Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:24

İran etirazlarından kim güclü çıxdı


Tehranda etirazçı qadın, 30 dekabr, 2018-ci il
Tehranda etirazçı qadın, 30 dekabr, 2018-ci il

İranda antihökumət etirazları səngisə də, iqtisadi problemlərdən dolayı qəzəb qalmaqdadır. Onlarla şəhərdə etirazlar göstərdi ki, ictimaiyyətin bir sektoru ölkədəki ruhani sisteminin getməsini açıq tələb etməyə hazırdır. Bu kəsim təkcə iqtisadiyyatdan deyil, İranın xarici müharibələrdə iştirakından və ümumi istiqamətindən də məyusdur. Bunu “The Associated Press” agentliyi yazır.

Bu hiss təkcə küçələrə çıxanlarda deyil. Axı bu dəfə etirazçılar narazılığı məhdud şəkildə ifadə etdilər. Təqib qorxusu bəzilərinin etirazlara qatılmasını önlədi... İnsanların həyat tərzi dəyişmədikcə, iqtisadiyyatla bağlı itaətsizlik daha da güclənəcək. Görünür, İslam Respublikasına ən böyük problemi bu yaradacaq”, – təhlildə vurğulanır.

ROUHANİ SUBSİDİYALARI KƏSDİ VƏ...

Əmanətçilərə gəlirlər vəd edən Caspian Credit İnstitutunun ötənilki iflası İranda çoxunu iqtisadi çətinliklə qarşı-qarşıya gətirdi. Təqaüdlə dolana bilməyən pensiyaçılar Tehran küçələrində taksi sürür. Universitet məzunlarının öz ixtisası üzrə iş tapmaq ümidləri çox azdır, bəzilərisə dolanmaqdan ötrü ikinci, hətta üçüncü işə də gedir.

*** Buna da bax: Murtaza Muradpur: 'Son etirazların İran hakimiyyətini islahata vadar edəcək gücdə olduğunu düşünmürəm'

Banklar kreditləri toplaya bilmir, bu xəbərdarlığı Beynəlxalq Valyuta Fondu da bir neçə dəfə edib. Bəzi banklarsa inqilab Keşikçiləri Qvardiyasının qaranlıq maliyyəsinin girdabına batıb. Bu qvardiya ümumi iqtisadiyyatın üçdə birinə nəzarət edir.

İnflyasiya yenə ikirəqəmli səviyyəyə qalxıb. Hassan Rouhani prezidentliyinin ilkin dövründə inflyasiyanı cilovlaya bilmişdi. Amma o, sərt xətt tərəfdarı olan sələfi Mahmoud Ahmadinejad-ın verdiyi bəzi subsidiyaları kəsdi. Həmin subsidiyalardan əyalətlərdəki yoxsul kənd əhalisi faydalanırdı. Deyəsən, elə son etirazlarda küçələrə çıxanlar da daha çox onlar idi, əvvəlcə ərzağın bahalanmasına etiraz edirdilər...

ETİRAZLARIN FAYDASI

Görünür, hökumət əyalətlərdəki qəzəbi yatırtmaqdan ötrü ya ərzaq qiymətlərini subsidiyalaşdıracaq, ya da nağd pul ayırmalı olacaq, amma bu da nəyi dəyişə biləcək, bilinmir. Ancaq itaətsizliyin bir faydası oldu: qlobal neft qiymətləri bir barrelə görə 60 dolları keçdi, bu valyuta OPEC üzvü İrana çox gərəkdir”, – müəllif Jon Gambrell yazır.

Təhlildə qeyd olunur ki, son günlərin iqtisadi narazılığı Ahmadinejad tipli sərt xətt tərəfdarı olan populistin yüksəlməsiylə sonuclana bilər, əlbəttə ki, əgər İranın ruhani rəhbərliyi oxşar namizədə səhnəyə çıxmağa imkan verərsə.

*** Buna da bax: Həbsdə olan gəncin ölümü narahatlıq doğurur

İndilik etirazlardan kimin güclü çıxdığını söyləmək çətindir – Rouhani-mi, yoxsa onun sərt xəttə tərəfdarı olan opponentlərimi. Hər biri iqtisadiyyatdan narazılığı digərinin üzərinə yönəltməyə çalışdı. Etirazlardan bir neçə həftə öncə Rouhani açıq şəkildə şikayətlənirdi ki, hökumət büdcəsinin böyük hissəsi dini qurumlara gedir. Həmin qurumlar mühafizəkarların güc bazası sayılır. Digər tərəfdən, geniş yayılmış fikir budur ki, mühafizəkarlar Rouhani-yə problem yaratmaqdan ötrü etirazları qızışdırıblar, sonradan özlərinə qarşı çevrilib”, – yazıda vurğulanır.

Müəllif qeyd edir ki, etirazlar İslam Respublikasının sonunu görmək istəyən əcnəbilərdə tələsik bir ümid oyatmışdı: “Amma indilik, bu baş verməyəcək. Əvəzində, İranın hakim sistemini proqnozlaşdırılması çətin iqtisadi problemlərlə mübarizə istəyən bir gələcək gözləyir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG