Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

'Avtomobillər 1500-5000 manat arasında bahalaşa bilər'-Media icmalı


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Ölkədə gənclərlə bağlı siyasət, hakimiyyət-xalq münasibətləri və bəzi avtomobillər üzrə gömrük idxal rüsumunun artırılmasının bazara mümkün təsirləri medianın aparıcı mövzularındandır...

«Vəzifədəyiksə, niyə kasıb olmalıyıq düşüncəsiylə...»

azadliq.info saytında «Vətəndaşı, cəmiyyəti hiss etməyən hakimiyyət» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, əslındə vətəndaşların seçki yolu ilə prezident seçməsi siyasi proseslərin bir tərəfidir. Müəllifin fikrincə, digər tamamlanan tərəfi isə hakimiyyətin seçkidən sonra vətəndaş seçimidir:

«Yəni bu, hakimiyyətin idarəçilikdə vətəndaşı siyasi baxımdan hara qədər görmək, onun hüquq və azadlıqlarını hansı həddə qədər genişləndirmək niyyətindən ibarətdir».

Yazıda vurğulanır ki, ölkə Konstitusiyasının hər bir maddəsi hüquqi, siyasi, iqtisadi və digər baxımdan Azərbaycanın imkanlarının genişlənməsində bir stimuldur. Müəllif hesab edir ki, amma Konstitusiya xalqdan ayrı saxlanıb, idarəçilikdə əhəmiyyətsiz bir hissəyə çevrilib:

«Axı siz necə siyasi baxımdan uzunömürlü ola bilərsiniz? Axı siz hakimiyyətə gələn kimi özünüzü xalqdan ayırdınız. Varlanmağı, daha çox pul sahibi olmağınızı ağılın göstəricisi bildiniz. Əgər biz ağıllıyıqsa, Azərbaycan xalqı niyə kasıbdır düşüncəsiylə yox, vəzifədəyiksə, niyə kasıb olmalıyıq düşüncəsiylə yaşadınız. Şəxsi xoşbəxtliyinizi axtardınız, çünki, dediyim kimi, ümumi xoşbəxtlik barəsində təsəvvürünüz yox idi».

Maşın bazarında "bərkgedən" avtomobillər
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

«Avtomobillər bahalaşacaq»

«Yeni Müsavat» qəzetində «Maşın bazarında kəskin bahalaşma gözlənilir» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif xatırladır ki, 2017-ci ilin sonlarında Nazirlər Kabineti ölkəyə idxal olunacaq bəzi avtomobillərlə bağlı gömrük rüsumunun artırılması barədə qərar qəbul edib. Həmin qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Yazıda vurğulanır ki, yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobillərindən ötrü rüsum hər kubsantimetrə görə 0.70 dollar təşkil edəcək. İstismar olunmuş avtomobillər üzrə isə bu, 1.2 dollar müəyyən edilib. Bundan öncə, bu rüsumlar müvafiq olaraq 0.40 və 0.70 dollar olub.

İqtisadçı-ekspert Natiq Cəfərli baş verənləri belə dəyərləndirib:

«Azərbaycana ən çox gətirilən mühərrik həcmi 1.6 kubmetrdən yüksək olan avtomobillərdir. Bu qərar onların hamısının qiymət artımına səbəb olacaq. Həm yeni, həm də köhnə avtomobillər bahalaşacaq. Gömrük rüsumlarında təxminən 80 faizə yaxın artım müşahidə olunur. Bu, qiymətlərin 1500-5000 manat arasında yüksəlməsinə gətirib çıxaracaq».

Amma ekspert xatırladıb ki, Azərbaycanda maraqlı bir şərait yaranıb. Qiymətlər arsa da, alıcılıq azdır, müştəri qıtlığı var.

Ekspertin fikrincə, bank kreditlərinin məhdudlaşdırılmasından və şərtlər çətinləşdikdən sonra avtomobil bazarında durğunluq müşahidə olunur:

«Odur ki, bu qiymət artımı avtomobil bazarına daha ciddi zərbə olacaq. Yəni, qiymətlər qalxsa da, alıcı qıtlığı olacaq. Nə qədər ki, banklar normal fəaliyyətə başlamayıb, avtomobil kreditləri verilmir, o zamana qədər bazarda alıcı az olacaq».

N.Cəfərli hökumətin qərarını yanlış sayır. İqtisadçı vurğulayıb ki, Azərbaycan avtomobil istehsalçısı deyil. N.Cəfərlinin fikrincə, köhnə avtomobillərin gömrük rüsumu qalxsa da, yeni avtomobillərin rüsumunu aşağı salmaq lazım idi.

Ekspert deyib ki, hökumətin əsas məqsədi rüsumları artırmaqla ölkəyə əlavə vəsait cəlb etmək idi. Amma onun deməsinə görə, ölkəyə gətirilən maşınların sayı azalacaq və gömrük rüsumları vasitəsilə büdcəyə daxilolmaların həcmi də aşağı düşəcək.

Azərbaycan gənci hansı idealın arxasınca getməlidir?
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Gənclər siyasəti

«Azərbaycan» qəzetində «Məqsəd aydın, görüləcək işlər bəlli» sərlövhəli yazıda ölkədə gənclərlə bağlı siyasət dəyərləndirilir.

Müəllif yazır ki, soy-kökünə bağlı, milli-mənəvi dəyərləri qoruyan, müasir dövrün tələblərinə cavab verən, sağlam və savadlı gənclik millətin, dövlətin ən böyük sərvətidir:

«Ona görə də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyasıdır. Bu mənada prezidentin «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramını təsdiq etməsi ölkədə gənclər siyasətinin aparılması istiqamətində atılan növbəti mühüm addım oldu. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən hazırlanan Dövlət Proqramında gənclər sahəsində əsas istiqamətlər müəyyənləşdirildi».

Yazıda vurğulanır ki, sənədin məqsədi bütün sahələrdə gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, təhsil, məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməkdir.

Müəllif hesab edir ki, gənclik daimi inkişafdadır və bu inkişaf onların simasında mənsub olduqları millətə, dövlətə, hətta bütövlükdə bəşəriyyətə təsir edir:

«Ona görə də dövlət proqramında gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirlərin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiq edilməsi nəzərdə tutulub».

XS
SM
MD
LG