb. Amma iqtisadçı xatırladıb ki, bu halda belə bu rəqəm Gürcüstanın uyğun göstəricisindən üç dəfə azdır:

«Gürcüstanı 2017-ci ildə 7 milyon 554 min 936 turist ziyarət edib. Bu da 2016-cı ilin göstəricisindən 18.8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur – 1 milyon 718 min 16 nəfər.

Reytinqdə ikinci yeri Azərbaycan vətəndaşları – 1 milyon 694 min 998 nəfər, üçüncü yeri rusiyalı turistlər – 1 milyon 392 min 610 nəfər tutur. Gürcüstan ötən il xarici turizmdən 2.2 mlrd. dollar, Azərbaycan isə 1.3 mlrd. dollar qazanıb».

Q.İbadoğlu diqqəti Azərbaycana və Gürcüstana gələn turistlərin xərclərinə yönəldib. O, vurğulayıb ki, Gürcüstana gələn hər turist orta hesabla 291.2 dollar, Azərbaycana gələn hər turist isə 524.6 dollar məsrəf edib:​ «Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir...».

Q.İbadoğlu hesab edir ki, elə bu səbəb üzündən 2017-ci ildə 1 milyon 694 min 998 nəfər Azərbaycan vətəndaşı dincəlmək və gəzməkdən ötrü Gürcüstanı seçib. Bütünlükdə isə onların xaricdə 1.2 mlrd. dollar xərclədiyi bildirilir.

Ekspertin bildirməsinə görə, 2017-ci ildə Azərbaycanın turizm gəlirləri isə 1.3 milyard dollar olub. O, bu vəziyyəti «aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı» el misalı ilə dəyərləndirir.

Dollar
Dollar

«Sıxılan manat»

«Exo» qəzetində «Bir dəfə iqtisadiyyat və valyuta bazarı davam gətirməyəcək, manat «batacaq»» sərlövhəli yazı dərc edilib.

Müəllif 2018-ci ildə manatın və ölkənin valyuta bazarının imkanlarını ekspert Əkrəm Həsənovla təhlil edib.

«2018-ci ildə Mərkəzi Bank manat kütləsini zaman-zaman «sıxacaq». Bununla da manatın dəyərini süni olaraq qaldıracaq. Amma bir dəfə iqtisadiyyat və valyuta bazarı buna davam gətirməyəcək və manat «batacaq»», - deyə Ə.Həsənov vurğulayıb.

Ekspert deyib ki, son dövrlər Azərbaycanda istər bankların, istərsə də əhalinin xarici valyutaya tələbatı azalıb və bu proses davam edir. Onun fikrincə, 2017-ci ilin sonunda tələbat bir qədər artsa da, bu, mövsüm ilə bağlı olub:

«Qonşu ölkələrdə bu meylin səbəbi valyutanın baha olmasıdır, bizdə isə tamam başqa səhnədir. Valyuta bazarında dollar və avro almaq üçün kifayət qədər manat yoxdur. Son üç ildə tənzimləyici (Mərkəzi Bank) manat bazasının dövriyyəsini azaldıb. Bundan əlavə, Mərkəzi Bank kommersiya kredit təşkilatlarına kredit verməyə son qoyub».

Ekspertin bildirməsinə görə, son hərraclar göstərir ki, banklar sərbəst manatlarını Mərkəzi Banka qoymağa maraqlı deyillər. O hesab edir ki, manat iqtisadiyyatı pul vəsaiti ilə təmin etmək kimi funksiyasını qətiyyən yerinə yetirmir.

Müəllif sonda da xatırladıb ki, Mərkəzi Bank depozit hərraclarına 2016-cı ilin yayından başlayıb. Bu hərraclarda Mərkəzi Bank kommersiya banklarının depozitlərini cəlb edir. Müəllifə görə, bunun da əsas məqsədi manatın dövriyyədən çıxarılmasıdır.

Şəmkirdə aqropark
Şəmkirdə aqropark

«Aqrar sektorun inkişafı»

«Azərbaycan» qəzetində isə «Aqrar sektorda yeni mərhələ başlanır» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına gedən yol asan olmayıb və son 14 ildə ( prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr) bu sahənin inkişafını şərtləndirən çoxsaylı sərəncamlar, fərmanlar imzalanıb:

«Bu baxımdan aqrar sektordakı indiki uğurlar gərgin əmək və həyata keçirilən düzgün siyasət sayəsində əldə edilib. Ölkəmiz artıq nəinki bir çox strateji məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də kənd təsərrüfatı məhsulları ixrac edir».

Müəllif vurğulayıb ki, aqrar məhsul istehsalçıları torpaq vergisi xaric, bütün növ vergilərdən azad ediliblər. Yanacaq, sürtgü yağları, gübrə, toxum və damazlıq heyvanlara görə subsidiyalar verilir.

Yazıda iddia edilir ki, təsərrüfatların fəaliyyəti nəticəsində istehlak bazarı sabitləşib, ixrac potensialı artıb, idxaldan asılılıq azalıb, ərzaq təhlükəsizliyi möhkəmlənib.

Müəllif bu sahədə aqroparkların yaradılmasını mütərəqqi üsullardan biri kimi dəyərləndirir və fikrini dövlət başçısı İlham Əliyevdən sitat gətirməklə əsaslandırmaq istəyir:

«Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət alıb. Bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır, özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq».

XS
SM
MD
LG