Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:25

'Banklar problemli kreditlərin həcmini az göstərirlər'- Media icmalı


Çirkli pullar
Çirkli pullar

Ölkədə siyasi islahatlar, bank sistemində problemlər və maliyyə bazarına nəzarət medianın aparıcı mövzularındandır...

Maliyyə bazarına necə nəzarət edilir

Azadliq.info saytında «Maliyyənin məhv edilməsinə nəzarət» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, hökumət saytlarında «Maliyyə Bazarlarına Nəzarət Palatası sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısını yeniləyib» başlıqlı xəbər yer alıb.

Müəllif vurğulayır ki, Palata BMT Təhlükəsizlik Şurasının Sanksiya Komitəsinin 2017-ci il dekabrın 26-da verdiyi qərara uyğun olaraq, sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısını yeniləyib. Siyahıya bir nəfər – Seyfulla bin Ömər bin Mühəmməd bin Həssin adı əlavə olunub.

Yazıda bu məsələdən çıxış edərək belə bir sual gündəmə daşınır - Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə fırıldağı ilə məşğul olan vəzifəliləri niyə «qara siyahı»ya salmır? Müəllif hesab edir ki, əgər bu qurumun missiyası maliyyə bazarına nəzarəti həyata keçirməkdirsə, büdcəni bazara çevirənlər də ortaya çıxarılmalıdır:

«Azərbaycanla bağlı 2.9 milyardlıq korrupsiya faktı ortaya çıxdı və beynəlxalq mətbuatın gündəmi oldu. Yaxud ofşorlarda maliyyə fırtınası yaradanlar, avropalı deputatlara rüşvət verənlər, «Panama sənədləri»ndə boy göstərənlər oldu. Amma Maliyyə Bazarına Nəzarət Palatasının tükü də tərpənmədi».

Müəllif vurğulayıb ki, ölkədə maaşı 1500- 2000 manat olan məmurların sərvətləri milyardlarla ölçülür. Amma rəsmi qurumlar onlarla bağlı ölçü götürmürlər.

Yazı müəllifinə görə, Seyfulla bin Öməri sanksiya siyahısına salanlar yerli yüksəkvəzifəli məmurların milyardları talan etmələrini yəqin ki, təbii hal kimi qiymətləndirirlər.

Əkrəm Həsənov
Əkrəm Həsənov

«Daha 10 bankı təlatümlər gözləyir»

«Exo» qəzetində «Azərbaycanda «ağır xəstə olan» bankların sayı 2018-ci ildə daha da artacaq» sərlövhəli yazı dərc edilib.

Müəllif tövsiyələrə baxmayaraq, 2017-ci ildə bankların birləşə bilməmələrinin səbəblərini və bu sahədəki vəziyyəti ekspert Əkrəm Həsənovla təhlil edib. Ə.Həsənov qəzetə deyib ki, bu sahədə vəziyyət son dərəcə ağırdır:

«Bankların konsolidasiyasının (birləşməsi) guya onların vəziyyətinin yaxşılaşması üzündən baş vermədiyi haqda düşüncələr əsassızdır. 2017-ci ildə təkcə «Caspian Development Bank» «Atabank»la birləşə bildi. Bu da ona görə baş tutdu ki, bu bankların sahibi eyni şəxsdir. Odur ki, burada hansısa birləşmə prosesindən danışmaq mümkün deyil».

Ekspert deyib ki, iki problemli bank birləşmək istəyirsə, burada söz sahibləri birləşmə şərtlərini, problemli kreditləri və əmanət axını məsələlərini müzakirə edirlər. Bu isə onun düşüncəsinə görə, sadə proses deyil:

«Bizim problemlər o qədər dərindir ki, bankların birləşməsi belə, ölkənin bank sektorunun problemlərini həll etmir. İkinci, banklar maliyyə məsələləri üzündən birləşə bilmirlər. Tutaq ki, bir bankın kredit portfeli 500 milyon manatdır, 200 milyon manatlıq da problemli krediti var. İkinci bankın isə kredit portfeli 300 milyon manat, problemli krediti isə 100 milyon manatdır. Burada artıq üçüncü tərəfin köməyi lazımdır, kim kömək etməlidir? Dövlət, ya Mərkəzi Bank? Özü də bu kömək uzunmüddətli, aşağı faizlə olmalıdır. Bu kömək olmadığı üçün məsələ həllini tapmır».

Ə.Həsənov vurğulayıb ki, birləşməyə mane olan daha bir səbəb ölkə banklarının təqdim etdikləri maliyyə hesabatlarına etimadsızlıqdır:

«Banklar bilərəkdən problemli kreditlərin real həcmini az göstərirlər, balans hesabları təhrif edilir. Banklardakı maliyyə fırıldaqları gizlədilir. Birləşmə zamanı isə bütün bunlar üzə çıxacağı üçün birləşmə baş tutmur».

Ə.Həsənov deyib ki, hazırda 31 bankdan 10-u ağır durumdadır, onlar ya birləşməli, ya da ən yaxşısı bazardan getməlidirlər.

Ekspert hesab edir ki, bu il «ağır xəstə banklar»ın sayı arta da bilər.

Azərbaycanda ötən il 1, 2016-cı ildə isə 11 bank bağlanıb. Rəsmi məlumata görə, ölkədə problemli kreditlər 1.8 milyard manatı keçib.

İlham Əliyev
İlham Əliyev

Siyasi iradə

«Azərbaycan» qəzetində isə «Azərbaycanda aparılan dərin islahatlar dövlət başçısının siyasi iradəsindən qaynaqlanır» sərlövhəli yazı yer alır.

Yazıda iddia edilir ki, 2017-ci il Azərbaycanın tarixinə dərin islahatlar ili kimi daxil olub. Müəllifə görə, Azərbaycanın «Doing Business 2018» hesabatında 8 pillə irəliləməsi, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi tanınması prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsidir:

«Demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəlmiş strateji siyasi kursun davam etdirilməsi təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da rəğbətlə qarşılanır».

Müəllif hesab edir ki, dövlət başçısı İ.Əliyevin 2017-ci ildə imzaladığı «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tətbiqinin genişləndirilməsi haqqında» Sərəncam onun humanist siyasətindən irəli gəlir:

«Sənədin məqsədi cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılmasıdır. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasıdır».

Yazıda bu sərəncam MDB məkanında ilk belə sənəd adlandırır. Müəllifin düşüncəsinə görə, yeni islahatlar zamanı digər ölkələr də Azərbaycan təcrübəsindən yararlanacaqlar.

XS
SM
MD
LG